BolgeXeber.Com » Analitika » Kəmaləddin Heydəqov Artur Rəsizadənin yerinə gəlir

Kəmaləddin Heydəqov Artur Rəsizadənin yerinə gəlir

5-09-2013, 12:00
Oxunub: 7 474 Seçkidən sonrakı seçim necə olacaq? Kəmaləddin Heydərov 9 oktyabrdan sonra gedəcək Artur Rəsizadənin səlahiyyətlərini icra edir; son aylar Prezidentin Ehtiyat Fondundan pul ayrılan bütün rayon rəhbərlərinə tapşırılıb ki, seçkiyədək vəsaitdən 1 manat belə xərcləyə bilməzlər; Rusiya ilə soyuqluğun aradan götürülməsi komandanın bəzi üzvlərinin təlaşını artırıb
Prezident İlham Əliyev üçüncü müddətə də seçilsə, təxminən 35 gündən sonra – indiki Nazirlər Kabineti istefaya göndəriləcək. (Təbii ki, indiki prezident seçkidə qalıb gəlməsə, onun bütün iqtidarı gedəcək.) Bu müddətdə, yəni prezidentin andiçməsinə qədər bütün nazirlər “M.İ” statusuna keçərək-vəzifələrinin müvəqqəti icraçısı olacaqlar.
Məlumatlara görə, hakim komandada indi daxili gərginlik o həddə çatıb ki, nazirlər işlə bağlı bir-biri ilə yalnız dövlət telefonu ilə əlaqə saxlayırlar, əlaqəli nazirliklərin rəhbərləri ancaq iş kabinetlərində görüşürlər. Bütün nazirlər tabeliklərində olanlara tapşırıblar ki, oturub-durduqları hətta ailə məclislərində danışıqlarında son dərəcə ehtiyatlı olsunlar. Hakimiyyətdə yüksək vəzifə tutan və bir-biri ilə həm qohumluq, həm klan-tayfa bağlılığı olanlar da təmasları nəzərəçarpacaq dərəcədə azaldıblar. Hətta yeni qohumluq arzusunda olanlar izdivacları ertələyiblər…
Daha bir ilginc məlumat ondan ibarətdir ki, Vladimir Putinin Bakı səfərindən sonra Rusiya ilə soyuqluğun aradan götürülməsi hakimiyyəti xeyli rahatlatsa da, komandanın bəzi üzvlərinin planına uyğun olmayıb. Söhbət ondan gedir ki, Rusiya ilə gərginlik davam etdiyi təqdirdə prezident komanda daxildə ciddi dəyişiklik etməyə meylli olmayacaqdı və bəziləri özlərini bu yolla sığortalaya biləcəkdilər. Qeyd edək ki, Milli Şuranın da vahid namizədlə bağlı planının uğurlu alınmaması seçkidə “radikal müxalifətin susdurulmasında” “zəhməti olanlar”ı məyus edib. Hələ bir müddət əvvəl də hakim komandada dəyişiklik olacağı ilə bağlı “Yeni Müsavat” da dərc edilən yazıda qeyd edilmişdi ki, 9 oktyabr seçkisində İlham Əliyev yalnız ən məhdud sayda məmurun köməyindən yararlanmağa qərar verib. “Məqsəd seçkidən sonra onların minnətini yox, xidmətini qiymətləndirib yola salmaqdır”, – deyə, xəbərdə bildirilirdi. İndi bir sıra “maneələr” aradan qaldırıldığı üçün 9 oktyabr seçkisini də keçirib, daxildə daha rahat “təmizləmə əməliyyatı” aparacaq. Amma indi əsas problem “gedənlər”i yola salmaq deyil, qalanları yerbəyer etməkdir.
Nazirlər Kabineti istefaya göndəriləndən sonra 75 yaşlı Artur Rəsizadənin yenidən baş nazir təyin ediləcəyi bəlkə də möcüzə olardı. Xeyli yaşlaşmış və faktiki kabinet məmuruna çevrilmiş baş nazirin hakimiyyətdəki sürəci dolub və komandanı tərk edəcəklər sırasında onun adı başda çəkilir. A.Rəsizadə dəfələrlə özünün də prezidentə təqaüdə getmək arzusunu bildirdiyi, hətta iki dəfə ərizə yazdığı barədə məlumatlar var. Amma prezident məhz onun yerinə kimin təyin ediləcəyi (parlament formal olaraq bu təyinatı təsdiqləyir) barədə qərarlı görünür və yəqin o namizədin adı artıq müəyyən çevrələrə məlumdur da.
Məlumatlarda deyilir ki, baş nazirlə bərabər onun müavini, çoxdan hakimiyyətin etimadını itirmiş Abid Şərifov da postunu tərk edəcək. Bu səbəbdən də baş nazir kürsüsünə sahiblənmək üçün daxildə iki namizəd var. Bu, baş nazirini birinci Yaqub Eyyubovla təzəlikcə YAP-da sədr müavini təyinatı alan Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdur.
