BolgeXeber.Com » Analitika » Keçmiş rəis keçmiş naziri səviyyəsiz adlandırdı

Keçmiş rəis keçmiş naziri səviyyəsiz adlandırdı

5-09-2013, 10:50
Oxunub: 7 504 Akif Səlimovun erməni bacanağının olmadığını isbatlamaq üçün əlimi ”Quran”a basmağa hazıram”

Dünən bəzi saytlarda keçmiş daxili işlər naziri Tahir Əliyevin Şuşanın və Laçının işğalı ilə bağlı keçirilmiş məhkəmədə verdiyi ifadənin videosu yayılıb.

T.Əliyev ifadəsində hazırda Laçının icra başçısı işləyən, o zamanlar isə sözügedən rayonun polis rəisi çalışmış Akif Səlimov və keçmiş müdafiə naziri Rəhim Qazıyev haqqında təhqiramiz ifadələr işlədib. Həmçinin Akif Səlimovun bacanağının erməni olduğu və həmin erməninin o zaman Gorusun polis rəisi işlədiyini bildirir. T.Əliyev həmçinin bildirib ki, A.Səlimovun onunla eyni vaxtda Şuşa şəhərinin polis rəisi işləmiş Vahid Bayramovla münasibətləri gərgin olub. Bu isə rayonların erməni işğalından müdafiəsinə mənfi təsir göstərib.

T.Əliyevin iddiasına münasibət bildirməsi üçün müraciət etdiyimiz Vahid Bayramov bu iddiaların tamamilə iftira olduğunu dedi. Hazırda II qrup əlil və prezident təqaüdçüsü olduğunu, Ermənistan tərəfindən İnterpola axtarışa verildiyini bildirən V.Bayramov yayılan videoya görə xeyli hiddətləndiyini vurğulayıb: “Əvvəlcə qeyd edim ki, onda daxili işlər nazirinə məxsus keyfiyyətlər yox idi. Onu vəzifəyə sırf cəbhəçi olduğu üçün qoymuşdular. Akif Səlimovla mən isə Heydər Əliyevin siyasətini müdafiə edən insanlar idik. Əlbəttə, o istəyirdi ki, bizi öz postumuzdan uzaqlaşdırsın, verdiyi diletant göstərişlərin əməl edilməsinə nail olsun. O ki, qaldı Akif Səlimovla mənim münasibətlərimin gərgin olmasına, bu fikirlər sadəcə gülüş doğurur. Çünki Akif Səlimov uzun illərdir ki, mənim ən yaxın dostumdur. Akif Səlimov Laçının icra başçısı təyin ediləndə onu dostları, keçmiş silahdaşları arasında ən birinci təbrik edən bəlkə də mən oldum. Biz daim Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclaslarında bir yerdə əyləşirdik. Lazım gəlsə, bunu əks etdirən çoxsaylı fotoları istənilən adama təqdim edə bilərəm. Ona görə də Tahir Əliyevin fikirləri yalan, iftira və böhtandır”.

V.Bayramov qeyd edib ki, bütün bu şayiələrin, yalanların yayılmasının ən başlıca və yeganə səbəbi A.Səlimovun vəzifə başında olması ilə bağlıdır: “O bu gün vəzifədədir deyə, onu vurmaq üçün bu cür yalanlar uydururlar. Mənim dediklərimə inanmayanlara belə bir sual vermək istəyirəm. Əgər əllərində bu cür ”faktlar” var idisə, onu niyə əvvəllər ortaya çıxarmırdılar, videoları internetə yükləmirdilər? Mən nə o vaxt, nə də bu vaxt Tahir Əliyevin göstərişlərini kor-koranə icra etməmişəm. Çünki Tahir Əliyev yerişini-duruşunu, danışığını bilməyən bir adamdır. Ona görə də bu gün onun yalanlarına inanmaq lazım deyil. Mən onun dediklərinin, o cümlədən Akif Səlimovun erməni bacanağının olmadığını isbatlamaq üçün əlimi “Quran”a basmağa hazıram”.

V.Bayramov deyib ki, 11 bundan əvvəl olmuş məhkəmə istintaqından çəkilmiş videonu bu gün yenidən yayanlar, bunu öz aləmlərində ictimailəşdirənlər sifariş yerinə yetirirlər: “Bunu edənlər alçaq adamlardır. Onları başqa cür adlandırmağa adamın dili gəlmir. Mən Səlimov kimi təmiz, dövlətini sevən, indiki və keçmiş prezidentimizə sadiq adamı nə özüm görmüşəm, nə də haqqında eşitmişəm”.