BolgeXeber.Com » Analitika » Deputatın Bakıdakı obyekti bir neçə saatlıq qapadıldı

Deputatın Bakıdakı obyekti bir neçə saatlıq qapadıldı

13-07-2013, 09:35
Oxunub: 5 179 Səhiyyə Nazirliyi Hüseynbala Mirələmovun obyektində yoxlama apardı; 1001 gecə" istirahət mərkəzində qanunsuzluqlar aşkar edilib
İyulu 11-də yazıçı, ssenarist və deputat Hüseynbala Mirələmovun Səbayeldəki “Şıx” çimərliyində yerləşən “1001 gecə” istirahət mərkəzi qapadılıb. Deputatın obyektinin bağlanmasına səbəb isə Səhiyyə Nazirliyinin keçirdiyi yoxlamalar olub.
Özünü Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kimi təqdim edən şəxslər müştəri qismində girdikləri obyektdə dəniz suyunun, qumun, o cümlədən restoranda müştərilərə təqdim olunan yeməklərin keyfiyyəti ilə bağlı yoxlamalar həyata keçiriblər.
Yoxlamalar nəticəsində məlum olub ki, “Şıx” çimərliyinin ərazisində yerləşən “1001 gecə” istirahət mərkəzində dəniz suyunun çirklənməsi həddindən artıq yüksəkdir. Üstəlik, çimərlik qumunun təmizlənməsi günlərdir həyata keçirilmir. İstirahət mərkəzinin ərazisinə dəniz qumunun yoxlanılması zamanı xeyli sayda boş su qabı, yemək artıqları, siqaret kötükləri və şüşə qırıntıları aşkarlanaraq fakt kimi götürülüb.
Yoxlamalar zamanı neqativ halların çoxalması ilə bağlı çimərlik saat 16:00-dan sonra qapadılıb. Nəticədə istirahət üçün bura gələn müştərilərə çimərliyi tərk etmələri bağlı xəbərdarlıq edilib.
Məlumatda o da var ki, obyektində aparılan yoxlamalarla bağlı deputat Hüseynbala Mirələmov təcili olaraq əraziyə gəlib. Deputatın Səhiyyə Nazirliyinin əməkdaşları ilə görüşü “1001 gecə” istirahət mərkəzinin qapılarını yenidən müştərilərin üzünə açması ilə nəticələnib.
İyulun 12-də məsələ ilə bağlı “1001 gecə” istirahət mərkəzində olub, aparılan yoxlamalarla bağlı məlumat almağa çalışdıq. Obyekt çalışanları bildirdilər ki, bu haqda danışmaq səlahiyyətində deyillər. Dəniz ərazisini hasarlatdıraraq obyektinə qatan deputat isə Bakı Şəhər İcra Hakimiyyətinin xəbərdarlığına məhəl qoymur. Belə ki, “1001 gecə” istirahət mərkəzinin çimərliyə gələnlərdən özbaşına şəkildə pul alması halları hələ də davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti ilə razılaşmadan həyata keçirilən soyğunçuluğu isə Hüseynbala Mirələmov deputat mandatından istifadə edərək günü-gündən genişləndirir. Dənizə girişin pullu olmasından başqa, burada əylənmək və dincəlmək istəyənlər digər xidmətlərə görə də pul ödəməlidir. Burada Günəş şüasından qorunmaq üçün çətir 6 manata, 4 nəfərlik stol və stulu 15 manata icarəyə götürmək olar. Çimərlikdə 200 qramlıq dondurma 4 manata, şəhərdə 20 qəpiyə satılan su isə 60 qəpiyədir. Çay dəsgahı müştərilərə 15 manata təklif edilir.
Bir sözlə, “1001 gecə” istirahət mərkəzinə 4 nəfərdən ibarət ailə üzvləri ilə gedən zaman təxminən 150 manata yaxın pul ödəməlisən.

Boyat çörək, qarpız qabığı, boş su qapı ...

