BolgeXeber.Com » Analitika » Elman Rüstəmovun vəziyyəti gərginləşib

Elman Rüstəmovun vəziyyəti gərginləşib

5-08-2013, 16:40
Oxunub: 6 426 Baş bankirin adı ilə bağlı olan rüşvət qalmaqalı onun həbsi ilə yekunlaşa bilər

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu Avstriya prokurorluğu hədəfə götürəndən sonra vəziyyəti gərginləşib. Xüsusilə də Avstriya mətbuatında baş bankirin ünvanına ağır ittihamların səsləndirilməsindən sonra onun taleyi sual altına düşüb. Xatırladaq ki, söhbət Azərbaycanın Mərkəzi Bankı və Avstriyanın Mərkəzi Bankının törəmə şirkəti arasındakı müqavilə ilə bağlı rüşvət qalmaqalından gedir. Bu barədə bir neçə gün öncə xəbər vermişdik. Məlumatlarda bildirilirdi ki, Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan "Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH" (OeBS) şirkəti Azərbaycan da daxil olmaqla, bəzi ölkələr üçün milli banknotların çapı ilə bağlı müqavilələr bağlamaq üçün yerli rəsmilərə rüşvət verməsi barədə bir müddət əvvəl cinayət işi başlanıb. Bu işin istintaqı xeyli vaxt davam etdikdən sonra artıq yekunlaşıb. Aparılan istintintaq işinin materiallarında isə Azərbaycanın Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun adı xüsusilə qırmızı xətlə keçib. Deyilənlərə görə, Elman Rüstəmova cinayət işinin qaldırılması və onun həbsinə dair Avstriya prokurorluğu İnterpolun yerli şöbəsinə müraciət edə bilər. Bu isə Elman Rüstəmova gün kimi aydındır. Baş bankir elə bu baxımdan ciddi narahatn olub.
Bu gün isə daxil olan məlumatlarda bildirilir ki, Elman Rüstəmovun ətrafında baş verən rüşvət qalmaqallından onun hakimiyyətdəki rəqibləri bu olaydan yararlanmaq niyyətindədir. Bu isə Elman Rüstəmovu "vurmaq" planının tərkib hissəsidir. Baş bankirə qarşı təzyiqlər hələ qarşıdadır. Bundan duyuq düşüb və indidən tədbirlər görməyə başlayan Elman Rüstəmov özünü qorumaq üçün hərəkətə keçib. O, ciddi cəhdlə məsələnin ictimailəşməməsinin qarşısını almaq istəyir. Lakin Azərbaycanda bank sektorunun əhəmiyyətli hissəsi oliqarx məmurların nəzarətində olduğundan onlar Elman Rüstəmovun idarəçiliyini həzm edə bilmirlər. Elman Rüstəmov isə bəzi hallarda onların maraqlarına ciddi zərbələr endirir. Bu baxımdan oliqarx məmurlar baş bankirə qarşı birləşərək onu vəzifəsindən kənarlaşdırmaq qənaətinə gəliblər. Baş bankirin isə rüşəvət qalmaqalında adı keçməsi oliqarx məmurlara fürsət verib. Bu baxımdan hər hansı formada qalmaqalı gündəmdə saxlamağa çalışırlar.

Qeyd edək ki, Azərbycan və Suriya mərkəzi banklarının rəhbərləri pul çapı üçün müqavilələrə görə Avstriya mərkəzi Bankından rüşvət alıblar. Bu haqda “Bloomberg” agentliyinə Vyana prokurorluğu məlumat verib. 83 səhifəlik ittihamnaməyə görə, Azərbaycan və Suriya banklarının rəhbərləri Elman Rüstəmov və Abid Malayev 14 milyon avro məbləğində rüşvət alıblar. Həmin ittihamnamədə qeyd olunur ki, sövdələşmədə məqsəd Azərbaycan Mərkəzi Bankının sifarişlərini mümkün qədər daha böyük müddətə generasiya etmək olub.

Suriya və Azərbaycan rəsmi şəxslərinin bu ittihamlarla bağlı xəbərdar olunub-olunmadıqları haqda məlumat verilməyib.

Azərbaycanın rəsmi şəxsinin adı ilə bağlı olan bu ittiham kifayət qədər ciddi məsələdi. Bu cür hallar hüquqi müstəvidə öz həllini tapır, məhkəmə prosesləri, istintaq həqiqətləri üzə çıxarır.

Mənbənin bildirdiyinə görə, Elman Rüstəmovun adı ilə bağlı olan rüşvət qalmaqalı onun həbsi ilə yekunlaşa bilər. Bu faktlara aydınlıq gətirilməsi üçün isə Elman Rüstəmov dindirilə bilər: "Azərbaycan və Suriya qeyri-demokratik ölkə olduğu üçün bu cür hallar tez-tez baş verir. Siyasi hakimiyyət üçün rüşvət almaq və rüşvət vermək cinayət sayılmır. Ancaq Avstriya hüquqi bir dövlətdir və ortaya çıxmış fakt üzrə cinayət işi açılıb. Azərbaycan və Avstriya Avropa Şurasının üzvüdür və Avropa Şurasının müvafiq konvensiyasına görə, tərəflər bir-birinə hüquqi yardım göstərməlidilər. Mövcud qanuna görə, Avstriya hüquq mühafizə əməkdaşları Azərbaycana gəlib Elman Rüstəmovdan bu məsələlərlə bağlı ifadə ala bilərlər. Ancaq qanunvericiliyə görə onlar Elman Rüstəmovu Azərbaycan dövlətindən istəsələr, Azərbaycan tərəfi ittiham olunan şəxsin Azərbaycan vətəndaşı olduğuna görə bundan imtina edəcək. Ancaq bütün bu ittihamlar baradə kifayət qədər sübutlar varsa, Avstriya tərəfindən cinayət işi Azərbaycana göndərilə bilər. Və Azərbaycanda rüşvət almaqla bağlı cinayət işi başlanmalıdır. Çünki Azərbaycan Korrupsiyaya qarşı mübarizə ilə bağlı Avropa Şurasının Konvensiyasını imzalayıb və bu konvensiyanın müddəalarına əməl etməlidir. Digər tərəfdən, Azərbaycan Baş Prokurorluğu bu hadisə ilə bağlı özü də araşdırma aparmalıdır və rüşvət alan vəzifəli şəxs barədə tədbirlər görməlidir" - deyə mənbə qeyd edir.
30gun.az