BolgeXeber.Com » Analitika » Kərəm Həsənov Polad İstehsalı Kompleksini ələ keçirmək istəyir

Kərəm Həsənov Polad İstehsalı Kompleksini ələ keçirmək istəyir

28-06-2013, 12:15
Oxunub: 4 570 Baku Steel Company”nin idarəçiliyindən kənarlaşdırılan Komitə sədri əvvəlki mövqeyini bərpa etmək uğrunda mübarizəyə başlayıb

Azərbaycanda Polad İstehsalı Kompleksinin yaradılması ilə bağlı Prezident sərəncamı ilə müəyyən olunan müddət artıq bir neçə gündür ki, başa çatıb. Xatırladaq ki, 23 aprel 2013 -cü ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Polad İstehsalı Kompleksinin (APİK) yaradılması barədə sərəncam imzalanıb. Sərəncamda müvafiq qurumlara tapşırılıb ki, Nizamnamənin strukturunun layihəsi iki ay müddətində hazırlanıb, təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin. Göründüyü kimi vaxt başa çatsa da, Kompleksə rəhbər təyinatı gecikir.

“Bizim yol”un araşdırmaları zamanı isə bunun səbələri bəlli olub. Belə ki, Azərbaycanda metalurigiya sahəsində inhisarçı mövqeyə sahib olan “Baku Steel Company”ninin rəhbəri Rasim Məmmədovun Polad İstehsalı Kompleksinə rəhbər gətiriləcəyi ilə bağlı birmənalı proqnozlar verilirdi. Qeyd edək ki, Rasim Məmmədovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yaxın ətrafına aid şəxs olması bu vəzifəyə ancaq onun gətiriləcəyi barədə hər kəsdə inam yaratmışdı. Ancaq son zamanlar PA rəhbəri ətrafında baş verənlər Rasim Məmmədovun bu təyinatına ciddi maneçilik törədib.

Belə ki, məlumatlı mənbələrin qəzetimizə verdiyi xəbərə görə, Ramiz Mehdiyevin mövqeyinin zəiflədiyini görən, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Polad İstehsalı Kompleksini öz nəzratətinə almaq istəyir. Məlumatda qeyd olunur ki, Kərəm Həsənov bunun üçün açıq fəaliyyətə keçib. Belə ki, vaxtilə “Baku Steel Company”nin idarəçiliyindən kənarlaşdırılan Kərəm Həsənov yenidən əvvəlki mövqeyini bərpa etmək istəyir. Onun Polad İstehsalı Kompleksinə rəhbər gətirilməsi üçün konkret namizəd də irəli sürdüyü verilən xəbərlər arasındadır.

Məmurlar arasında gedən bu savaş bitmədiyindən, Polad İstehsalı Kompleksinə rəhbər təyinatı da baş tutmayıb. Bundan başqa əldə etdiyimiz digər bir xəbərdə ölkənin vergilər naziri Fazil Məmmədovun da da yaxın adamlarının Polad İstehsalı Kompleksində “gözünün” olduğu deyilir.

Xatırladaq ki, Azərbaycan Polad İstehsalı Kompleksinin səhmləri dövlətə məxsus olacaq. Qeyd edək ki, Azərbaycan Polad İstehsalı Kompleksi Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən Qapalı Səhmdar Cəmiyyətdir. Səhmləri dövlətə məxsus olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti də Prezident sərəncamı ilə Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilib. “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin idarəçiliyi indiyə qədər Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovda olub.