BolgeXeber.Com » Analitika » Azər Ayxan “Yeni Müsavat”-a yönələn ittihamlara cavab verdi

Azər Ayxan “Yeni Müsavat”-a yönələn ittihamlara cavab verdi

2-08-2013, 12:15
Oxunub: 4 832 Azər Ayxan: “Bizi satılmaqda ittiham edənlərə ən layiqli cavabımız buraxdığımız qəzet və orada dərc olunan yazılardır”

“Vaxtilə “Yeni Müsavat”ı hakimiyyətə işləməkdə, iqtidarın sifarişlərini icra etməkdə ittiham edən şəxslərin bir qismi ölkədən qaçıb, bir qismi siyasətdən çəkilib, digər bir qismi isə iqtidara yarınmaqla məşğuldur. Mən bununla bağlı sizə siyahı təqdim edə bilərəm”. Bu sözləri “TRİBUNA” informasiya agentliyinə açıqlamasında “Yeni Müsavat” qəzeti baş redaktorunun I müavini Azər Ayxan müxalif siyasi dairələrdə “Yeni Müsavat” qəzetinin iqtidara işləməsinə dair yayılan məlumatlara aydınlıq gətirərkən belə söyləyib.

Onun sözlərinə görə, “Yeni Müsavat” qəzetinin peşəkar fəaliyyətini kimlərsə iqtidara yarınmaq kimi qəbul edirsə, bu onların öz problemidir və qəzetin fəaliyyətinə hər hansı təsiri yoxdur: “Bu gün “Yeni Müsavat” hamının yerinə mübarizə aparır. Ölkə müxalifətinin görməli olduğu işləri müxalif qəzetlər, o cümlədən “Yeni Müsavat” öz boynuna götürüb. Bizim qəzetdə hakimiyyət haqqında sərt formada tənqidi yazılar dərc olunsa da, bəziləri bundan daha artığını tələb edir. Biz qəzetçiliklə məşğuluq və hər hansı siyasi qüvvənin maraqlarını qorumaq bizim işimiz deyil. Peşəkar fəaliyyət göstərən bir redaksiya olaraq üç müxalifət təmsilçisini danışdıranda məcburuq ki, bir iqtidar mənsubuna da yer verək. Baxmayaraq ki, bəzən öz fəaliyyətimizdə bu qaydaları pozuruq. Bir həqiqəti başa düşmək lazımdır ki, “Yeni Müsavat” siyasi partiya deyil, qəzetdir. Bizim üçün önəmli olan oxucuların rəyidir. Hesab edirəm ki, bu gün bizi ittiham edənlərin bir qismi təsir altına düşərək bu cür fikirlər səsləndirir, digər bir qismi isə qərəzli şəkildə qəzetimizi ləkələməklə məşğuldur. “Yeni Müsavat”ı satılmaqda ittiham edənlərə ən layiqli cavabımız buraxdığımız qəzet və orada dərc olunan yazılardır”.

Azər Niftiyev, TIA.AZ