BolgeXeber.Com » Analitika » “Azərsu”da korrupsiya tüğyan edir

“Azərsu”da korrupsiya tüğyan edir

16-08-2013, 17:25
Oxunub: 6 042 ASC-nin şefi Qorxmaz Hüseynovun qohumlarının şirkətlərinə pul köçürülür, qalanları isə pulsuzluqdan işi yarımçıq dayandırmağa, layihəni keyfiyyətsiz icra etməyə məcbur olublar; Ramana qəsəbəsi yaxınlığında tikilən və Heydər Əliyev prospektinin sol tərəfindəki yaşayış massivini su ilə təchiz etmək üçün nəzərdə tutulan 10 min tonluq anbar keyfiyyətsiz inşa edilib.

Ötən saylarımızda “Azərsu” ASC-də baş verən korrupsiya faktlarına toxunmuşduq. “Yeni Müsavat”a səhmdar cəmiyyətindəki korrupsiya əməlləri ilə bağlı yeni faktlar daxil olub. Adının çəkilməsini istəməyən ASC-nin podratçı şirkətlərin birinin prezidenti redaksiyamıza bildirib ki, xeyli vaxtdır ASC-dən öz halal pulunu ala bilmir.

Mənbənin sözlərinə görə, ASC-nin sifarişi ilə su borularının çəkilməsində iştirak ediblər: “Öhdəliyimizə düşən işi tam şəkildə yerinə yetirmişik. Fəhlələrin pulunu öz büdcəmizdən vermişik. ASC-dən bizə deyirdilər ki, “siz ödəyin, biz sizin hesaba pul keçirəcəyik”. Ancaq iş başa çatandan sona bizi yaxın belə buraxmırlar. Deyirlər ki, sizə veriləsi pulumuz yoxdur. Bizdə olan məlumatlara görə, bu pullar artıq mənimsənilib. Məcbur olub prezidentə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəyik”.
Mənbə deyir ki, başqa podratçı təşkilatlara da eyni münasibət göstərilir, yalnız ASC-nin idarə heyətinin sədri Qorxmaz Hüseynovun qohumlarının şirkətlərinə pul köçürülür, qalan şirkətlər isə pulsuzluqdan işi yarımçıq dayandırmağa, bəzi hallarda isə keyfiyyətsiz işlər görməyə məcbur olublar.

Araşdırmalarımız zamanı mənbənin məlumatlarını təsdiqləyən faktlar əldə etdik. Virtualorg.az saytının məlumatına görə, “Azərsu” ASC-nin Bakı şəhərində həyata keçirdiyi iri su layihələrinin birində lətifəyə bənzəyən hadisə baş verib.
Şirkətə yaxın qaynaqlardan verilən görə, Ramana qəsəbəsi yaxınlığında inşa edilən və Heydər Əliyev prospektinin sol tərəfindəki yaşayış massivini su ilə təchiz etmək üçün nəzərdə tutulan 10 min tonluq anbar tikilib başa çatdırılsa da boş qalıb.
Buna səbəb Balaxanı qəsəbəsi yaxınlığındakı paylayıcı su anbarından həmin anbara suyun gedib çıxmamasıdır. Belə ki, “Azərsu”nun podratçılarının təqdim etdiyi layihəyə əsasən su Ramana yaxınlığındakı anbara özaxımlı getməli idi. Lakin anbar tikilib başa çatdırılandan və ora Ceyranbatan-Balaxanı-Qala magistral su kəmərinin bir hissəsi kimi kəmər çəkiləndən sonra bəlli olub ki, suyun anbarı özaxımlı doldurması mümkün deyil. Bu ciddi mühəndis xətası nəticəsində anbarın bu ilin avqust ayına planlaşdırılmış açılışı təxirə salınıb.
“Azərsu” rəhbərliyinin dövlət vəsaitinin bu cür məsuliyyətsiz xərclənməsinə görə məsuliyyət daşıyan şəxslərdən bir neçəsini sərt cəzalandırdığı da bildirilir. Eyni zamanda sözügedən yaşayış massivinin su ilə təchizatı layihəsi bu üzdən gecikib. Vəziyyətdən çıxmaq üçün Ramana anbarına gedən kəmərdə əlavə nasos stansiyasının tikintisi istisna deyil. “Azərsu”nun planına əsasən hazırda su təchizatı şəbəkəsinə qoşulmayan Türkan, Zirə, Qala, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin etmək üçün Ramana anbarı kompleksindən uzunluğu 65 kilometr olan yeni kəmərin çəkilişi nəzərdə tutulurdu. Amma “ağıllı” mühəndis işinin sayəsində bu plan baş tutmayıb.

