BolgeXeber.Com » Analitika » Biz yazandan sonra...

Biz yazandan sonra...

15-07-2013, 10:55
Oxunub: 5 455
Zamin Hacı

Kim deyirsə Azərbaycanda mətbuatın, jurnalistikanın hörməti yoxdur, qəzetlərin yazdıqları havada qalır, deməli, bu adamın gerçək durumdan xəbəri yoxdur.Son bir ayda şəxsən mənim iki yazım üzrə tədbirlər görülübdür. Söz vaxtına çəkər, bunlardan biri ötən ayın 14-də dərc olunub, başlığı belə idi: “Aşıq Şəmşir Biləcəridən keçəndə...” Həmin yazıda Biləcəridə, dəxli olmayan bir dalan ərazidə Aşıq Şəmşirə abidə qoyulması tənqid olunmuşdu. Üstündən heç 3-4 gün keçmədi, gördüm abidə sökülübdür. Yazımıza göstərdiyi diqqət üçün aşığın nəvəsi, deputat, yol idarəsinin müdiri Cavid Qurbanova təşəkkür edirəm.
Daha bir yazı Sumqayıtda parkda qoyulan, 45 dəqiqə yanlış işləyən saat haqda idi. Başlığı da buna uyğun olaraq “Sumqayıtdakı saat” qoymuşdum. Bu, lap təzə idi, 9 iyulda qəzetdə çıxmışdı. İndi Sumqayıtda yaşayan həmkarımız İmran Kərimli yazır ki, məqalədən sonra saat düzəldilibdir. Məqalənin sonunda tələblərimiz çox kəskin qoyulmuşdu, yerli kolxoz sədri Eldar Əzizova müraciətlə “Ya saatı düzəlt, ya da istefa ver!” yazmışdıq. Ola bilsin sədr bundan nəticə çıxardıbdır.
Ancaq mənim ağlıma başqa ehtimal da gəlir. Bəlkə diqqətli oxucular hiss ediblər, son aylar yazılarımın çoxunu “indi söz əlaqədar təşkilatlarındır” cümləsi ilə bitirirəm. Bu, Sovet dövrü jurnalistikasından qalma ənənədir. Yazmasan, idarələr və təşkilatlar problemi həll etməzdilər. Məntiq də var, çünki əlaqədar təşkilatlar jurnalistin yazdığı məsələnin onlara dəxli olduğunu çətinliklə anlayırlar. Elə zənn edirlər sən problemi məzə üçün, özün üçün yazmısan.
Hər halda, bir ayda Biləcəridə barelyefi söküb, Sumqayıtda saatı 45 dəqiqə düzəltməyimlə qürur duyuram. Növbəti məqalə və reportajlarımızı Laçın dəhlizindəki çalaya, Zərdabın icra başçısı Lütfəli müəllimə, Prezident Administrasiyasının binasında mətbəxdə masanın sol küncündə yaşayan böcəyə həsr edəcəyik. Bizimlə qalın!
Sumqayıtda saatı düzəltməyimiz orda yaşayan həmkarımız İmran Kərimlini həvəsləndiribdir, yiyəsiz itlər problemi haqda da yazıbdır: “Qaranlıq düşən kimi Sumqayıtdakı 9, 10, 11, 12, 13, 17 və 18-ci mikrorayonlarda, Corat və başqa ərazilərdə sahibsiz itlər kütləvi surətdə peyda olmağa başlayır. Ümumiyyətlə Sumqayıt sahibsiz itlərin çox kompakt şəkildə məskunlaşdığı bir şəhərdir. Artıq iş o yerə çatıb ki, bu heyvanlar bağlara, bağçalara doluşaraq insanların həmin yerlərə çıxmasına imkan vermirlər. Hətta onların sürü şəklində qaranlıqda insanlara hücum etmələri halları da müşahidə olunmaqdadır. Sumqayıtda itlər nəinki yaşayış məntəqələrinin yaxınlığında, hətta bir çox dövlət idarələrinin düz qabağında günün günorta cağı var-gəl edirlər. Sahibsiz itlərə o qədər ”azadlıq" verilib ki, onlar nəinki gecələr, hətta gündüzlər belə binaların bloklarına girir, uşaq bağçalarının, məktəblərin, stadionların, binaların həndəvərində və qabağında, bəzən isə mərkəzi yerlərdə yolun ortasında rahatca var-gəl edirlər".
Mən başa düşmürəm, indi biz bir saatı düzəltdirmişiksə, dövlət məmurlarını başqa işlərə də məcbur etməliyikmi? Sui-istifadə hallarına yol vermək olmaz. Əgər onlar yiyəsiz heyvanları yığıb sığınacaqlar yaratsa, o zaman saata kim baxacaq? Saat xarab olacaq. Qoy Sumqayıtın vəzifəli şəxsləri bir az da özləri, ailələri üçün çalışsınlar. Üstəlik, müəllif yazır ki, sahibsiz itlər dövlət idarələrinin “düz qabağında var-gəl edirlər”. Bu ifadə mənim çox xoşuma gəldi. Hətta Sumqayıt icra hakimiyyəti binasının qabağında qol-qola girib gəzişən, hərdən bir-iki ağız hürən Toplan və Bozdarı təsəvvürümə gətirdim. Bulqakov olsa buna sevinərdi, biz isə mız qoyuruq.
İndi söz əlaqədar təşkilatlarındır.
Musavat.com