BolgeXeber.Com » Analitika » General-leytenanta qarşı 700 min manatlıq ittiham

General-leytenanta qarşı 700 min manatlıq ittiham

27-06-2013, 13:55
Oxunub: 4 938 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun Namiq adlı sürücüsünün həbs olunması barədə xəbər vermişdik. Məlumatı olmayanlar üçün bir daha xatırladaq ki, xidmət rəisinin sürücüsü SHXÇDX-də yüksək vəzifələrdə işə düzəltmək adı ilə ayrı-ayrı vətəndaşlardan ümumilikdə 500 min manatdan artıq pul alaraq sonradan onların pullarını mənimsəyib.


O, birindən 100 min manat, digərindən 200 min manat, başqasından 50 min, ümumilikdə isə 500 min manat pul götürərək onları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yüksək vəzifələrə işə düzəldəcəyinə dair söz verib. Lakin sonradan məlum olub ki, generalın sürücüsü həmin pulları özünə götürüb, söz verdiyi şəxsləri də aldadıb. Hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsindən sonra isə sürücü barəsində cinayət işi açılıb, onun əməlləri tam şəkildə sübuta yetirilərək həbs edilib. Yadınızdadırsa, bu xəbəri verəndə demişdik ki, xidmətdə böyük həbs dalğası gözlənilir. Çünki qurumun əsas vəzifələrində oturan şəxslər əyri işlərə imza atmaqla məşğul olurlar. Dünən etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, bir müddət öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində maliyyə yoxlamalarına başlanılıb. Aparılan araşdırmalar zamanı külli miqdarda vəsaitin yoxa çıxdığı məlum olub. Buna görə də xidmətin maliyyə idarəsinin rəisi Namiq Nuriyev işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Mənbənin sözlərinə görə, vəzifədən alınan maliyyə rəisi əvvəllər Dövlət Miqrasiya Xidmətində (DMX) işləyib və Arzu Rəhimovun ən yaxın kadrlarından sayılıb. Təsadüfi deyil ki, general iş yerini dəyişəndə onu da özü ilə bura gətirib.


Amma maliyyə rəisi tutduğu vəzifənin verdiyi səlahiyyətlərdən sui-istifadə edərək dövlət əmlakına çox böyük ölçüdə ziyan vurub. Mənbə deyir ki, yoxlamalar tam yekunlaşandan sonra işdən çıxarılan maliyyə rəisinin tutduğu əməllərə görə cəzalandırılması məsələsi gündəmə gələcək. Bu məsələdə xidmət rəisinin köməyinə ümid bəsləyən sabiq rəisə heç kim və hey nəyin yardım edə bilməyəcəyi, onun da sürücü kimi həbs olunacağı deyilir. Bu arada qeyd edək ki, SHXÇDX-nin tabeliyində olan «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-də də xoşagəlməz işlər cərəyan edir. Əvvəlki saylarımızda MMC-nin rəhbəri Şahvələd Əliyevin generalla birgə göyə sovurduqları pullardan söz açmışdıq. «Gündəlik Bakı» qurumda baş verən maliyyə yeyintilərini üzə çıxararaq əlaqədar qurumlara göstərdi ki, dövlətin büdcəsi kimlər tərəfindən və necə məhv edilir. Xatırladaq ki, bu yaxınlarda MMC-yə təmir-tikinti işləri ilə bağlı olaraq 700 min manat vəsait ayrıldı. Müşahidələrimiz isə onu göstərir ki, «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» həmin vəsaitin heç də hamısını nəzərdə tutulan işlərə yönəltməyib. Vur-tut həmin məbləğin 100 min manatı təmir işlərinə xərclənib. Digər işləri isə ayrı-ayrı şöbələr həyata keçirib. Bəs, yerdə qalan 600 min manat kim (lərin) cibinə gedib? Bunu araşdırıb tapmaq isə bizim yox, müvafiq dövlət qurumlarının işidir. İnanırıq ki, qeyd olunan faktlarla bağlı tezliklə bir tədbir görüləcək. Sonda onu da bildirək ki, sözügedən mərkəz vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirmək məqsədi ilə yaradılıb. Çox təəssüf ki, bu gün mərkəz yalnız sürücülük məktəblərindən ibarətdir. Yəni MMC rəhbərliyi üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarmırlar. Heç olmasa əvvəllər ayda bir-iki dəfə tədbirlər keçirib, cəmiyyət nümayəndələri, gənclər arasında təbliğat işləri aparırdılar. Hazırda mərkəz demək olar ki, fəaliyyətsiz quruma çevrilib. Görəsən, Şahvələd Əliyev buna görə heç narahat olurmu?


Qarşı tərəflərin də münasibətini dərc etməyə hazırıq.