BolgeXeber.Com » Analitika » Təzə nazirin adından pul yığımı...

Təzə nazirin adından pul yığımı...

29-05-2013, 07:45
Oxunub: 6 398 İlyar Vahabovun özəl universitetlərdən yeni nazirin adından pul yığmasına dair məlumatlar var

Misir Mərdanovu əvəzləyən yeni təhsil naziri Mikayıl Cabbarovun bəzi işçiləri işdən çıxardığı məlumdur. Nazirin belə bir addım atmasını müxtəlif cür şərh edən müşahidəçilər qeyd edirlər ki, bu təhsil sektorunda yeniliklərin göstəricisi ola bilər.

Amma bütün bunlara rəğmən, gələn başqa xəbərlər isə vəziyyətin tamamilə fərqli olduğunu deməyə əsas verir. Daxil olan məlumata görə, Təhsil Nazirliyində özəl universitetlərlə işləyən şöbənin müdiri İlyar Vahabov Mikayıl Cabbarovun adından pul yığmağa başlayıb. Məlumatlı mənbənin iddiasına görə, özəl universitetləri kurasiya edən şöbəyə başçılıq edən Vahabov ötən günlərdən etibarən qeyd olunan təhsil ocaqlarının rəhbərlərinə ismarıc göndərərək, onlardan müəyyən məbləğdə pul yığaraq, göndərmələrini tələb edib. Məlumatda deyilir ki, şöbə müdiri bu yığımın birbaşa nazir Mikayıl Cabbarovun tələbi ilə həyata keçirildiyini bildirib və hər hansı bir güzəştə yer olmadığını deyib.

Mənbənin dediyinə görə, bunun qarşılığı olaraq həmin özəl universitetlərin rəhbərlərinə bəzi təminatlar da verilib. Belə ki, əvvəlki illərdə olduğu kimi, bundan sonra da özəl universitetlərdə baş verən neqativ hallara və qanunsuzluqlara göz yumulacaq və ört-basdır ediləcək. Eyni zamanda, müəyyən sənədləşdirmə işlərinin də İlyar Vahabovun şöbəsi tərəfindən aparılacağı vəd olunub.

Məlumatlarda o da vurğulanır ki, uzun illərdən bəri özəl universitetlərə nəzarət edan İlyar Vahabov onlarla öz bildiyi şəkildə işləyib. Bu illər ərzində əsas işi prosesi tənzimələmək yox, məhz pul yığmaqdan ibarət olan şöbə müdiri yeni nazirlə də eyni qaydalar çərçivəsində işləməyi üstün tutub. Amma onun yeni nazirin adından pul yığmasının isə böyük sıxıntılar yaradacağı istisna edilmir. Tia.az -a verilən məlumatlarda qeyd olunur ki, bu məsələnin üzəri açılarsa, nələrin baş verəcəyi məlum deyil. Amma bu xəbərlərdən sonra Mikayıl Cabbarovun hər hansı bir tədbir görməməsi onun da haqqında mənfi fikrin formalaşmasına gətirib çıxaracaq. Daha doğrusu, onun da Misir Mərdanov kimi nazir olmaqda məqsədinin yalnız pul qazanmaq olacağı düşüncəsi cəmiyyətə hakim kəsiləcək.

Qaraşı tərəfin mövqeyini dərc etməyə hazırıq.