2013 seçkisinə hazırlıqda iki əsas fiqurantdan biri olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da baş nazir postuna oturacağı iddiası daha çox səslənir. Məlumdur ki, hakimiyyətin faktiki olaraq nüfuzuna görə üçüncü adamı sayılan K.Heydərov İlham Əliyevin seçki kampaniyasının qurulmasında ciddi rol alıb və əsas maliyyə məsələləri də ona həvalə edilib. Bu günlərdə prezidentin 10 illik fəaliyyətinin nəticələrini əks etdirən və 7 dildə hazırlanan internet saytının yaradılmasının da arxasında məhz K.Heydərovun durduğu barədə dəqiq bilgilər var. Qeyd edək ki, sayt seçki ekspertləri arasında böyük marağa səbəb olub. Çünki saytın stili hakimiyyətin ənənəvi təbliğat üslubundan fərqlənir və orada bayağı tərifə yox, faktlar əsasında aparılmış təhlillərə üstünlük verilib. Eyni zamanda sayt özü kifayət qədər maraqlı və cəlbedici üslubda hazırlanıb.
Analitiklərin qənaətinə görə, bu layihənin reallaşdırılması K.Heydərovun hakimiyyət daxilindəki mövqelərinin güclənməsindən və prezidentin ona etimadının daha da artmasından xəbər verir. Hazırda seçki ilə bağlı bütün məsələlərdə komandaya tam rəhbərlik K.Heydərova həvalə olunub. Necə deyərlər, faktiki baş nazir funksiyasını o icra edir. Onun YAP üzvü olmaması da İlham Əliyev üçün sərfəli variantdır və beynəlxalq aləmdə K.Heydərovun “müstəqil mövqeli” baş nazir obrazı müsbət qarşılana bilər. Amma daha bir maraqlı iddia da var. Bu, K.Heydərovun yeniləşmiş komanda da müdafiə naziri təyin edilə biləcəyidir. K.Heydərov yaxın çevrəsi belə bir variantı istisna etmir. O, müdafiə naziri olacağı təqdirdə FHN-in Müdafiə Nazirliyinə birləşdiriləcəyi də gündəmdədir.
“Qalanlar” sırasında nəqliyyat naziri Ziya Məmmədov da var ki, o da kompromatlarla zədələnmiş mövqelərini bərpa etməyə daha çox zaman sərf etməyə məcbur edilib. Nəqliyyat şefinin 2013 komandasında iştahasının baş nazir postu olduğundan duyuq düşənlər onu xeyli sarsıda biliblər. Onun iddia edildiyi kimi, yeni kabinetdə baş nazirin müavini olmaq istəyi yoxdur, amma “yuxarıların” ətəyindən yapışmış rəqibləri onu sıxır. Z.Məmmədov il ərzində prezidentlə birgə görünən bəlkə də yeganə nazirdir və hələ ki, yollar onları ayırmır.
Qalanlar və baş nazir postuna adı hallananlar arasında iqtisadi inkişaf naziri (İİN) Şahin Mustafayev də var. K.Heydərova birbaşa bağlılığı olan Ş.Mustafayev sələfləri Fərhad Əliyevlə Heydər Babayevdən fərqli olaraq daha çox məsul olduğu işi ilə məşğuldur və korrupsiya qalmaqallarında adı hallanmır. Onun Abid Şərifovun yerinə gətiriləcəyi daha gözləniləndir, amma belə bir ehtimal da var ki, bəzi xırda iqtisadi təyinatlı komitələr İİN-ə birləşdirilərək Ş.Mustafayevə daha geniş meydan tanınacaq.
Rayonlarda da gərginlik hiss ediləcək dərəcədə artıb. İcra başçılarına, polis rəislərinə, prokurorlara və MTN-in yerli şöbələrinin rəhbərlərinə yalnız istisna hallarda və həftənin şənbə (və ya bazar) günləri Bakıya gəlmək icazəsi verilib.
Son aylar Prezidentin Ehtiyat Fondundan pul ayrılan bütün rayon rəhbərlərinə tapşırılıb ki, seçkiyədək vəsaitdən 1 manat belə xərcləyə bilməzlər. Bu səbəbdən də rayonlarda icra başçıları indi daha ciddi səksəkə içərisindədir, bölgənin kuratorları isə “seçkidən sonra nə olacaq, dəqiq heç nə deyə bilmərik” kimi ibarələrlə onların həyəcanını daha da artırır. Bunun mərkəzi hakimiyyətin yerlərdə xüsusi bir pressinq siyasəti və ya “seçkidən sonra ciblərinizin ağzını gen açın” demək olduğunu iddia etmək çətindir. Hər halda, “balaca padşahlar”la bağlı əldə etdiyimiz məlumatları ümumiləşdirdikdə bu mənzərə alınır.
Bir çox ekspertlər hakim komandada dəyişikliklərin ciddi nəticə verməyəcəyi qənaətindədirlər. Buna misal olaraq yeni təhsil nazirinin işlədiyi bir neçə ayda ciddi heç nəyə nail olmadığını göstərirlər. Əlbəttə, rejim mahiyyətini dəyişməyənədək idarəçilikdə hansısa ciddi nailiyyət əldə edilməsi mümkünsüzdür. Amma nəzərə almaq lazımdır ki, hakimiyyət bu dəyişikliyə könüllü getmir. Qərb vitrini dəyişmək tələbini irəli sürüb. Bu proses ağrısız ötüşməyəcək. Gələn xəbərlərin təhlilinə əsasən, hakimiyyətin birinci şəxsi güclü fiqurların yerini dəyişməklə mümkün çatların qarşısını almaq variantını seçib…musavat