BolgeXeber.Com » Analitika » “Sığorta bizə dəyən zərərin yalnız 50 faizini ödəyir” - FOTOLAR

“Sığorta bizə dəyən zərərin yalnız 50 faizini ödəyir” - FOTOLAR

25-12-2021, 17:11
Oxunub: 824 “Bu il sentyabrın 2-də H.Z.Tağıyev qəsəbəsində oğlum Telman Tahirli idarə etdiyi avtomobillə qəzaya düşüb. Onun idarə etdiyi 99 TG 881 nömrəli avtomobil 99 DB 337 dövlət nömrə nişanlı maşınla vurulub. Nəticədə avtomobilimizə 2507 AZN ziyan dəyib. Hadisədən 3 aydan çox vaxt keçsə də, hələ “Azərsığorta” şirkətindən sığorta ödənişini ala bilməmişik”. 
Bu iddia ilə “Qafqazinfo”ya sürücünün atası Rasim Tahirli müraciət edib. Onun sözlərinə görə, avtomobil öz adına olsa da, həmin vaxt oğlu tərəfindən etibarnamə ilə idarə olunub: “Əvvəl dedilər ki, hadisəni qarşı tərəf törədib, onun günahı ucbatından baş verib. Sonra isə qərar qəbul olundu ki, hər iki tərəf zərərçəkəndir. Qarşı tərəfə 40 manatlıq cərimə yazılıb. Oğluma 4 maddə tətbiq olunub, 200 manat cərimə və 5 bal yazılıb. Maddələrdən biri hadisə yerini tərk etmə, digər şəxsi orada qoyub getmə ilə bağlıdır. Halbuki bunlardan heç biri baş verməyib, əlimizdə hadisə zamanı çəkilən görüntülər də var. Maşını polisin iştirakı ilə evakuator aparıb. Oğlum məhkəmə-tibbi ekspertizasına gedərək ekspertizadan keçib”. 
Şikayətçinin sözlərinə görə, hadisə yerinə yol polisi gəlib, qarşı tərəfin sürücüsü xəsarət aldığını dediyinə üçün iş Sumqayıtın Təhqiqat və İstintaq Bölməsinə verilib: “Qəza hadisəsi ilə bağlı ekspertiza aparılıb və ekspertizanın cavabından sonra qərar çıxarılıb. Nəticədə hər iki tərəfə “Forma 4” yazılıb. Bizim maşına dəyən zərər 2507, digər maşına isə 1000 manat qiymətləndirilib. Lakin sığorta şirkəti bizə vurulan zərərə görə sığorta məbləğinin 50 faizini ödəyir. Bunu onunla əsaslandırır ki, yol polisi ikitərəfli qərar çıxarıb, hər iki tərəfi həm zərərçəkən, həm də təqsirkar kimi tanıyır. Lakin hər iki avtomobilə dəyən ümumi zərər 5 min manatı keçməyib. Onların 50 faiz ödəniş etməsi yanlışdır. Bu səbəbdən də mən həmin ödənişi qəbul etməkdən imtina etmişəm, çünki o pul avtomobilimin təmirinə çatmır”.
Məsələ ilə əlaqədar Dövlət Sığorta Kommersiya Şirkətinə (“Azərsığorta”) müraciət etdik. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, 02.09.2021-ci il tarixində şirkət tərəfindən icbari sığorta növü ilə sığortalanmış “Opel Astra” markalı 99 DB 337 növlət nömrə nişanlı avtomobil “Nissan Tida” markalı 99 TG 881 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub və sonuncu avtomobilə zərər dəyib: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda yol-nəqliyyat hadisəsində hər iki avtomobilin təqsirinin olduğu müəyyən edilib. Zərər aktına əsasən isə “Nissan Tida” markalı 99 TG 881 dövlət qeydiyyat nişanlı avtomobilə 2507 manat məbləğində zərər müəyyən edilib. Sığorta hadisəsində hər iki avtomobilin təqsirli olduğu üçün zərər aktına əsasən, müəyyən edilmiş 2507 manat məbləğində sığorta ödənişinin 50 faizinin ödənilməsi barədə qərar qəbul edilib”. 
Şirkətdən bildirilib ki, faydalanan şəxs sığorta ödənişi ilə bağlı aktı imzaladıqdan sonra sığorta ödənişinin verilməsi həyata keçiriləcək.