BolgeXeber.Com » Analitika » İdman naziri Respublika stadionunda “nokauta salındı”

İdman naziri Respublika stadionunda “nokauta salındı”

11-08-2013, 10:30
Oxunub: 6 256 Rövnəq Abdullayev-Azad Rəhimov davasının çanağı dövlət vəsaitinin başında çatlayır
Azərbaycanın mərkəzi arenası hesab edilən Tofiq Bəhramov adına Respublika stadionu hazırda istifadəsiz qalıb. Amma bir neçə il bundan əvvəl Azərbaycan klubları bu arenanın xidmətindən yararlanmaq üçün növbəyə dayanırdılar. Klublar Avrokubok, milli komanda isə Avropa və dünya çempionatının seçmə mərhələ oyunlarını bu stadionda keçirirdi.
Həmin vaxt arenanın şəraiti də yaxşı deyildi. Ancaq bir il bundan əvvəl Tofiq Bəhramov adına stadionda yenidənqurma işləri həyata keçirildi, arena müasir standartlara tam uyğunlaşdırıldı. Bunun üçün dövlət büdcəsindən xeyli vəsait də xərcləndi.

Gözləmək olardı ki, bu qədər vəsaitin xərclənməsindən sonra stadion istifadəsiz qalmayacaq. Klublar və milli komanda oyunlarını burada keçirəcək ki, arenanın saxlanması üçün tələb olunan vəsait əldə edilə bilsin.

Amma bu gözləntilər özünü doğrultmadı. Milli komanda artıq oyunlarını mərkəzi arenada yox, AFFA-ya məxsus balaca stadionlarda keçirir. Elə klublar da Avrokubok oyunları zamanı AFFA-nın nəzdində olan stadionlara sığınırlar, Gənclər və İdman Nazirliyinin balansında olan Respublika stadionu isə boş qalır. Yalnız “Qarabağ” Avroliqa oyunlarında mərkəzi arenaya üz tutur ki, bu da daha çox məcburiyyətdən irəli gəlir. Çünki AFFA-nın “Qarabağ”a verəcəyi stadion yoxdur.

Artıq Azərbaycan premyer-liqasında növbəti mövsümə start verilib. Klublar da hansı stadiondan yararlanacaqları ilə bağlı ərizələri artıq Peşəkar Futbol Liqasına təqdim ediblər. Belə məlum olur ki, Tofiq Bəhramov adına stadiondan yenə də yalnız “Qarabağ” istifadə edəcək. Mərkəzi arena təmirdən sonra yenə də demək olar ki, tam istifadəsiz qalıb.

Bəs klubları bu əsas stadiondan qaçaq salmağa məcbur edən nədir?

Virtualaz.org-un futbol çevrələrindəki mötəbər qaynaqlardan əldə etdiyi məlumata görə, buna səbəb AFFA prezidenti Rövnəq Abdullayevlə gənclər və idman naziri Azad Rəhimov arasında yaranan soyuq münasibətlərdir. Bu iki şəxsin münasibətlərinin gərginləşməsinə isə Bakıda tikilən olimpiya stadionu səbəb olub.

Xatırlayırsınızsa, iki il əvvəl bu stadionun 1 milyard dollara başa gələcəyi ilə bağlı məlumat yayıldı. Bu məlumat ictimai rəyi öyrənməyə hesablanmışdı. O vaxt ictimaiyyət bu məsələyə kəskin reaksiya verdi, 1 miyard dollar məsələsində korrupsiya elementlərinin olduğu vurğulandı. İctimai rəyin kəskin mənfi olduğunu görən gənclər və idman naziri Azad Rəhimov tez-tələsik açıqlama verdi ki, stadionun qiyməti haqda yayılan məlumat yanlışdır. Azad Rəhimov bildirdi ki, Pekində tikilən 95 min yerlik olimpiya stadion 430 milyon dollara başa gəlibsə, Bakıda tikilən 65 minlik stadion ondan ucuz - təxminən 300 milyon dollara başa gələcək.

Azad Rəhimovun ardınca Rövnəq Abdullayev də eyni məzmunlu açıqlama vermək məcburiyyətində qaldı. Əldə etdiyimiz məlumata görə, Abdullayevlə Rəhimov arasındakı münasibətlər də elə o vaxtdan gərginləşib. AFFA prezidenti naziri tələsik açıqlama verməkdə ittiham edib və heç bir halda 300 milyon dollara stadion tikməyəcəyini bəyan edib.

Sonrakı hadisələr bu mübarizədən Abdullayevin qalib ayrıldığını sübut etdi. Olimpiya stadionunun ərazisində təxminən bir il iş aparılmadı. Bir ildən sonra Rövnəq Abdullayev stadionun 700 milyon dollara başa gələcəyini və xərclərin ola bilsin ki, artacağını bildirdi. Bu açıqlama faktiki olaraq stadionun elə 1 milyard dollara tikiləcəyini təsdiqləmək demək idi.

Həmin vaxtdan başlayaraq Azərbaycan klubları hərəsi bir bəhanə ilə Gənclər və İdman Nazirliyinin balansında olan T.Bəhramov adına Respublika stadionunun xidmətindən müəmmalı surətdə imtina etməyə başladılar. Hətta milli komandanın azarkeş qıtlığı yaşanmadığı oyunları da AFFA-nın nəzdində olan aztutumlu balaca stadionlara salındı. Millinin Lüksemburqla sonuncu oyunu “Bakcell Arena”da keçirilib. AFFA oktyabrda baş tutacaq Şimali İrlandiya ilə oyunun Lənkəranda keçirilməsinə çalışır. Bu da R.Abdullayevin birbaşa A.Rəhimova yönələn zərbəsidir. AFFA prezidenti idman nazirini bu yolla cəzalandırır.

Külli miqdarda vəsait xərcələnərək müasir standartlara gətirilmiş mərkəzi arena iki məmurun şəxsi maraqlardan törəyən (çünki futbol təkcə meydançadakı oyun deyil, həm də bilet satışından, teleyayımdan, reklamdan gələn iri məbləğdəki gəlirlər deməkdir) qarşıdurması nəticəsində demək olar ki, istifadəsiz qalıb. Təbii ki, bu da birbaşa dövlətə dəyən ziyandır. Dövlətə dəyən ziyan isə məmurları deyəsən, qətiyyən maraqlandırmır. Təki öz obyektlərində alver getsin...
Bolgexeber.com