BolgeXeber.Com » Analitika » Hekayəti-xırs-xidməti-asan

Hekayəti-xırs-xidməti-asan

10-08-2013, 11:40
Oxunub: 6 154 Mən ASAN-xidmətin fəaliyyətini hər zaman diqqətimdə saxlayıram, çünki respublikamızın gələcəyini bunda görürəm. Hətta təşəbbüs qrupu da yaratmışam, idarənin müdiri İnam Kərimovun prezidentliyə namizədliyini irəli sürəcəyik. Niyə də olmasın? Əgər bu adam beş-on ayın içində yapokratiyanın illərlə yaratdığı sənədləşmə problemini həll eləyibsə, hazırda ölkəmizdə hər kəsin sənədləri qaydasındadırsa, bu adam prezident olmalıdır. Çətini sənədləri qaydaya salmaq idi, qarşıdan gələn yüzillikdə də həyatımızı qaydaya salarıq.
Şəxsən mən yüzlərlə insan tanıyıram, 20 ildir adam olduqlarını sübut edə bilmirdilər, hökumət deyirdi yox, siz atsınız. Uyğun şəkildə də minib çapırdılar. Ancaq ASAN-xidmət gəldi, sənəd verdi ki, bu adamlar doğrudan da adamdır, at deyil. Düzdür, yenə çapırlar, ancaq əsas odur adamın adam sənədi olsun. Hər atın belə sənədi olmur.
Özü də bu idarə xalqa yerdə, havada, quruda və suda xidmət göstərir. Bu məqsədlə avtobuslar, uçaqlar, tramvay və trolleybuslar, velosiped və motosikletlər alınıbdır. Vətəndaşlarımızı harda tutsalar orda da sənədləşdirirlər. İdarənin müdir müavini Nadir Adilov hətta samokat sürərək insanlara pasport verir, bu məşəqqətli yolda bir neçə dəfə yıxılıb zədələnmişdir. Ümid edirəm ASAN-xidmət payızdakı prezident seçkilərində hakimiyyəti tam ələ keçirdib prezident olandan sonra hörmətli Nadir bəyə respublikamızın Milli Qəhrəmanı adı veriləcəkdir. Çünki o zaman qəhrəman adı almaq da asanlaşacaqdır.
Təzəlikcə hörmətli Nadir bəy mənin cızmaqaralarıma da yüksək diqqət göstərmiş, bu haqda sosial şəbəkələrdə qeydlər etmişdir. Deyir, Zamin Hacının ASAN-xidməti tənqid eləməsi respublikamızda söz azadlığını bariz şəkildə isbata yetirir. Açığı, elə bu yazını da respublikamızda söz azadlığının sübutu üçün yazıram. Qəzetə verməmiş ASAN-xidmətdən arayış da alacağam, bunun yazı olduğunu sənədləşdirəcəyəm.
Həqiqətən ölkəmizdə söz azadlığı vardır. Bunun özü də ASAN-xidmətin əməyi sayəsində olubdur, baxmayaraq ki, proses heç də asanlıqla başa gəlmədi, bu yolda nə qədər jurnalist təpikləndi, bir-ikisi blokda vuruldu, neçə qəzet məhkəməyə verilib bağlandı, neçəsinin redaksiyası basıldı, redaktorlar tutuldu və sairə. Ancaq indi söz azadlığı uğrunda təzyiqə ehtiyac yoxdur - killer tutmaq makler tutmaqdan bahadır, jurnalistlərə ev verib ağzını yumursan, bitir gedir. Məsələn, Çibuti Respublikasında ASAN-xidmət mərkəzləri yoxdur, jurnalistləri də vururlar. ASAN-xidmət əvvəl yaranıb, yoxsa söz azadlığı - bunlar da son illər respublikamızın bütün iribuynuzlu və xırdadırnaqlı filosoflarını narahat edən əsas problemlərdən biridir.
Nadir bəy mənim yazılarımı qonorar xətrinə yazdığımı da xüsusi vurğulayıb. Əziz oxucular da bilsin, gerçəkdən mən yazılarıma görə pul alıram. Nadir bəy isə pulsuz, vətən naminə çalışır. Ümumiyyətlə, ASAN-xidmətdə maaş yoxdur, orda hamı pulsuz işləyir. Dövlətdən bir qəpik də almırlar. Soruşa bilərsiniz ki, bəs nə ilə yaşayırlar? Xalqın duaları, alqışları ilə! İnsanlar pasportu, sürücülük vəsiqəsinin surətini, evin zirzəmisində yaşayan siçovulun xəstə olmadığı haqda arayışı və sairəni aldıqca idarə zəhmətkeşlərinə dua edirlər, Nadir bəy və onun dostları da bu dualarla yaşayırlar.
Yazının sonunda Sumqayıtda yaşayan həmkarımız İmran Kərimlinin mənə göndərdiyi bir sualına ASAN-xidmətdən cavab istəyirəm: “Azərbaycanda insanlarımıza hökumət dolanmağa imkan vermir, Rusyətə-zada çörəkpulu dalınca gedən millətə isə öz iqtidarlarının xeyir-duası ilə dazbaş millətçilər, polislər. Sumqayıtdan Bakıya yolpulu tapa bilməyən isə təbii ki, Avropaya gedə bilməz, heç onları buraxmazlar da. Bəs belə olan halda bizim buradakı millət harada yaşasın?”
Ümidvaram ASAN-xidmət bu suala tezliklə möhtəşəm bir cavab taparaq idarənin səyyar at arabasında Sumqayıta göndərəcəkdir.