BolgeXeber.Com » Analitika » Mehman Əliyevdən Milli Şura ilə bağlı sensasion açıqlamalar

Mehman Əliyevdən Milli Şura ilə bağlı sensasion açıqlamalar

14-08-2013, 11:00
Oxunub: 5 562 “Putinə yazılan məktub hansısa yolla oğurlanıb”
Milli Şura ətrafında cərəyan edən proseslərin şərh olunması üçün qurumun bir sıra üzvlərinə etdiyimiz müraciət nəticə vermədi. Xüsusilə də proseslərin həssas bir mərhələyə daxil olması, böyük bir layihənin uğursuzluqla müşayiət olunan detallarının əsaslandırılmasının çətinliyi əksər tanınmış simaları mövqe bildirmək üçün gözləməyə vadar edir. Ancaq hər halda birbaşa vəzifəsi ictimaiyyətlə işləməkdən ibarət olan Milli Şuranın ictimaiyyətlə əlaqələr komissiyasının sədri, “Turan” Agentliyinin direktoru Mehman Əliyevlə danışdıq. Adı prezidentliyə namizəd ola biləcək şəxslər sırasında hallanan müsahibimiz açıq söhbət zamanı bir sıra ilginc məqamları açıqlamaqdan da çəkinmədi.

- Mehman bəy, Milli Şuranın sonuncu toplantısı ilə bağlı nə deyə bilərsiniz? Saatlarla davam edən iclasın yekunları barədə qənaətiniz necədir?

- Açığı, mənə orda söz verdilər ki, bəlkə çıxış etmək istəyirsən, çünki hamı çıxışa yazılırdı, ancaq mən yazılmadım. Sadəcə olaraq çıxış etmək istəmədim. Mən birinci növbədə jurnalistəm, birinci növbədə müşahidə edirəm. Ona görə də baxmalı idim ki, nə baş verir, mövqelər nədən ibarətdir. Siyasətçilər danışmağı çox xoşlayır. Mənə axırda söz verdilər ki, bəlkə sözün var. Dedim yoxdur.

- Yəni “no komment?”

- Hə, “no komment”. Söhbət ondan gedir ki, orda iki məsələ qoyulmuşdu; 18-i mitinqdir, 19-u Rüstəm İbrahimbəyovun qeydiyyata alınması üçün sonuncu gündür və qeydiyyata alınıb-alınmayacağı barədə qərar veriləcək. Ondan sonra da bir tərəfdən Rüstəm bəy öz qərarını verməlidir, nə isə deməlidir, yəni ya gəlməli, ya da imtina etməlidir. Hansı qərar verəcəyini deməyə mən çətinlik çəkirəm, bu, vacib məsələdir. İsa Qəmbər öz növbəsində bildirdi ki, 19-na qədər o, gözləyir və partiya tərəfindən namizədliyi irəli sürüldüyü üçün prosesi davam etdirəcək və gözləmək fikrində deyil. Orda təkliflər var idi ki, Milli Şura qalmalıdır, bu qurum seçkilərə hesablanmayıb. Gələcəyə baxanda bu, İctimai Palatanın daha geniş formatıdır, çünki burada bütün partiyalar təmsil olunacaq, qarşıda da parlament seçkiləri var. Orda da qeyd olundu və mən hesab etmirəm ki, bu seçkilərdə çox ciddi problem var. Çünki seçki kampaniyası da başlamayıb. Üstəlik, ölkə vətəndaşlarının əksəriyyəti bu gün daha çox müxalifətə tərəfdir. Bununla bağlı məndə fakt var və yaxın vaxtlarda o faktlar ictimaiyyətə təqdim olunacaq. Yəni bütövlükdə müxalifət liderləri, Rüstəm İbrahimbəyov da daxil, bu gün İlham Əliyevin reytinqini üstələyirlər, real durum budur.

- Amma eyni zamanda müxalifət sanki gərəkəni etmir, yaxud edə bilmir, gecikir, bu müşahidəmizlə razılaşırsınızmı?

- Mən gecikmə deməzdim. Əsas proses seçki kampaniyasında başlayır. Onsuz da bu gün nə qədər istəsən də səni görüş keçirməyə qoymurlar. Əsas 22 günlük seçki kampaniyasıdır. Bu kampaniyada nələr baş verəcək, ortalığa nələr qoyulacaq, ictimaiyyətə nələr çatdırılacaq, Allah bilir. Ancaq dediyim kimi, ölkədə mövcud durumdan narazı olanların sayı razı olanların sayından xeyli çoxdur, bu, real durumdur.

