“Elşad Abdullayev şokdadır”
5-09-2013, 09:50
Oxunub: 7 054
Azad Mürsəliyev: “O, yaxın günlərdə təsirli videolar yayacaq”; “Sevinc Babayevanın məktubu arxadan atılan daşa oxşayır”
Hakimiyyət sabiq ABU rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevə qarşı hücuma keçib. Son bir ayda adının Ukraynadakı donor qalmaqalında hallanması, ardınca barəsində həbs-qətimkan tədbirinin seçilməsi, eləcə də bu qalmaqalla bağlı keçirilən bəzi məhkəmələrdə zərərçəkən kimi tanınmaması buna sübutdur.
Amma maraqlıdır ki, E.Abdullayev son həftələrdə susqunluq nümayiş etdirir, hər hansı video, müraciət, səs yazısı yaymır. Daha öncə prezident seçkiləri ərəfəsində ciddi hücuma başlayacağını anons edən sabiq rektorun hazırkı mövqeyi isə sual doğurur.
“Yeni Müsavat”ın əməkdaşı son dövrlər bir neçə dəfə E.Abdullayevlə danışmağa cəhd göstərsə də, buna nail ola bilməyib. Odur ki, suallarımızı Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, eyni zamanda E.Abdullayevin səlahiyyətli nümayəndəsi Azad Mürsəliyevə ünvanladıq.
- Azad bəy, Elşad Abdullayev daha öncəki müsahibələrində tez-tez deyirdi ki, seçkiyə az vaxt qalmış yenidən hücuma keçəcək, ən təsirli videolarını həmin vaxt paylaşacaq və sair. Seçkilərə çox az vaxt qalıb və Elşad Abdullayev cəbhəsində durğunluq müşahidə olunur, sabiq rektor susqundur. Nələr baş verir? Nədir bu susqunluğun səbəbi?
- Mən deyə bilmərəm, Elşad Abdullayev konkret nəyə görə susqundur. Sadəcə olaraq, onunla sonuncu danışığımızı diqqətə çatdıra bilərəm. Dünən gecə yarısı onunla skayp vasitəsilə danışmışam. Bildiyimə görə, mənim elektron ünvanıma, eyni zamanda da vəkili Adil İsmayılovun ünvanına məktub göndərib. Orada xüsusi xahişlərini edib. Xahişlərdən birincisi odur ki, Nəsimi Rayon Məhkəməsinin onunla bağlı çıxarılmış məhkəmə qərarından qəti surətdə narazı olduğu bildirilsin və şikayətini desin. O cümlədən bu günə kimi olan ümumi hüquqi durumla bağlı şəxsən məndən, ilk növbədə isə vəkili Adil İsmayılovdan arayış istəyir. Ondan soruşanda ki, konkret bu arayışı niyə istəyirsən, dedi ki, mən birbaşa dövlət başçısına müraciət edəcəm. Müraciətində Azərbaycanda qanunsuz məhkəmə, hüquq sistemi barədə şikayətlərini bildirəcək. Xüsusən də cənab prezidentin göstərişi ilə yaradılmış Müstəqil İstintaq Komissiyasının (MİK) işindən narazı olması və ondan imtina etməsini də həmin müraciətində bildirəcək. Doğrudur, onun bu imtinası həmin qurumun qanunsuzluğunu davam etdirməməsində hər hansı rol oynamır. Amma bununla demək istəyir ki, MİK deyilən qurumu tanımaq istəmir. MİK ancaq onun qardaşını oğurlayan şəxsləri ört-basdır etməklə məşğuldur. Bu günə qədər Mahir Abdullayevlə bağlı irəli sürülən yüzlərlə ittihamlar, qərarların heç birində Mahir Abdullayevin adını görə bilməzsiniz. Bu, onun dünən mənə söylədiyi fikirlərdir. O ki qaldı niyə susqun olmasına, mən bunu özüm başa düşdüyüm kimi deyə bilərəm. Sadəcə olaraq, insan bir müddət dincəldi, istirahət etdi. Bildiyimə görə, sabah və ya birigün növbəti video paylaşılmalıdır. Söhbət hansı videolardan gedəcək, mən artıq onu bilmirəm.
- Elşad Abdullayev barədə həbs qərarı verilməsi, “donor qalmaqalı”nın gündəmə gətirilməsi yenilikdir. Özü bu barədə nə deyir? Məsələn, bu gün saytlardan birində onun Fransada həbs olunması ilə bağlı xəbər yayılmışdı. Nə dərəcədə doğrudur? Orada izlənirmi?
- Mən bildiyimə qədər həmin xəbər “Təzadlar” qəzetində gedib. Elşad Abdullayev isə o qəzetin saytına ümumiyyətlə baxmır. Amma nümayəndəsi kimi mənim borcumdur ki, onun barəsindəki bütün xəbərləri izləyim. O qəzetdə çıxan informasiyaların əksəriyyəti dezinformasiya xarakteri daşıyır. Təkrar etmək istəyirəm ki, Elşad Abdullayevlə dünən danışmışam. Heç kim onu saxlamayıb, həbs etməyib, hər şey qaydasındadır.
- Orqan alverində adının hallanmasına, Ukraynada açılan cinayət işi və Respublika Prokurorluğunun bununla bağlı yaydığı məlumat barədə nə düşünür? Bu işdəki məsuliyyət payı nə qədərdir? Bu məsələ çıxan gündən ona mövqe bildirməyib.
