BolgeXeber.Com » Analitika » Fərhad Əliyevin iqtidara qəfil reveransının sirri

Fərhad Əliyevin iqtidara qəfil reveransının sirri

26-08-2013, 13:00
Oxunub: 6 573 Sabiq nazir azadlığa çıxmaq üçün anlaşıb; Cəmil Həsənlinin Milli Şuranın vahid namizədi olması tanınmış siyasi məhbus üçün yeni situasiya yaradıb; eks-nazirin türmədən yolladığı müraciətdə nələr var?; Əli İnsanov ona edilən təklifi niyə geri çevirib?
Avqustun 24-də həbsdəki sabiq nazir Fərhad Əliyevin adından qəribə bir müraciət yayıldı. Öncə müraciəti bir daha diqqətə çatdıraq: “Bu gün mənə məlum oldu ki, professor Cəmil Həsənli qarşıdan gələn prezident seçkisində Milli Şuranın namizədi olub. Cəmil Həsənli mənim həmyerlim, uzaq qohumumdur və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədridir. Ona çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona minnətdaram.
Bununla belə, Azərbaycan prezidenti seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum, Azərbaycanın iqtisadi dirçəlişini təmin edən, dünyaya tanıdan, uzaqgörən siyasəti ilə beynəlxalq nüfuza malik olan cənab İlham Əliyevə inanıram və onu dəstəkləyirəm. Bu səbəblərə görə də prezident seçkisində cənab İlham Əliyevə səs verəcəyəm. Yaxınlarımın da mənimlə eyni mövqedə durduğuna inanıram”.

***

Burada ilk diqqəti çəkən məqam müraciətin bu qədər operativ, tələm-tələsik, həm də istirahət günündə mediaya ötürülməsidir. Həbsdə yatanlar bilirlər - adətən şənbə və bazar günləri vəkillər öz müvəkkilləri ilə görüşə getmirlər. Ya da bu, nadirən olur. Xüsusilə də istintaq altında olmayan, cəzaçəkmə müəssisələrində uzun zaman dustaq həyatı yaşayanlar vəkillə gündəlik təmasa ehtiyac duymurlar.
Nəzərə alsaq ki, sabiq nazirin vəkili də ölkənin ən yaxşı vəkillərindəndir, işi həddindən artıq çoxdur, Elton Quliyev də durduğu yerdə heç bir müvəkkilinin yanına istirahət günlərində ziyarətə getmir. O zaman birinci nəticə budur - vəkil F. Əliyevin təşəbbüsü ilə, məhz xüsusi xahiş əsasında həbsxanaya baş çəkib. Və Fərhad Əliyevə bu müraciəti dərhal, Cəmil Həsənlinin namizədliyinin üzərindən heç bir sutka keçmədən yaymaq lazım olub. İş həftəsini gözləmək istəməyib; yaxınlarına xəbər yollayıb; vəkil gedib, o da yazıb.
Sonuncu abzasdakı cümlələrin mürəkkəb quruluşundan da göründüyü kimi, redaktəsini, ya da yeni redaksiyasını Elton Quliyev həyata keçirib. Onun müvəkkili olmuş siyasi dustaqlardan biri iddia edir ki, vəkil bu cür cümlələr qurmağı çox sevir.
Fərhad Əliyevin tələsməsinin iki səbəbi ola bilər:

1. Bu müraciəti ondan iqtidardakılar tələb ediblər; təhdid ediblər ki, ortaya mövqe qoysun, yoxsa yaxın çevrəsinə və s. problemlər yaradılacaq.

2. Bu, onun öz təşəbbüsüdür, narahat olub ki, hakimiyyətdəkilər Cəmil Həsənliyə hər cür dəstək verəcəyini, onunla birlikdə hərəkət edəcəyini düşünər, müxalifəti maliyyələşdirməsi barədə şübhəyə düşərlər. Özünün də dediyi kimi, Cəmil Həsənli ilə qohumluq əlaqələri var, professorun öz üzərindəki zəhmətini, haqqını tanıyır və s.

Bizə görə ikincidir, lakin birinci versiyanı da inkar etmirik. Əslində müəyyən maliyyə imkanlarının qaldığı hələ də iddia edilən sabiq nazir əndişəsində haqlıdır. Cəmil Həsənli böyük fədakarlıq edərək, Milli Şuranın vahid namizədi olmağa razılaşması ilə özünü bu iqtidarın bir saylı hədəfinə çevirdi. İndi, təbii ki, ona yaxın olan hər kəsi araşdıracaq, sıxışdıracaq, ələkdən keçirəcək, neytrallaşdırmağa qalxacaqlar.
Bu yaxınlar sırasında Fərhad Əliyevin adı hər halda sonuncu deyil; yəqin ki, birincidir. Bu səbəbdən də Fərhad Əliyev artıq vəziyyətini, qohum-qardaşının onsuz da gərgin olan həyatını daha da gərginləşdirməmək, bu seçkidən sonra özü və qardaşı üçün ümid etdiyi əfvə ümidini itirməmək üçün bu cür açıqlama verə bilərdi.
Sosial şəbəkələrdə və musavat.com-un şərhlərində onu qınayırlar. Lakin unudurlar ki, bu adam 8 ildir həbsdədir; bayırda ailəsi var; özünün, ya da qardaşının bu il çıxmaq şansı qalır; ən pis halda 2 il sonra azadlığına qovuşacaq. Düşünə bilər ki, adı siyasi müxalifətlə birgəlikdə hallansa, təbii ki, onu yaxşı perspektiv gözləməyəcək.
Lakin professor Həsənlinin, demokratik düşərgənin bu seçkini qazanmaq şansı da var. Bu gündən baxanda, çox deyil, nəzəridir; lakin bu şans mövcuddur. 5-10, hətta 20 gün sonra nə olacağını isə kimsə proqnozlaşdıra bilməz.
O zaman inanırıq ki, Cəmil Həsənlinin, bu detalı nəzərə almadan, prezident kimi ilk işi müdafiəsindəki sabiq naziri açıb buraxmaq olacaq.

***

Yazı çapa hazırlanarkən, hüquq müdafiəçilərindən biri vasitəsi ilə əldə etdiyimiz məlumatda iddia olunur ki, əslində Fərhad və onun həbsdəki qardaşı Rafiq Əliyevlər hələ ötən ildən iqtidarın müəyyən yetkililəri vasitəsi ilə anlaşma əldə ediblər. Həmin anlaşmaya görə, Rafiq Əliyev öz azadlığına ötən ilin sonlarında qovuşmalı idi. Lakin son anda iqtidar bu anlaşmanı pozub və Rafiq Əliyevin adını əfv siyahısından çıxarıb. Buna baxmayaraq, proses dayanmayıb: “Əliyevlərə 2013 seçkilərindən dərhal sonra azadlığa çıxacaqlarına dair söz veriblər. Bu dəstək bəyanatının bu cür ürəklə verilməsinin əsas səbəbi də budur.”
Hüquq müdafiəçisi onu da söylədi ki, belə bir bəyanatın verilməsi Əli İnsanova da təklif olunub. Qarşılığında ona əfvlə çıxacağı vəd edilib. Lakin qocaman professor bu təklifi geri çevirb və anlaşmaya getməyib.
musavat.com