BolgeXeber.Com » Analitika » Uşaqlara COVİD-19 peyvəndi vurulacaqmı?

Uşaqlara COVİD-19 peyvəndi vurulacaqmı?

22-01-2021, 09:53
Oxunub: 6 436 Yanvarın 18-dən etibarən Azərbaycanda COVİD-19 əleyhinə peyvəndləmə başlayıb. İlk növbədə risk qrupuna aid olan əhali qrupları vaksinasiyaya cəlb olunub. Buraya səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət, tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin, poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər daxildir.

Maraq doğuran suallardan biri budur ki, uşaqlar da peyvənd olunacaqmı? Buna ehtiyac varmı? Ümumiyyətlə, uşaqlar koronavirusu necə keçirir?

Mövzunu həkim-parazitoloq Arzu Eyyubova ilə müzakirə etdik.

Doktor, COVİD-19 yayılmağa başladığı zaman uşaqların bu virusa yoluxması ən aşağı ehtimal kimi qeyd olunurdu. Amma son vaxtlar bəzi uşaqların da koronavirusu ağır keçirdiyi ilə bağlı söz-söhbətlər gəzir. İkinci dalğada uşaqlar bu virusu necə keçirir? Pasiyentləriniz arasında virusa yoluxanlar olub?
Doğrudur, pandemiyanın əvvəlində belə bir fikir yayılmışdı ki, uşaqlar bu infeksiyaya yoluxmur və hətta yoluxsalar belə, çox yüngül keçirirlər. Amma təəssüf ki, gedişat bunun tam əksini göstərdi. İkinci dalğada artıq uşaqlarda da koronavirusa yoluxmalar müşahidə edilir. Amma onlar yüngül formada keçirirlər. Çoxunda yüksək temperaturla müşayiət olunur, bəzilərində işləmə, qusma halları yaşanır. Uşaqların immun sistemi dayanıqlı olduğu üçün biz hələ ki çox ciddi problemlər yaşamamışıq. Bu virus uşaqlarda qızdırmanın çox yüksək olması, hətta 1 həftə, 10 gündən çox davam etməsi ilə müşahidə edilir.
Ölüm halları qeydə alınıb?
Uşaqlar arasında yoluxma müşahidə olunsa da, ölüm halları qeydə alınmayıb.
Valideynlər bu halda nələr etməlidir?
Onsuz da bu infeksiya uşaqlarda adi soyuqdəymə kimi baş qaldırır. Ağır formaya keçdikdə isə işləmə və qusma ilə müşayiət olunur. Bu günə kimi patoloji bir vəziyyətə rast gəlməmişik. Onu qeyd edim ki, uşaq orqanizmi 40 dərəcəyə qədər temperatura dayanıqlıdır. Valideynlər ilk simptomlar müşahidə edildiyi zaman mütləq həkimlərə müraciət etməlidir. Özbaşlarına heç bir dərman preparatlarından istifadə etməsinlər. Həkimə müraciət etsinlər, həkimlər özləri təyinat edəcək. Hər rayonun öz sahə həkimi var. Onlar təyinatı üzrə yönləndirəcəklər.
Uşaqların vaksinasiya olunması zəruridirmi?
Hələ ki Ümumdünya Səhiyyə Təşkilatı bunu buyurmadığı üçün konkret nəsə deyə bilmərik. İnşallah, o zamana kimi yoluxmaların sayı azalar. Müxtəlif yaş altındakı qruplarda hələ ki vaksinasiyaya ehtiyac duyulmur.