- Mən sizinlə tamamilə razıyam. Dünən onun özünə də dedim ki, bu məsələ ilə bağlı ictimaiyyətə ünvanlanan çıxışın, rəsmi müraciətin olmalıdır. Doğrudur, biz buna etiraz edirik, amma bunu da arqumentlərlə ifadə etməliyik. O deyir ki, yaxın günlərdə bu məsələyə münasibət bildirəcək. Çox güman ki, tanınmış kanallardan birində, ya bir portal vasitəsilə, ya da elə sizin sayt vasitəsilə müraciətini edəcək.
- Yəni bu, videogörüntülü çıxış olacaq?
- Canlı olacaq, efir olacaq, bunu mən deyə bilmərəm. Amma bildiyim odur ki, bu mövzuda nəsə açıqlama verəcək.
- Söhbətimizin əvvəlində də dedim ki, seçkilərə az vaxt qaldığı bugünlərdə ictimaiyyət müxalifətlə yanaşı, Elşad Abdullayevdən də bir hərəkətlilik gözləyir. Hansısa ifşaedici materiallar, videolar… Onun planları nədir? Yaxın bir ay üçün nə gözlənilir?
- Mən bildiyimə görə, Elşad Abdullayev YAP-çı deyilsə, digər siyasi partiyaların da üzvü deyil. Ona görə də o, seçkilərin baş tutub-tutmaması, eləcə də seçkilərlə bağlı hansısa xüsusi rol oynayan deyil. Ola bilər, bu təsadüfdür. Çünki o daha öncə bildirmişdi ki, seçkidən öncə cəmiyyətə ciddi videolar təqdim edəcək. Mən bildiyimə görə yaxın günlərdə həmin videolar getməlidir. Çünki bəzi insanlarla bağlı məsləhətləşmələr gedir. Amma son qərar yenə özünündür.
- Arzu Kazımov barəsində ilkin məhkəmə instansiyası 3 il həbs qərarı verib və indi iş Apelyasiya Məhkəməsinə göndərilib. Zərərçəkən kimi tanınmasa da, hər halda, bu şəxs onun şikayəti əsasında həbs olunmuşdu. Məhkəmənin qərarı barədə nə düşünür?
- Elşad Abdullayev şokdadır. Mənə söyləyir ki, 1.5-3 milyon pul alanlara 3 il iş verirlər, pul almayan insanlara, o cümlədən qardaşı oğlu Mübariz Abdullayevə 10 il iş verirlər. Hansı ki, o cinayəti Elşad Abdullayev heç təsdiqləmir və deyir ki, Mübariz Abdullayev mənə qarşı hər hansı cinayət etməyib. Yaxud da Natiq Abbasov, Mirsahib Məcidova prokurorun 7-8 il iş istəməsi Elşad Abdullayevin fikrincə, absurd görünür. Sualınıza əsaslanaraq isə Elşad Abdullayevin daha bir fikrini çatdırım ki, o, Azərbaycanda müstəqil məhkəmə sistemi olmadığını düşünür.
- Gülər Əhmədovanın istintaq işi də yekunlaşıb, hazırda özü istintaq materialları ilə tanış olur. Elşad Abdullayevi bu işdə də zərərçəkən kimi tanımasalar da, mövqeyiniz necədir, onun istintaqı ilə bağlı nə düşünürsüz?
- Ediləsi bir şey yoxdur. MİK istintaq başlanan gündən istər Gülər Əhmədova, istərsə Arzu Kazımovla bağlı Elşad Abdullayevə və onun nümayəndələrinə şans vermədi ki, istintaqın işi ilə tanış olsunlar. Elşad Abdullayevi heç bir işdə zərərçəkən kimi tanımadılar. Çünki tanıdıqları halda Elşad Abdullayev və onun nümayəndələrinin müəyyən imtiyazları yaranırdı. Belə ki, vəsatət verə bilərdi, nəyəsə narazılıq edərdi, istintaqa hansısa sübutları təqdim edə bilərdi. Amma zərərçəkən kimi tanımadıqları üçün hətta məhkəmələr də bizsiz keçirildi, biz onun vaxtını da öyrənə bilmirdik. Öyrənəndə də vaxtı dəyişə, etirazımızı bildirə bilmirdik ki, niyə bizsiz keçirirsiz. Yəni biz bu proseslərdən kənarda qaldığımız üçün bizə qanunla, konstitusiya ilə təqdim edilə biləcək imtiyazlardan istifadə edə bilmədik. Bu qanunsuzluğun bünövrəsini də MİK qoydu. MİK bizi bu prosesdən izolyasiya elədi.
- Sevinc Babayevaya məxsus olduğu iddia edilən bir məktub bugünlərdə üzə çıxdı. “Yeni Müsavat” vasitəsilə bu məktub geniş ictimaiyyətə təqdim edildi. Orda Sevinc Babayevanın dilindən Elşad Abdullayev ittiham edilirdi. Bu məktub barədə nə düşünürsünüz?
- Mən başa düşürəm ki, aparıcı bir qəzet olaraq sizə gələn bütün xəbərləri yaymaq haqqınız var. Baxır məqalənin sonu necə bitəcək, əsas məsələ odur. Amma bizim fikrimiz budur ki, bu gün o məktub sadəcə biabırçılıq deməkdir, gülünc görünür.
- Elşad Abdullayevə də gülməli görünür bu məktub?
- Bəli, o da gülür. Onun fikrincə, bu, arxadan atılan daşa oxşayır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər