BolgeXeber.Com » Analitika » İsmət Abbasovun virus korrupsiyası

İsmət Abbasovun virus korrupsiyası

3-09-2013, 17:50
Oxunub: 8 025 Kənd Təsərrüfatı Nazirliyi iribuynuzlu heyvanlar arasında yayılan virusun müalicəsi adı ilə büdcədən milyonlar silməyə hazırlaşır
Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik artıq 35 rayonu əhatə edir. 150 minə yaxın iribuynuzlu heyvan bu virusa yoluxub. Təhlükəli virus sürətlə ölkənin bölgələrinə yayılır. Xronikaya diqqət yetirin: Dövlət Baytarlıq Xidməti xəstəliyin öncə 17, sonra isə 28, 31 və nəhayət, 35 rayona yayıldığını bəyan edib.
Xronikadan da göründüyü kimi, Kənd Təsərrüfatı Nazirliyinin səylərinə baxmayaraq təhlükəli virusun əhatə dairəsi genişlənir. İndi təkcə Aran zonası yox, cənub, Şirvan və Aran Qarabağ bölgəsinin iri buynuzlu heyvanları da bu xəstəlikdən əziyyət çəkir. Deməli, nazirliyin apardığı mübarizə üsulları effektiv deyil.
Azərbaycanda bu tip xəbərlərin yayılması müəyyən çevrələr üçün “çox gəlirli biznes” növünə çevrilir. “Quş qripi” ilə bağlı məlumatları yada salın. Bu virusa qarşı mübarizə adı ilə dövlət büdcəsindən milyonlar xərcləndi, ancaq virusa yoluxanların real adları olmadı. Bu da “quş qripi”nin virtual virus olması ilə bağlı versiyaların ortaya çıxmasına səbəb oldu. Ən əsası isə odur ki, rəsmi qurumlar bu versiyanı təkzib edəcək hər hansı bir arqument irəli sürə bilmədilər.
İndi də iribuynuzlu heyvanlar arasındakı virus haqqında da eyni versiyanı irəli sürmək olar. Kənd Təsərrüfatı Nazirliyinin rəsmi izahatına görə, yeni yayılan virus dünya virus ailəsinə məxsus xəstəlikdir və üç virusun qarışığından yaranıb. Bunlar şomonda, akabene, aina adlı viruslardır. Ağcaqanad və həşəratlar vasitəsilə yayılan xəstəlik mal-qara arasında artıq geniş yayılmaqdadır. Bu xəstəlik hələ 2011-ci ildən Avropa ölkələrində tüğyan edir. Ancaq heyvanlar arasında yayılan bu virus insanlara keçmir.
Elə bu izahatın özündə ziddiyyətli məqamlar var. Avropada bu virus 2011-ci ildən yayılıbsa, onda niyə Kənd Təsərrüfatı Nazirliyi bu virusu qarşılamağa hazır olmayıb? Bu, virus Azərbaycana konkret olaraq hansı ölkədən keçib? Bu çox vacib detaldır. Çünki virus ilk olaraq Aran rayonlarında yayılıb. Aran rayonları isə sərhədboyu rayonlar deyil. Avropada bu virus 2011-ci ildə yayılıbsa, demək, Avropa ölkələrinin bu virusa qarşı mübarizə təcrübəsi var. Nazirlik niyə bu təcrübədən faydalanmır? Nəhayət, Avropada 20011-ci ildə yayılan virusdan necə olur ki, Azərbaycan 2 ildən sonra xəbər tutur? İnformasiya əsrində bu, sadəcə olaraq, mümkün deyil. Yeri gəlmişkən, Avropada “quş qripi” virusu haqda yayılan xəbərlər Azərbaycan da daxil olmaqla, dərhal bütün dünyaya yayılmışdı. Ona görə də bu virusla bağlı məlumatların 2 il qapalı qalması heç bir tənqidə dözmür.
Ona görə də bu virusun da növbəti virtual xəstəlik olması ilə bağlı mülahizələr ortaya çıxır. Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatını ciddi qəbul etsək, onda belə çıxır ki, bazar dəyəri 200 milyon manatdan çox olan mal-qara bu xəstəliyə tutulub. Ancaq hanı bu xəstəlikdən əziyyət çəkən fermerlərin real adları? Hələ ki nazirlik virtual məlumatlara üstünlük verir. Təbii ki, birmənalı olaraq sözügedən virusun “virtual virus” olmasını iddia etmək niyyətində deyilik. Bu suallara Kənd Təsərrüfatı Nazirliyi aydınlıq gətirməli, təhlükənin real olduğunu konkret faktlarla sübut etməlidir. Görünən isə budur ki, yenidən virtual xəstəliklə mübarizə altında “biznes seti” qurulur.
Bu xəbərlər ictimailəşən kimi, nazirlik hökumətə müraciət etdi ki, xəstəliklə mübarizə üçün vəsait ayrılsın. Nazirlər Kabineti bu müraciətə müsbət reaksiya verib. Nazirlər Kabinetinin sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə zəruri olan xüsusi təyinatlı avtomaşınların, avadanlıqların, müalicəvi dərmanların, dezinfeksiya və dezinseksiya maddələrinin alınması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 2 milyon 350 min manat məbləğində vəsait ayrılıb. Bu sərəncamın özü də müəyyən şübhələrə yol açır. Çünki Kənd Təsərrüfatı Nazirliyinin yetərincə böyük büdcəsi var və büdcə çərçivəsində virusa qarşı mübarizə tədbirlərini həyata keçirmək olardı. 2013-cü ilin dövlət büdcəsindən kənd təsərrüfatına 470 milyon manat (600 milyon dollar) vəsait ayrılıb. Dövlət investisiyalarını və xarici kreditləri də bura əlavə etsək, Kənd Təsərrüfatı Nazirliyinin büdcəsi 1 milyard dollara yaxındır. Bu balaca məbləğ deyil. Ermənistan hərbi xərclərinə bərabər bir məbləğdir. Ermənistan bu vəsaitlə həm öz ordusunu, həm Qarabağdakı separatçı rejimi maliyyələşdirir, Azərbaycandan müdafiə olunurlar. Ancaq İsmət Abbasovun rəhbərlik etdiyi nazirlik bu vəsaitlə bir virusa da qalib gələ bilmir, əvəzində isə hökumətdən əlavə vəsait istəyir. Yəni burada korrupsiya riskləri kifayət qədər yüksəkdir - ayrılan vəsaitin həqiqətən sözügedən virusa qarşı mübarizəyə, yoxsa nazirin övladları üçün Avropada yeni mülklərin alınmasına xərclənəcəyi bəlli deyil. Əgər virusun əhatə dairəsi günbəgün genişlənirsə, deməli, ikinci versiya üzərində dayanmaq lazım gələcək. Hətta o da mümkündür ki, nazirlik yenidən hökumətə müraciət edib əlavə vəsait istəsin. Çünki nazirlik virusun əhatə dairəsinin genişləndiyini iddia edirsə, deməli, bu xəmir hələ çox su aparacaq.

Qadir İBRAHİML