BolgeXeber.Com » Analitika » Məmurların çirkli pul "moyka"sı...

Məmurların çirkli pul "moyka"sı...

20-07-2013, 15:10
Oxunub: 4 403 Oyunçu alıb-satmaq da çirkli pulları yumağa əla imkandır
Bu yaxınlarda dünyanın ən nüfuzlu nəşrlərindən biri sayılan Britaniyanın “Economist” dərgisi maraqlı bir yazı dərc etdi. Yazını bizim üçün daha maraqlı və aktual edən isə orada qaldırılan məsələlərin Azərbaycan reallığına da müəyyən qədər yanaşmasıdır.

Dərginin “Gözəl oyuna xoş gəlmisiz” başlıqlı həmin məqaləsində futbolda çirkli pulların yuyulmasından bəhs edilir. Yeni mövsüm qabağı təzə futbolçuların alınmasına ağlagəlməz məbləğlər xərclənir. Elə təsəvvür yaranır ki, futbol menecerləri bu idman növünün inkişafı üçün əllərindən gələni edirlər, xeyriyyəçi təsiri bağışlayırlar.
Dərgi yazır ki, indi dünyadakı maliyyə böhranı bir çox klubları çətin vəziyyətdə qoyub və onları indi dəyər-dəyməzinə almaq asandır.
Hansısa gözdən iraq yerdə holdinq yarat, gəlib klub al və budur - əlininin altında çirkli pulların yuyulması üçün heç nəylə müqayisə oluna bilməz bir mexanizm var. Həm də elə mexanizm ki, hökumət adamlarının da səni sorğu-sual edəcəyi çox az ehtimal olunan variantdır.
“Economist” qeyd edir ki, belə klub sahibləri birinci biletlərdən gələn gəlirdən başlayır. Biletlərin qiymətini qaldırırsan və beləcə əvvəllər qanunsuz yolla qazandığın pulları belə turniket vasitəsilə leqallaşdırırsan. Xüsusən də əgər orta səviyyədən aşağı klub almısansa və stadion adətən yarıboş olursa, onu kağız üstündə “doldurmaq” olar.
Daha sadə deyilsə, guya ki, stadion ağzınacan doluymuş, bileti özünə satıbsan, bununla da bilet satışından əldə etdiyin "gəlir" artıq sənin bundan əvvəl də cibində olan, amma bu əməliyyata qədər çirkli sayılan pulların daha "tər-tərmiz"dir, axı onu futbola "bilet satışından" qazandın.
Oyunçu alıb-satmaq da çirkli pulları yumağa əla imkandır. Hansısa oyunçu öz qiymətindən bir neçə dəfə baha satılır. Kimsə də soruşmur ki, niyə? (Çünki bunu satan bilər, alan bilər...) Beləcə oyunçunun real qiyməti üstünə qoyulan milyonlarla dollar çirkli pul leqallaşdırılır. Necə?
Bahalı oyunçunu tapmaq xərci, onunla müqaviləni razılaşdırmağa danışıqlar xərci, arada vasitəçilərin xərci... əslində bunların hamısı sənin özünsən, öz pulunu çirkli sayılan cibindən götürüb, "tər-təmiz" sayılan cibinə doldurursan.
Xüsusən də bunu dost, tanış biznesmenlər öz aralarında edirlərsə. Transfer pulları bir neçə əldən, vasitəçidən keçir və beləcə, onların əsl mənbəyi ört-basdır edilir.
Dərgi yazır ki, belə qalmaqallar çıxanda çox vaxt şübhələr buna görə kriminal qruplara və ayrı-ayrı “satqın” oyunçulara yönəlir. Halbuki klub sahiblərinin bunu etməsi çox asandır. Əvvəl-axır hansı oyunçunun meydançaya çıxmasına, hansının ehtiyat skamyasında oturmasına klubu idarə edənlər qərar verir.
Aşağı maaş alan futbolçular isə adətən klub rəhbərlərinin “göstərişləri”ni icra etməyə daha çox meylli olurlar. İnsanlar isə düşünürlər ki, dünyanın aparıcı futbol liqalarında belə şeylər olmaz və hansısa komandaların qələbəsinə böyük məbləğdə pul qoyaraq mərc gəlirlər...
Əvvəl-axır mərci udan da sənsən. Son nəticə: əvvəl sayılan pulların yenə "tər-təmiz oldu", axı onları futbolda mərcdən uddun!!!
Son vaxtlar Azərbaycanda da məmurların və onlara yaxın iş adamlarının futbola artan maraq və həvəsi bir çox hallarda məhz onların öz “çirkli pullar”ını “yumaq” məqsədi ilə izah olunur. Əlbəttə, ölkə futbolunu çiçəkləndirmək məqsədi ilə, ya da sadəcə, idmanın bu növünə sevgidən irəli gələrək də klublarımıza sahiblənənlər var. Amma bir çox idman ekspertləri şübhə etmirlər ki, bəzi məmurlar, iş adamları futbol klublarını himayələrinə məhz şəxsi maraq və mənfəətləri üçün götürürlər. Hansı ki, belə məmurlar, biznesmenlər haqqında davamlı şəkildə qalmaqalların, onların sərvətlərini necə qazandıqları barədə tənqidi mülahizələrin şahidiyik.
Hesab edilir ki, hazırda futbolumuzda Azərbaycan klublarına baş məşqçi kimi dəvət olunmuş mütəxəssislərlə imzalanmış müqavilələr, futbolçu transferlərinə dair maliyyə sənədləri, klubların AFFA-ya ödədiyi üzvlük haqları, eləcə də futbol infrastrukturu layihələrinə ayrılmış vəsaitlərin xərclənməsi və s. məsələlərdə yetərincə qaranlıq, müəmmalı məqamlar var. Bu da futbolumuzun bəziləri üçün həqiqətən də “çirkli pulları”nı “yumaq” vasitəsinə çevrildiyini düşünməyə əsas yaradır.
Hələ bir neçə il əvvəl ölkənin aparıcı futbol nəşrlərindən birinin - “Futbol+” qəzetinin redaktoru Mahir Rüstəmov demişdi ki, son illər Azərbaycan futboluna əvvəlki illərlə müqayisədə daha çox pullar ayrılır. Bu göstəricilərinə görə, Azərbaycan Rusiya istisna olmaqla nəinki bir sıra MDB, hətta bəzi Şərqi Avropa ölkələrini də geridə qoyur. Ancaq bu bir gerçəklikdir ki, futbola nə qədər böyük pullar xərclənsə də, hələ ki, ölkə futbolunun inkişafından danışmaq mümkün deyil. M.Rüstəmovun sözlərinə görə, problemlərdən biri də Azərbaycan futbolunda şəffaflığın olmamasıdır. Əslində klubların nə qədər xərclədiyi, transferlərin neçəyə başa gəldiyi, bu pulların hansı mənbələrdən formalaşdığı, himayədar dövlət idarələrinin klublara nə qədər vəsait ayırdığı mühüm dövlət sirri kimi qorunur. Jurnalistlərin bu barədə suallarını da həm klublar, həm də dövlət idarələri cavabsız qoyur.
Bu da o deməkdir ki, ölkənin futbol təsərrüfatını bəziləri üçün “çirkli pulları” yumaq vasitəsinə çevrilməsinin qarşısını almaq vacibdir. Bunun da yolu şəffaflığın, hesabatlılığın təmin edilməsindən gedir. Əks halda biz klublar və Milli yığma səviyyəsində uduzmağa davam edəcəyik. Udan isə bəzi məmurlar, onların himayəsindəki iş adamları olacaq.