BolgeXeber.Com » Analitika » Ağdamın işğal günü telekanallarımızda çal-çağır

Ağdamın işğal günü telekanallarımızda çal-çağır

23-07-2013, 18:20
Oxunub: 5 237 Bildiyiniz kimi bu gün Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 20 il ötür. Ağdam uğrunda döyüşlərdə Azərbaycan 6 mindən çox şəhid verib.
Ağdam rayonu 1993–cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar.

Lakin açınacaqlı haldır ki, bu ağrılı gündə telekanallarımızda buna məhəl qoyulmur,torpağı işğal olunmuş ölkənin tamaşaçısına hörmətsizlik nümayiş olunur.Belə ki,bu faciəli günlərdə belə telekanallar efirindən konsert proqramları,çal-cağır əskik olmur.
Redaksiyamıza müraciət edən fəxri dəmiryolçu, əmək veteranı, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin sinif yoldaşı Şaban Rzayev bu gün əslən Ağdamdan olan unudulmaz sənətkar Səxavət Məmmədovun qardaşını “Xəzər” kanalında mahnı oxuduğunu görüb hiddətlənib və fikirlərini bizimlə bölüşüb:
“Bu biabırçılıqdır ki, məhz Ağdamın işğal günü telekanallarımızda konsert proqramı verirlər.Özü də məhz işğal olunan rayondan olan müğənnini verilişə çağırıb mahnı oxutdururlar. İşğal günü minlərlə həmvətənimiz ermənilər tərəfindən öldürülüb,onminlərlə adamımız şikəst olub,ancaq telekanallar belə hərəkətlə şəhidlərimizn ruhuna ,millətimizə hörmətsizlik edirlər.
Ayıbdır vallah,hər halda ildə bir neçə gün heç olmasa konsert proqramı,şən verilişlər verməyə bilərlər.Bu artıq adi hal alıb;hər il rayonların işğal olunduğu gün həmin rayondan olan müğənniləri mahnı oxumağa çağırırlar.Ağdamin işğal günü ağdamlı müğənnini çağırırlar,Qubadlının işğal günü Qubadlıdan olanı,Füzulinin işğal günü o rayondan olan müğənnini çağırırlar...Telekanalların hansını çevirisən demək olar ki, hamısı eyni münasibət sərgiləyir.
Rayonlarımızın işğal günü həmin rayonlardan olan müğənniləri verilişə çağırıb mahnı oxutdurmaq nə deməkdir axı?!
İşğal günləri efirdə vətənpərvərlik ruhunda verilişlər nümayiş etmək əvəzinə müğənniləri dəvət edən jurnalistlərə də,bu dəvəti həvəslə qəbul edib şad-xürrəm şəkildə mahnı oxuyanlara da mən ən azından “ar olsun,ayıb olsun sizə” deyirəm.İşğal günü nə vacibdir konsert,şənlik proqramı təşkil etmək.Bunlar bu işi bəlkə də bilərəkdən edirlər”
Qafqazregion.az