BolgeXeber.Com » Analitika » Milli Şura sədri Azərbaycana bir daha gəlməyəcək

Milli Şura sədri Azərbaycana bir daha gəlməyəcək

24-08-2013, 16:35
Oxunub: 5 589 Rüstəm İbrahimbəyovdan sensasiyalı açıqlamalar

«İnanırdım ki, Putin mənə görə qanunları pozacaq»

«Mən vəziyyətin necə olması haqda açıq danışmaq istəyirəm. Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər etməmişdən qabaq ümidvar idim ki, mənim işimə istisna hal kimi tez baxacaq, qərar verəcək. Amma təəssüf ki, birdən-birə Vladimir Putin Bakıya getdi. Hələ indi də heç kim bilmir ki, necə oldu Putin birdən-birə Bakıya səfər etdi. Putin Azərbaycandan qayıdandan sonra mənim məsələm qeyri-müəyyən qaldı. Nəyə görə? Çünki iki ölkə müxtəlif sənədlərə qol çəkib. Ancaq səfərin əsas mənası və məqsədi Vladimir Putinin İlham Əliyevə dəstək verməsidir. Rusiya prezidenti Azərbaycana səfər etməklə bunu açıq formada göstərdi. Müraciətimin qeydə alınmasından on gün keçib, hələ bir cavab yoxdur. Səmimi deyim ki, indiki vəziyyətdə Putinin mənim sənədlərimə qol çəkəcəyinə inanmıram».

Bu sözləri «mediaforum» saytına açıqlamasında Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bildirib. O qeyd etdib ki, bu məsələdə Vladimir Putini də günahlandırmaq olmaz. «Çünki adətən vətəndaşlıqdan çıxmaqla bağlı müraciətlər aylar sonra cavablandırılır. Deməli, o mənə görə qanunları pozmalıdır və sənədimə tez qol çəkməlidir. Mən buna inanırdım. Amma o, Bakıya getdikdən sonra nə oldusa, heç kəs bilmədi. Ola bilər ki, sənədlərimlə bağlı məsələ bir-iki günə yekunlaşmasın, iş tezliklə həll olunmasın. Lakin bildirmək istərdim ki, birincisi, mənim heç bir ölkə, o cümlədən Rusiya qarşısında heç bir öhdəliyim yoxdur və prezidentliyə namizəd kimi təsdiqlənməyim üçün əlimdə kifayət qədər əsaslar var. Bu barədə Mərkəzi Seçki Komissiyasına da yazmışam. Rusiya dövləti qarşında heç bir öhdəliyim yoxdur. Burada nə mülküm var, nə vergi verirəm, nə də maaşlı iş yerim var. Bu da əsas məsələdir. İkincisi, Azərbaycan Konstitusiyasında aydın yazılıb ki, ikili vətəndaşlığı olan şəxs prezidentliyə namizəd ola bilməz. Mənim ikili vətəndaşlığım yoxdur, ikinci vətəndaşlığım var. İkinci vətəndaşlıq isə Azərbaycan Konstitusiyasında ümumiyyətlə qeyd olunmayıb. Ona görə hüquqi işlərlə məşğul olan böyük bir beynəlxalq fonda müraciət etdim. Bunu təhlil etdilər və rəy verdilər ki, prezident seçkisində iştirak etməyim üçün heç bir əngəl yoxdur, hazırkı durumum seçkidə iştirak etməyə imkan verir».

Gələcək planları barədə danışan R.İbrahimbəyov bildirib ki, prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün cəhdlərini davam etdirəcək. «Əgər mümkün olmasa, biz birləşib Milli Şuranın bütün imkanlarından istifadə edib professor Cəmil Həsənlinin qələbəsi üçün çalışmalıyıq, hər cür dəstək olmalıyıq.

Bakıya qayıtmağa gəlincə, hesab edirəm ki, əgər prezidentliyə namizədliyimi qeydiyyata almasalar, məni seçkiyə buraxmasalar, Azərbaycana qayıtmağım bir qədər ağılsızlıq olar. Çünki burada olmaqla prosesə daha çox dəstək verə, kömək edə bilirəm. Azərbaycana qayıtsam, məni həbsxanaya atacaqlar, təcrid edəcəklər və bu prosesə heç bir kömək edə bilməyəcəm. İndi bu iki variantdan birinə üstünlük verməliyəm.

İqtidar elə bir qorxuya düşüb ki, hamını həbs etməyə hazırdır. Nicat Quliyevin (sabiq xarici iqtisadi əlaqələr naziri, bu il avqustun 7-də həbs olunub - red.) işinə baxın. Nicat Quliyev bir neçə dəfə mənə zəng edib. Ona görə də onun bağına silah, sursat, top-tüfəng atıb türməyə basdılar…. Ona görə də indi hər şeyə gedərlər».