- Necə bilirsiniz, mitinq qərarı yerindəmi verildi, bu yay tətili dövründə nəyə hesablandı bu qərar?

- Tiflisdəki görüşdə planlaşdırırdıq ki, təxminən 12-13-ü mitinq keçirilsin. Bu toplantıda da sentyabrla bağlı təklif var idi, ancaq hər halda qərar verildi ki, bu mitinqlə prosesə start verilsin.

- Milli Şuranın prezidentliyə digər namizədi və ya namizədləri ilə bağlı təkliflərin nəzərə alınmamasının səbəbi nə oldu?

- Deyək ki, sabah siyasi partiyalar hansı qərarı verəcək, bu, məlum deyil. Çünki o iclasdan sonra siyasi partiya rəhbərləri öz aralarında görüş keçirib, vaxtaşırı da belə görüşlər olur. Həm də əsas güc orda formalaşır. Ya siyasi partiyalardan birinin lideri qabağa düşəcək, ya bir neçəsi eyni zamanda seçkilərə qatılacaq, ya da Milli Şuranın ehtiyat namizədi ortalığa çıxacaq. Hələlik bunu demək mənimçün tezdir. Ancaq bu cür müzakirələr, fikirlər oldu.

- Sizin də adınız ehtiyat vahid namizəd kimi çəkilirdi, ancaq deyəsən, Milli Şuranın son iclasında Cəmil Həsənli, Rafiq Əliyev və Gültəkin Hacıbəylidən danışılıb.

“Rafiq Əliyevin son dəfə müsahibəsini nə vaxt görmüsünüz?”


- Yox, orda üç nəfərin, daha sonra Gültəkin xanımın adı çəkilib və olub dörd. Cəmil Həsənli namizədliyini geri götürüb, deyib mən iştirak etmək istəmirəm, Rafiq Əliyevə gəldikdə, son dəfə onun müsahibəsini nə vaxt görmüsünüz? Yəni bu proseslərdən çəkilib, uzaqlaşıb. Deməli, bu prosesdə yoxdur və qatılacağı da inandırıcı deyil. Qaldı Mehman Əliyev və Gültəkin Hacıbəyli.

- Gültəkin Hacıbəyli iddialıdır?

- Bu barədə heç nə deməyib, açığı bilmirəm. Mən onun yerinə danışa bilmərəm.

- Deməli, ya Mehman Əliyev və ya Gültəkin Hacıbəyli, ya da ikinizdən biriniz Milli Şuranın namizədi ola bilər?

- Bunu demək tezdir. Əgər söhbət vahid namizəddən gedirsə, Milli Şuranın qərarı olmalıdır və bu, o demək deyil ki, Milli Şurada bu məsələ ilə bağlı yekdil bir fikir olacaq. Açığını deyim ki, mən qəti fikir deməyə çətinlik çəkirəm.

- Axı, Rüstəm İbrahimbəyov özü də çoxlu namizədlərin olmasına etiraz etməyib, problem nədədir?

- Aydındır. Ancaq Milli Şurada da deyirlər ki, Milli Şuranın yalnız bir namizədi ola bilər. Milli Şura çərçivəsində yox, müstəqil namizədin olması başqa məsələdir. Ancaq Milli Şuranın bir namizədinin olması fikri var.

- Belə çıxır ki, siz müstəqil namizəd olmağa etiraz etmirsiniz.

- Mənim namizəd kimi seçkilərə getmək fikrim yoxdur axı. Düzdür, prosesdə iştirak edirəm. Ancaq yekdil bir qərar olsa, onda fikirləşmək olar. Məsələn, İsa Qəmbər bildirdi ki, əgər 19-da Rüstəm İbrahimbəyov qeydiyyatdan keçməsə, onda o, özü seçkilərə qatılmaq, prosesə başlamaq fikrindədir.

- Yəni İsa Qəmbər namizəd olacaqsa, siz ortaya iddia qoymayacaqsınız?