“1001 gecə” istirahət mərkəzində təmizlik haqda danışmaq xeyli çətindir. Dəniz mövsümü açılandan çimərlik qumu demək olar ki, təmizlənməyib. Qumda boyat çörək qalıqları, boş su qabları, şüşə qırıntılarından tutmuş, qarpız və digər meyvə-tərəvəz qalıqları ilə rastlaşdıq. Çimərliyə nəzarət edən şəxs isə göstərdiyimiz faktları qəbul etmədi. Özünü təqdim etməyən gənc oğlan hər səhər çimərlik ərazisinin işçilər tərəfində təmizləndiyini söylədi. Yığılan zibillərin qablardan aşıb-daşmasını isə o, zibil maşınının gecə gəlməsi ilə əlaqələndirdi: “Biz zibilləri yığmışıq. Zibilin daşınması ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur. Zibilyığan maşın isə iki gündür ki, gəlmir”.

Hacıbala Abutalıbovun çimərlik payı

“Şıx” çimərliyində yaranan problemlərlə bağlı vətəndaşlara Bakı Şəhər İcra Hakimiyyətinə məlumat vermək üçün lövhə vurulsa da, bura çimməyə gələn sakinlər Bakı meriyasına etdikləri şikayətlərin araşdırılmadığı iddia etdilər. İstirahət etməyə gələn insanları ən çox narahat edən isə bahalı restoranlar tərəfindən zəbt edilən xalqa açıq “Şıx” çimərliyində addımbaşı soyğunçuluqla üzləşmələri, çimərlik ərazində hökm sürən antisanitariya halları və kanalizasiya sularının çimərlik ərazisinə axıdılmasıdır. Bəziləri isə iddia etdilər ki, şikayətlərinin it-bata düşməsinə səbəb Bakı meri Hacıbala Abutalıbovla “Şıx” çimərliyində yerləşən “1001 gecə”, “Ramada” kimi istirahət mərkəzi sahiblərinin “anlaşmasıdır”.

Diqqət: bu çimərliklərə giriş qadağandır

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhəri ərazisində yerləşən çimərliklərin 2013-cü il yay mövsümünə hazırlığı ilə əlaqədar monitorinq keçirilib və nəticələri açıqlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, monitorinq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə laboratoriya tədqiqat üsullarının tətbiqi ilə baş tutub.
Müayinələr zamanı müəyyən edilib ki, Səbail rayonunun “Şıx” və Qaradağ rayonunun “Sahil” çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. “Şıx” çimərliyinin sanitariya-mühafizə zolağına Bibiheybət, Badamdar, 20-ci yaşayış sahəsi ərazilərindən və digər tərəfdən, Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, “Sahil” çimərliyinin mühafizə zolağına isə “Sahil” təmizləyici qurğular stansiyasında təmir-yenidənqurma işləri başa çatdırılmadığından təmizlənməmiş çirkab suların axıdılması dəniz suyunun bakterioloji çirklənməsinə səbəb olub. Bu nöqsanlar aparılmış laboratoriya müayinə nəticələri ilə də təsdiqlənib, Səbail rayonunun “Şıx” və Qaradağ rayonun “Sahil” çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olub.
Ekspertlərin sözlərinə görə, qadağan olunmuş çimərliklərdə çimmək bir çox yoluxucu xəstəliklərin meydana gəlməsinə səbəb olur. Həkim-infeksionistlərə görə, bağırsaq çöpləri normanı aşan sularda çimmək mədə-bağırsaq xəstəliklərinə yol açır. Həmin ərazilərdə çimənlərin, hamısında olmasa da, xəstəliyə meylli insanlarda müxtəlif bağırsaq infeksiyaları, o cümlədən dizenteriya, vəba salmanilyoz, qarın yatalağı, virus hepatitləri yaranır. Ona görə də yayda bağırsaq infeksiyaları sayca çoxalır. Bənzər durum xüsusən uşaqlar və immun sistemi zəif olan adamlar üçün çox təhlükəlidir.
musavat.com