BolgeXeber.Com » Analitika » Milli Şuranın Müsavata “əzələ nümayişi”

Milli Şuranın Müsavata “əzələ nümayişi”

9-07-2013, 16:30
Oxunub: 5 038 Eldar Namazov: “Biz İbrahimbəyovun namizədliyinin qeydə alınmasından əl çəkə bilmərik”

Milli Şuranın bu gün keçirilən sessiyası başa çatanadan sonra qurum üzvləri brifinq keçirdi. Birfinqdə Milli Şura Aparatının rəhbəri Eldar Namazov və sessiyaya sədrlik etmiş ACP sədri Sülhəddin Əkbər iştirak edirdilər.

Eldar Namazov dedi ki, seçkilərə bir ay qalmış Milli Şuranın seçki qərargahı, komissiya və komitələri öz işinə başlayacaq: “Seçki qərargahının prezetansiyası bir həftə sonra olacaq. Seçki qərargahına rəhbərliyi Rüstəm bəy mənə həvalə edib. Amma bununla bağlı Milli Şura sədrinin sərəncamı da olacaq.

Bizim layiqli namizədlərimiz var. Amma biz İbrahimbəyovun namizədliyinin qeydə alınmasından əl çəkə bilmərik. Rüstəm bəyin namizədliyi ilə bağlı Milli Şura üzvləri arasında konsensus var. Amma qurum üzvləri arasında "ehtiyat" namizədin olması ilə bağlı bu qədər konsensus yoxdur. Rüstəm bəyin namizədliyi ona görə irəli sürülüb ki, müxalifət qüvvələrinin bir ziyalının ətrafında birləşməsi heç bir problem yaratmayacaq”.

Qeyd edək ki, Milli Şuranın bugünkü sessiyasında fasilə zamanı daha bir brifinq olmuş, ACP sədri Sülhəddin Əkbər iclasda müzakirə olunan məsələlər barədə açqılama vermişdi. Vahid namizəd məsələsinə toxunan S.Əkbər demişdi ki, seçki qərargahının yaradılması və rəhbərinin vahid namizəd tərəfindən təyin olunması doğrudur: “Çünki biz Milli Şuranın vahid namizədini etibar edib seçmişik. Biz öz aparat rəhbərimizə və sədrimizə etimad edirik. Milli Şuranın vahid namizədi var və digər namizədi ola bilməz”.

S.Əkbər qeyd etmişdi ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, deməli, Azərbaycanda seçki olmayacaq: “Bizim bir vahid namizədimiz var. Əgər İlham Əliyev İbrahimbəyovu seçkidən kənarda saxlamaq istəyirsə, deməli, o, seçki keçirmək fikrində deyil. İbrahimbəyovun vətəndaşlığı ilə bağlı heç bir problemi yoxdur və bu məsələ qısa müddət ərzində hüquqi həllini tapacaq. İbrahimbəyovun Bakıya gəlməsi ehtimal deyil və o, özü də bildirdiyi kimi, avqustun 2-də Bakıya gələcək”.

E.Namazovla S.Əkbərin “yalnız İbrahimbəyov” deyib durması və açıqlamalarında başqa vahid namizəd elan olunması ehtimalının az olduğunu dönə-dönə bildirməsi əbəs deyil. Məlum olduğu kimi, Müsavat Partiyası R.İbrahimbəyov variantına əslində razı deyil. Müsavat başqanı İsa Qəmbər hələ Milli Şuranın tərkibi açıqlanan və İbrahimbəyov vahid namizəd elan edilən gün qurumun iclasındaca bəyan etmişdi ki, Müsavatın öz namizədi və bununla bağlı 4 yanvar tarixli qərarı var və bu qərar qüvvədə qalır. Bu da o demək idi ki, hər hansı fors-major vəziyyət halında İ.Qəmbər seçkiyə gedəcək və Milli Şura da İ.Qəmbərin namizədliyini dəstəkləməlidir.

Belə bir vəziyyət isə artıq yaranıb. Həm də Rusiya vətəndaşı olan İbrahimbəyov rus pasportundan imtina etməyə məcbur olsa da Rusiya qanunlarına görə, bu prosedur 6 ay uzana bilər. Azərbaycanda isə seçki 4 aydan sonra keçiriləcək. Deməli, İbrahimbəyov üçün problem yarana bilər. Bu halda İ.Qəmbər vahid namizəd olmalıdır. Amma göründüyü kimi, Milli Şurada buna ibrahimbəyovçular tərəfindən ciddi müqavimət var. R.İbrahimbəyova daha yaxın, deməli, Müsavata xeyli uzaq olan E.Namazovun, bu qruplaşmaya daxil anti-qəmbərçi S.Əkbərin açıqlamaları Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının dünənki “İbrahimbəyov namizəd kimi qeydə alınmayana qədər bizim seçkiyə öz namizədimizlə getmək qərarımız qüvvəsində qalacaq” bəyanatına sərt cavab, əslində Milli Şuranın Müsavata “əzələ nümayişi” idi. Milli Şurada indi əslində psixoloji savaş gedir. Səngərin birində müsavatçılar, digərində başda AXCP, ALP, EL hərəkatı olmaqla qalan MŞ-çılardır...