“Ciddi şəkildə hakimiyyətlə savaşa girmək lazımdı, xalq dəyişiklik istəyir”


- Yox, söhbət ondan getmir. Milli Şura hansı qərarı verəcəksə, o qərarı qəbul etmək olar. Əsas məsələ budur ki, seçki bir mərhələdir, bu mərhələdən də istifadə etmək lazımdır. Ciddi şəkildə hakimiyyətlə savaşa girmək, alternativ yolu göstərmək lazımdır, millət dəyişikliklər istəyir. Çünki bu komanda heç bir şeyi dəyişməyəcək, problemlər daha da ciddiləşəcək. Siyasi repressiyalar, insanların əmlak hüquqlarının pozulması daha geniş formatda gedəcək, monopoliya, korrupsiya daha da çiçəklənəcək. Yəni bu situasiya yaxşı heç bir şey vəd eləmir.

- Milli Şurada mitinqin icazəli, yoxsa icazəsiz keçirilməsi mövqeyi üstündür?

- Əlbəttə ki, icazəli. Mən hesab etmirəm ki, icazəli mitinqlə bağlı problem var. Çünki müxalifət hakimiyyətin təklif etdiyi hər hansı yerə - burada daha çox “20-ci sahə”dən söhbət gedir - getməyə hazırdır. Bu gün KİV-in imkanları, internet və sair imkan yaradır ki, mitinqin görüntüləri geniş auditoriyaya çatdırılsın. Vaxtilə kənarda keçirilən mitinqlərdən ancaq “Azadlıq”, yaxud “Yeni Müsavat” geniş material yaya bilərdi. Bu gün isə birbaşa yayım da gedə bilir, videogörüntülər də internetə qoyulur. Yəni bu gün böyük auditoriya mitinqi izləməyə qadirdir. Burada söhbət əsas ordan gedir ki, bu auditoriya mitinqin özündə deyil, ətrafındadır. Orda səslənən fikirlər, mövqelər, istəklər seçiciyə, auditoriyaya, xalqa çatdırılmalıdır.

- Mitinq gününə qədər Rüstəm İbrahimbəyov Bakıya dönə bilərmi?

“Yəni ola bilər ki, o, vahid namizəd olmasın, ancaq Milli Şuranın sədri kimi gəlib burdakı proseslərdə iştirak edə bilər”


- Tiflisdə də bu barədə söhbət olmuşdu ki, mitinq keçiriləndən sonra artıq Rüstəm İbrahimbəyovun gəlişi reallaşa bilər. Burda bir məsələ də var, əgər onun qeydiyyata alınması məsələsi ləngisə, yaxud dayandırılsa, da, onun qayıtmağa qərar verməsi mümkündür. Yəni ola bilər ki, o, vahid namizəd olmasın, ancaq Milli Şuranın sədri kimi gəlib burdakı proseslərdə iştirak edə bilər.

- Sizin Rusiya prezidentinə yazdığınız məktubun Milli Şura tərəfindən qəbul olunmamasını necə qarşıldınız?

- Bu məsələ Milli Şurada o qədər də müzakirə olunmadı. Bir dəfə səsləndi ki, belə məktubu hazırlamaq lazımdır və s. Cəmil Həsənli dedi ki, biz gərək xarici dövlətin başçısına müraciət etməyək. Mən də dedim ki, elə isə biz niyə ABŞ-a, başqa ölkələrə müraciət edirik, Rusiyaya isə yox? Məgər biz Rusiyadan bura əsgər göndərməyi xahiş edirik? Biz deyrik ki, bu kişinin vətəndaşlığını üstündən götürün, azad və ədalətli seçkilərə gedirik, bizim namizədimizdir, onu azad edin. Məktubumuzda başqa nəyi deyirik ki? Başqa nə var? Açığını deyim ki, mən də məsələnin üstündə durmadım. Çünki bu məsələ mənim qərarım deyildi. Tiflisdə mənə həvalə olunmuşdu ki, o məktubu yazım, bunu da elədim.

- Putinə məktub hazırlanması kimin təşəbbüsü idi?

- Milli Şuranın Tiflisdə yığıncağı oldu, 17 nəfərin iştirakı ilə. Partiya rəhbərləri və komissiya sədrlərinin iştirakı ilə belə məktubun hazırlanması qərara alındı. Bu, Putini fakt qarşısında qoyurdu. Yəni əgər Putun qərar verirsə, demək prosesə normal yanaşır, yox əgər bu addımı atmırsa, deməli, qərəzlidir. Biz onu fakt qarşısında qoymalıydıq ki, Putin Azərbaycanda seçki prosesinə bu formada müdaxilə edir.

- Məktub hazırlandı və?..

