BolgeXeber.Com » Analitika » Nazir oğlu avtomobil markalarını Azərbaycana gətirmək istəyir

Nazir oğlu avtomobil markalarını Azərbaycana gətirmək istəyir

7-08-2013, 11:35
Oxunub: 4 980 Yunus Abasov İngiltərənin məşhur avtomobil markalarını Azərbaycana gətirmək istəyir

Gənc yaşında milyonlara sahib olan övlad atasını güdaza verə bilər. Nazir korpusunda təmsil olunan bəzi məmurlar var ki, onlar əksər hallarda övladlarının səbəb olduğu qanunsuz işlərlə, yaxud da biznes məsələləri ilə bağlı gündəmə gəlirlər. Kütləvi İnformasiya Vasitələrində (KİV) yer alan məlumatlara nəzər salsaq görərik ki, bəzi məmurlar övladlarını həddən artıq ərköyün böyüdürlər. Və bu da sonucda onların gələcəkdə özbaşına hərəkətlərlə məşğul olması ilə nəticələnir. Dəfələrlə mediada hansısa nazir oğlunun bu və ya digər özbaşınalığı törətməsini və yaxud cinayət hadisələrində iştirak etməsini eşitmişik.

Hətta bəzi hallarda nazir, məmur balaları atalarının nüfuzundan istifadə edərək ölkə qanunlarına qarşı çıxırlar. Əlbəttə, belə olan təqdirdə harınlamış məmur övladları cəmiyyət tərəfindən böyük təpki ilə qarşılanır. Bunu nəzərə alan məmurların bir neçəsi övladlarını xarici ölkələrdə yaşatmaq qərarına gəliblər. Ki, bunlardan biri də kənd təsərrüfatı naziri İsmət Abasovdur. Xatırladaq ki, nazirin oğlu Yunus Abasov universitet illərindən Böyük Britaniyada yaşayır. İngiltərədə yaşaya-yaşaya nazir oğlu Bakıda universitet bitirib. Sözsüz ki, bu məsələdə atasının çox böyük rolu olub. Və sabiq təhsil naziri, yaxın dostu Misir Mərdanov da ona kömək göstərib. Əvvəlki yazılarda da qeyd etdiyimiz kimi, kənd təsərrüfatı naziri Bakıdan göndərdiyi maliyyə dəstəyi əsasında oğlunun Londonda böyük biznes şəbəkəsi yaratmasına nail olub. Dünən etibarlı mənbələrdən aldığımız məlumatlara görə, nazir oğlu biznesini daha da genişləndirmək qərarına gəlib. Hələ heç yerdə getməyən xəbərdə bildirilir ki, Yunus Abasov indi də özünü avtomobil biznesində sınamaq qərarına gəlib. Məlumata görə, nazir oğlu İngiltərənin məşhur avtomobil modellərinin ölkəmizdə satışını həyata keçirmək istəyir: «Böyük Britaniyanın ən məşhur avtomobil markaları olan «Yaguar», «Nissan» və digərlərinin ən son modellərini tezliklə Azərbaycanda görə bilərik. Bu maşınların hazırda ölkəmizdə satışı var. Ancaq nazir övladı həmin avtomobillərin ölkəyə gətirilməsini təşkil edən şəxsləri sıradan çıxarmaq niyyətindədir. Bu münasibətlə atıq «Nisan»ın Sunderlend şəhərindəki zavodu ilə əlaqə saxlayıb və ordan ilkin razılıq alıb. Atasının da hər cür dəstəyi ilə bu planı reallaşdırmaq üzrədir». Aldığımız informasiyaya əsasən, məmur balası Azərbaycanın turizm bölgəsi hesab edilən İsmayıllı rayonunda bir neçə hotel tikdirmək sevdasına düşüb. Mənbə deyir ki, son illər xarici turistlərin Azərbaycana maraq göstərməsi Yunus Abasovu bu sahədən pul çıxarmaq fikrinə salıb: «Atasının köməyi ilə o, turizm üçün əlverişli olan İsmayıllıda hotel tikdirə bilər. Ancaq gərək bunun üçün İsmət Abasov bu rayonu nəzarətdə saxlayan məmurdan icazə alsın. Bunu bacarmasa, oğlunun hotel biznesi start götürməmiş bitəcək». Nəzərinizə çatdıraq ki, nazirin oğlu gənc olmasına baxmayaraq, milyonlara sahibdir. Maraqlıdır ki, o bu pulları öz halal zəhməti ilə əldə etməyib. Araşdırmalar göstərir ki, bu sərvətin böyük bir hissəsi ölkənin kənd təsərrüfatının inkişafına ayrılan pullardır. Nazir həmin pulları nəzərdə tutulan işlərə sərf etmək əvəzinə, oğlunun biznesini genişləndirməsinə yönəldib. Bizə çatan ən son məlumatlara görə, bəzi nazirlər övladlarının törətdikləri qanundan kənar əməllərə görə məsuliyyət daşımalı olacaqlar. Mötəbər mənbənin dediklərinə inansaq, qarşıdan gələn aylar ərzində bir neçə nazir məhz övladının güdazına gedəcək ki, bunlardan biri də İsmət Abasov ola bilər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Samir Mahmudsoy