BolgeXeber.Com » Analitika » Paytaxtda ikinci belə fəlakətli yol yoxdur-Foto

Paytaxtda ikinci belə fəlakətli yol yoxdur-Foto

19-08-2013, 17:20
Oxunub: 6 838 Dərnəgüldə xaos bitmək bilmir. Şəhərin bu istiqamətində tıxaclar artıq normaya çevrilib. Saatlarla tıxacların yaranması, basabas, zülm-zillət 2 ildən çoxdur davam edir. Sürücülər cana doyublar. Bu yoldan keçən istənilən sürücü və ya avtobusa minən sərnişin təsdiqləyər ki, paytaxtda ikinci belə fəlakətli yol yoxdur.
Dözülməz vəziyyətdən bezən bir qrup sürücü redaksiyamıza yazdığı şikayətdə sual edir ki, bu nə zamana qədər davam edəcək. Həqiqətən də 2 ildir davam edən Dərnəgül faciəsi nəqliyyatın hərəkətini iflic edib. Aydındır ki, bu yolun yenidən qurulması, yol qovşaqlarının inşası gələcəkdə Dərnəgülü gül kimi edəcək. Amma hazırkı dəhşətli vəziyyət əsəb, gərginlik yaradır.
Hələ 2 il öncə “Azəryolservis” ASC-nin sözçüsü Pünhan Mürsəliyev yolun genişləndirilməsi ilə əlaqədar buradakı obyektlərin söküləcəyini açıqlamışdı. Nə obyekt sökülüb, nə də yol açılıb.
Hazırda Ziya Bünyadov prospektində böyük bir yol qovşağı inşa olunur, əraziyə ağır texnikalar cəlb edilib, yolun ortası qazılıb, toz-torpaq əlindən nəfəs almaq belə olmur. Sürücülər qeyd edirlər ki, Dərnəgüldə hətta qeyri-iş günləri də tıxaclar yaşanır. Onların sözlərinə görə, yol üstündə yerləşən ticarət məntəqələri sökülsəydi, haradasa müəyyən qədər genişlik yaranardı. Rəsmilər də bu obyektlərin söküləcəyini desə də, yenilik yoxdur.
Tıxacların yaranmasının ən əsas səbəbi isə tikilən körpülərlə əlaqədar olaraq yol infrastrukturunun tamamilə dağılmasıdır. İşıqforların olmadığı magistralda yol kəsişmələrində tıxac yaranır. Minlərlə ağır və yüngül avtomobilin bir-birinə qarışaraq hər iki tərəfdən yol bağlanır. Sürücülər bildirirlər ki, alternativ yollar da bərbad gündədir və çıxış yolu qalmayıb.
Günün əsasən axşam saatlarında Dərnəgül yolu keçilməz bir səddə çevrilir. Marşrutlar bir-birinə girir, saatlarla tıxac əmələ gəlir, hərəkət imkanı donur. Bu prospektdən yalnız hava yolu ilə keçmək mümkündür. Bakıda heç vaxt uzunmüddətli prospektin bağlı olmadığını deyən sürücülərin sözlərinə görə, Dərnəgülün düzəlməsi Allahın ümidinə qalıb. Narazı sürücülər bildirirlər ki, ilin sonuna qədər prospektin hazır olacağına ümid yoxdur.
Şikayətçi sürücülər əlavə edirlər ki, Dərnəgül yolu bağlansa, bundan yaxşıdır. “36 illik körpünü sökdülər. 600 metr uzunluğundakı körpünün təmirə ehtiyacı var idi. İndi prospekt yenidən qurulur. Biz bilmirik hansı yollardan istifadə edək. Dövlət qurumlarını qınamaq lazımdır ki, işi tez yekunlaşdırsınlar. Biz də başa düşürük ki, iş ağırdır, çətindir. Ancaq iki ildən çoxdur ki, bu yol cəhənnəmə çevrilib. Qazıblar, töküblər, iki yol polisi qoymayıblar ki, heç olmasa tıxacların tənzimlənməsinə nəzarət etsin. Bu yolda iki yol polisi qoyulsa, bir az vəziyyət yaxşılaşar”, - deyə sürücülər gileylənirlər.
Prospektdə yerləşən ticarət obyektlərinin taleyi isə qeyri-müəyyən olaraq qalır. Rəsmilər obyektlərə kompensasiya veriləcəyini, həmçinin yaxınlıqdakı evlərin də uçurulacağını bildirmişdi. Ancaq əməli addım yoxdur. Ticarətçilər isə şikayətlənir ki, dükanlarının qarşısı qazılıb, hərəkət etmək olmur.
Məlumat üçün deyək ki, yenidənqurma işləri çərçivəsində prospekt üzərində 4 yeni yolötürücü qovşağı tikiləcək, bir qovşaq isə (“Çermet körpüsü” adlanan ərazidə) yenidən qurulacaq. Yeni qovşaqlardan biri yolun başlanğıcında - Nəsimi rayonu ərazisində A.Mustafayev, R.Məmmədov, A.Salamzadə küçələrinin Z.Bünyadov prospekti ilə kəsişdiyi yerdə (“Xutor dairəsi”) olacaq.
İkinci qovşaq Z.Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində (“Xəqani Petrol” YDM-nin yanında), üçüncü qovşaq Z.Bünyadov prospektinin Böyük Şor küçəsi ilə kəsişməsində, dördüncü qovşaq prospektin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tikiləcək.
Daha bir qovşaq, prospektin Əliyar Əliyev küçəsi ilə kəsişməsində (indiki “Çermet” adlanan ərazidə) yerləşən yol qovşağı isə yenidən qurulacaq, hazırda burada dəmiryolu üzərində olan yol ötürücüsü söküləcək və yeni yol qovşağı tikiləcək. Eyni zamanda, yoldan piyadaların da normal keçidini və hərəkətini təmin etmək üçün piyada keçidləri inşa ediləcək.
musavat.com