- Yox, mən məktubu hazırlayıb təqdim etdim, ancaq deyildi ki, hələlik gözləmək lazımdır. Bu istək daha çox İbrahimbəyovun özündən gəldi.

- Necə deyərlər “Məktub yetişmədi...”

- Bəli, məktub qalıb. İndi də Putin gəlib, daha onu göndərmək gecdir.

- Milli Şura niyə məktubun göndərilməsinə razılıq vermədi?

- Mən bir çoxlarını başa düşürəm. Rusiyanın adını eşidəndə sanki öküzü görürlər ki, yox, Rusiya ilə olmaz. Mən onları başa düşür, ona görə də təzyiq etmək istəmirəm. Bu, bir faktdır ki, bizim müxalifət Rusiyadan ehtiyat edir. Bu, normaldır. Hər hansı müraciət başqa formada fırladılır. Necə ki, mətbuatda yazdılar ki, Mehman Əliyev Rusiyadan nəsə xahiş edib. Nəyi xahiş etmişik?

- Ancaq nədənsə məktub yayıldı. Bu, necə baş verib?

- Deyim də. Məktub mənim tərəfimdən razılaşdırmaq üçün Eldar Namazova ötürülmüşdü. Bir də Fuad Ağayevə göndərmişdim ki, bir hüquqşünas kimi baxsın. Başqa bir ünvanda olmayıb.

- Razilaşdırılmamış mətnin yayılması düzgün idimi?

- Kim yayıb ki onu? Söhbət ondan gedir ki, o məktub hansısa yolla oğurlanıb və şəbəkələrdə yayılıb. Mənim yazdığım mətn eynidir, amma məktubun tərtibi başqadır. Bir də ki, mən orda yazmamışdım ki, Mehman Əliyev - Milli Şuranın filankəsi. Orda gedirdi Milli Şura. Götürüb mənim adımı yazıblar.

- Belə çıxmırmı ki, Rüstəm İbrahimbəyov Putinə məktub göndərilməsinə tərəddüd edibsə, demək, vəkil Adil İsmayılovun dedikləri doğrudur?

- Yox, əgər o, vəkilin dediyi kimi vətəndaşlıqdan çıxmaqla bağlı müraciət etməyibsə, onda Rusiya deyərdi ki, müraciət daxil olmayıb. Adətən Azərbaycan mətbuatı Rusiya ilə bağlı nəsə yazanda dərhal reaksiya verilir.

- Rüstəm İbrahimbəyovun hələlik gələ bilmədiyi Bakıya Putin artıq gəlib. Siz Bakı ilə Moskva arasında buzların əriyəcəyini gözləyirsinizmi? Üstəlik, “buzqıran” gəmilər də Bakı Buxtasındadır...

- Bunlar hamısı Rusiyanın burda mövcud olmasının nümayişidir. Rusiya Azərbaycanı daha çox vassal kimi görür. Boynumuza qoyurlar ki, nə qədər mal, silah alacaqsınız, nə qədər pul verəcəksiniz. Hakimiyyətə dəstək verirlər və bunun müqabilində bizdən nəsə almaq istəyirlər. Biz onlardan daha çox mal alırıq, hansı ki, onların keyfiyyətsiz mallarına o qədər də ehtiyacımız yoxdur. Rusiya ildən-ilə Azərbaycan hakimiyyətinin üzərinə bu öhdəlikləri qoyur, hələ qeyri-rəsmi məsələlər də var, hansı formada kimlərə nə qədər verilir, bunlar ayrı məsələdir. Yəni çox acınacaqlı vəziyyətdir ki, Azərbaycan hakimiyyəti gedib Rusiya qarşısında dilənir, ondan dəstək istəyir. Sanki Rusiya padşahdır, hansısa bir xanı vəzifəyə təyin edir...

- Ancaq hakimiyyət Milli Şuranı Rusiyadan dəstək ummaqda ittiham edir...

- Milli Şura Rusiyadan heç nə istəmir. Biz demişik ki, Rüstəm İbrahimbəyovun vətəndaşlığını götür, başqa nə istəyirik ki? Biz Rusiyaya demişik ki, gəl bizə dəstək ver və hakimiyyəti dəstəkləmə? Ancaq hakimiyyət özünü elə aparır ki, Rusiya ilə problemlər həll olundu, daha nələr şəklində. Belə çıxır ki, elə buranın ağası Putindir?..
musavat.com