Böyük ehtimalla podratçı şirkətin pulun verilməməsi səbəbindən iş keyfiyyətsiz yerinə yetirilib. Bu dövlət vəsaitlərinin aşkar şəkildə talan edilməsi deməkdir.
Yada salaq ki, ötən saylarımızda Hacıqabulda su və kanalizasiya sisteminin yenidən qurulması üçün “Azərsu” ASC-nin sifarişi ilə həyata keçirilən layihədə nəhəng korrupsiya faktlarından danışmışdıq. Burada olmayan işlərə görə böyük məbləğlər silinir, xərclər şişirdilir. Çünki podratçı şirkətlər istisnasız olaraq Azərsu ASC-nin sədri Qorxmaz Hüseynovun çətiri altındadır və onların bütün qanunsuz əməllərinə yaşılı işıq yandırılır.

Ümumiyyətlə, Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinə 2012-ci ildə 250 milyon manat ayrılıb. 2013-cü ildə bu layihəyə əlavə nə qədər vəsaitin ayrılması barədə məlumat verilmir. Ancaq hər halda 2013-cü ildə ayrılan məbləğ 2012-ci illə müqayisədə az olmamalıdır. Çünki “Azərsu”-ya ayrılan vəsaitlər ilbəil artır. Bu 11 rayonda sözü gedən xidməti Q.Hüseynovun bacısı oğlunun həyata keçirtdiyini nəzərə alsaq, söhbətin milyonlardan getdiyi bəlli olar.

2013-cü ildə ASC-yə 734,4 milyon manat sərmayə yatırılması nəzərdə tutulur. Q.Hüseynov ASC-nin rəhbəri təyin olunduqdan sonra (14 fevral 2011-ci il) müəssisəyə dövlət sərmayələri kəskin çoxalıb. 2011-ci ildə ASC-yə 198 milyon manat investisiya yatırılmışdırsa, 2012-ci ildə bu məbləğ 2 dəfədən çox artaraq 580 milyona, 2013-cü ildə isə 734 milyon manata çatıb. Son 2 ildə ASC-yə 1 milyard 314 milyon manat yatırım qoyulub.

Bununla belə, “Azərsu”-ya ayrılan pullar artdıqca şübhəli maliyyə və tender əməliyyatlarının da sayı artır. Nazirlər Kabinetinin 22 avqust 2011-ci il tarixli sərəncamı ilə “Azərsu”-ya icazə verilib ki, “müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasın.

“Satınalmalar haqqında” qanunda yazılıb ki, 50 min manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır. “Azərsu”-nun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, ASC-yə yeni rəhbər təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər. Şirkətlərin Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsus olması ilə bağlı məlumatlar var. Məsələn, ASC-nin seçdiyi şirkətlərdən biri “Sənaye Tikinti-M” MMC-dir. MMC-nin təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov Qorxmaz Cavanşir oğlu Hüseynovun qardaşıdır. Bu MMC “Azərsu” üçün 1,5 milyon manata Korgöz qəsəbəsinə su xətti çəkib. “Hidro-İnşaat Servis” MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub.

Göstərilən faktlarla bağlı “Azərsu” ASC-nin mövqeyini öyrənmək mümkün olmayıb. Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Bununla belə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.