BolgeXeber.Com » Analitika » Məmurlar prezidentin sərəncamını sabotaj etdilər

Məmurlar prezidentin sərəncamını sabotaj etdilər

19-08-2013, 10:15
Oxunub: 6 361 Dövlət başçısının sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı 2011-ci il martın 9-da verdiyi tapşırıq və 2012-ci il iyunun 27-də imzaladığı sərəncam kağız üzərində qaldı; Bakıdakı söküntü bumu seçki kampaniyasına rəsmən start verildiyi günlərə təsadüf edir
Xəbər verdiyimiz kimi, Bakıda 50 minə yaxın evin sökülməsinə start verilib. Hazırda Bakının “Xutor”, Qaraşəhər, “Sovetski”, “Kubinka” və Böyükşor qəsəbəsində 10 mindən çox ev plana düşüb və plan artıq icra olunmağa başlayıb. Dövlət Neft Şirkəti (ARDNŞ) isə neftli torpaqların üstündə 22 mindən artıq tikilmiş evlə bağlı məhkəmə müstəvisində çəkişməni davam etdirir.Artıq Sulutəpə qəsəbəsində 15 min evlə bağlı sənədlər məhkəmələrə təqdim edilib. Bir çox evin sökülməsi ilə bağlı qərar çıxarılıb. Şirkətin yaydığı rəsmi məlumata görə, təkcə Bakı şəhərində şirkətin balansında olan mədən sahələrinin təqribən 30 faizi qanunsuz şəkildə zəbt olunub.
Məsələn, Binəqədidə 12 milyon tona qədər neft ehtiyatı var və bunun 5 milyon tonu qanunsuz tikililərin altında olanlardır. Balaxanı və Buzovnanın hər birində isə 7 milyon ton neft ehtiyatı var. Sözügedən ərazidə qanunsuz şəkildə məskunlaşan sakinlər yaxın günlərdə ərazidən çıxarılacaqlar. Eləcə müxtəlif dövlət qurumları və özəl şirkətlər paytaxtda söküntü işlərini davam etdirirlər. Bu isə prezidentin siyasəti ilə bağlı tam ziddiyyət təşkil edir. 2011-ci il martın 9-da prezident İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirə keçirildi. Müşavirədə əsas diqqəti çəkən məqam fərdi evlərin dövlət qeydiyyatına alınması ilə bağlı təkliflər idi. Elə həmin müşavirədəcə şəxsi evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələyə münasibətini bildirən prezident Bakı meri Hacıbala Abutalıbova və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova problemi “heç bir neqativ hala yol verilmədən, konkret və şəffaf mexanizm əsasında həll etməyi” tapşırdı. Ancaq prezidentin bu tapşırığına əməl edilmədi. 2012-ci il iyunun 27-də prezident növbəti dəfə bu məsələyə müdaxilə etdi və evlərin sənədləşdirilməsi ilə bağlı sərəncam verdi. Sərəncamda evlərin sənədləşdirilməsi üçün 3 ay müddətində təkliflərin hazırlanması əksini tapmışdı. Sərəncamda magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə yüksək ranqlı dövlət məmurlarından ibarət komissiya yaradıldı. Bundan başqa, sərəncamda Ali Məhkəmənin sədrinə və Baş Prokurora tövsiyə olunub ki, komissiyanın fəaliyyətində iştirak etsinlər.
Komissiyaya tapşırılmışdı ki, sərəncamın 1-ci hissəsində göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri, digər tikililərlə bağlı məsələlər araşdırılsın və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində ölkə prezidentinə təqdim etsinlər. Fərmanda nəzərdə tutulan müddət ötən il sentyabrın 27-də bitsə də, komissiyada təmsil olunan oliqarxlar (Ziya Məmmədov, Kərəm Həsənov, Etibar Pirverdiyev, Qərib Məmmədov, Hacıbala Abutalıbov və Rövnəq Abdullayev) işlək mexanizmin yaradılmasına imkan vermədilər.
Məsələ bundadır ki, paytaxtda sənədsiz evlərin dövlət qeydiyyatına alınması siyasi hakimiyyətlə (komissiyada prezidentin köməkçisi Əli Əsədov, Prezident Administrasiyasının şöbə müdirləri Fuad Ələsgərov və Şahin Əliyev, ədliyyə naziri Fikrət Məmmədov, daxili işlər naziri Ramil Usubov, baş nazirin müavini Abid Şərifov siyasi hakimiyyəti təmsil edirdi) oliqarxlar arasında ciddi fikir ayrılığı və mübahisələr yaratmışdı. Sənədsiz evlərlə bağlı məsələdə narazılığın miqyasının geniş olmasını əsas gətirən siyasi komanda mənzillərin dövlət qeydiyyatına alınması üçün güzəştli və yüngül şərtlərdə israr edirdi. Qeydiyyat məsələsində maraqlı tərəf olan oliqarxlar isə güzəştlərin maksimum az olmasına çalışırdılar.
Oliqarxlar çalışırdılar ki, daha çox torpaq sahələri əhalinin əlindən alınsın və təkrar satışa çıxarılsın. Eyni zamanda evlərin sənədləşdirməsi ilə bağlı elə bir mürəkkəb mexanizm yaradılsın ki, proses boyunca rüşvət yığmaq imkanları geniş olsun. Ancaq gərgin müzakirələrə baxmayaraq nəinki kompromis tapmaq mümkün olmadı, əksinə, mümkün variantların ən pisi qəbul edildi, oliqarxiya siyasi hakimiyyətə tam qalib gəldi. Yəni prezidentin sərəncamı sabotaj edildi, oliqarxlar qanunsuz saydıqları tikililəri sökməkdə davam etdilər. Hələ üstəlik qanuni tikililərin də sökülməsinə start verildi. Hətta “söküntü işləri prezident seçkisindən sonra başlayacaq” kimi ümidlər də özünü doğrultmadı. Əksinə, söküntü bumu seçki kampaniyasına rəsmən start verildiyi günə təsadüf edir. Bunun bircə adı var - prezidentin siyasətinin rəsmən sabotaj edilməsi.
Bakı ətrafında ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq tikilməyə başlayan və hazırda ümumi sayı 300 minə yaxın olan sənədsiz evlər uzun müddətdir irimiqyaslı sosial problem olaraq gündəmdədir. Ayrı-ayrı vaxtlarda hakimiyyət qurumları bu cür evlərin söküləcəyi və sahiblərinə kompensasiya ödənməyəcəyinə dair bəyanatlar veriblər. Bir çox hallarda sənədsiz evlərin sökülməsi halları da olub və bu proses lokal miqyasda etirazlara, toqquşmalara gətirib çıxarıb. Prezident sosial narazılıq mənbələrini aradan qaldırmaq istiqamətində bəzi addımlar atmağa başlasa da, onun təyin etdiyi tapşırıqları qulaqardına vurdular. Bu, oliqarxiyanın siyasi sistemə inteqrasiyasının eybəcərliklərindən yalnız biridir.
musavat.com