BolgeXeber.Com » Analitika » “Nurgün Motors” özünü necə rüsvay etdi - FAKTLAR

“Nurgün Motors” özünü necə rüsvay etdi - FAKTLAR

12-09-2013, 10:50
Oxunub: 4 600 Nərimanov Rayon Məhkəməsi “Nurgün Grup” MMC-nin Publika.Az saytında yer alan “Vittel” – öldürər səni, amandı içmə - inanılmaz faktlar” və “Nurgun Motors”un xarab maşınları və cibəgirməkliyi - araşdırma” başlıqları ilə dərc olunmuş məqalələrlə bağlı işgüzar nüfuzun müdafiəsi məqsədilə qaldırdığı iddianı qismən təmin edib. Məhkəmə qətnaməsində adı çəkilən məqalələrin işgüzar nüfuzu ləkələdiyi əsas gətirilərək saytdan çıxarılması tələb olunub. O cümlədən Publika.Az saytında eyni ölçüdə (?), şriftdə (?), rəngdə, üslub və formada təkzib dərc olunması, bir il ərzində saytın ön səhfəsində, yuxarı sol hissədə saxlanılması irəli sürülüb. Xatırladaq ki, iş üzrə proses hakim Türqay Hüseynovun sədrliyi ilə keçirilib. İddiaçı “Nurgün Grup” MMC-nin etibarnamə üzrə nümayəndəsi Toğrul Mirzəzadə olub.

Qeyd edək ki, məhkəmənin qətnaməsində bir sıra məqamlar diqqət çəkir. Birincisi, işgüzar nüfuza dəyən zərərdir. İddiaçı dəfələrlə yazılanların oxunma sayını göstərsə də, özünün işgüzar nüfuzuna dəyən ziyanın maddi, psixoloji detallarını açıqlamayıb. Məlum deyil ki, “Nurgün Motors”un xarab maşınları və cibəgirməkliyi – araşdırma” başlıqlı məqalə şirkətin neçə maşınının satışını əngəlləyib?! Avtosalonlarının qapısından nə qədər müştərini geri qaytarıb?! Öz işgüzar nüfuzuna hörmətlə yanaşan müəssissədə ən azı kitab-hesab dəftəri olmalıdır. İkincisi də əgər sektorda “Nurgün Motors”un işgüzar nüfuzu aşağı düşübsə, bunun günahı nə apardığımız araşdırmada, nə də alıcılardadır. Şirkət bazar qanunauyğunluqları ilə fəaliyyət göstərsəydi, maksimum çox gəlir, aşağı xidməti əsas istiqamət seçməsəydi, hazırkı vəziyyətə düşməzdi. O ki qaldı “Nurgün Motors”un doğrudan da xarab maşın satmasına, bu barədə artıq ikinci araşdırmamızda önəmli faktı diqqətə çatdırmışdıq. Və bir daha xatırladırıq: 2010-cu ildə Bakı-Qazax yolunun 51-ci kilometrliyində həlak olan jurnalist Şahin Ağabəylinin qəzaya uğradığı maşın “Nissan Tida”idi. 90-XJ-524 dövlət nömrə nişanlı “Nissan Tida”nın təhlükəsizlik yastıqları açılmamışdı. Sürücünün idarəetməsindən çıxıb 50 metr məsafə uzağa düşsə də, yastıqlar qapalı vəziyyətdə qalmışdı. Əslində bu, “Nissan”la bağlı ictimailəşmiş məlumatdır. Salonundan alınan hər bir avtomobilə 5 il müddətinə və ya 155 000 km zəmanət verən “Nurgün Motors” bəlkə də sürücülərə hələ nə kimi “sürprizlər” yaşadır, sadəcə xəbərsizik.

“Nurgun Motors”u araşdırmamızla bağlı narahat edən daha bir məsələ avtomobilin bazar dəyərindən yuxarı qiymətə satılmasını iddia etməyimizdir. Yalandır?! Bu gün Türkiyə, Rusiya, Almaniya kimi daxili istehsalı olan ölkələrdə “Nurgün Motors”un satdığı eyni avtomobillər xeyli ucuzdur. Hələ onu demirik ki, adı çəkilən dövlətlərdə “Nissan”ın salonlarında avtomobillərin ən son modelləri alıcılara təqdim edilsə də, distribütorlar üçün tarixin arxivi hesab olunan “Nissan Tida”, “Nissan Sentra”, “Nissan Sunny”, “Nissan Altima”, “Nissan Maxima” modelləri “Nurgün Motors”un salonlarının “göz muncuğu”dur. Şirkət etiraf etsə də, etməsə də, “Sunny” və “TEANA” modellərində qalıb. Bütün gücünü C segmentə verib və satışlarının 65-70%-i bu segmentin payına düşür.

Başqa bir fakt “Nurgün Motors”dan avtomobillərin kreditlə satışı və sığortası ilə bağlıdır. Maşınların kreditlə satışı “Nurgün Group”a məxsus “NBC Bank” ASC tərəfindən həyata keçirilir. Sığortaçı kimi isə şirkətin digər profil qrupu “Rəvan Sığorta” çıxış edir. Görünən dağa nə bələdçi?.. Yenə də “Nurgün Group”un müəyyənləşdirdiyi faizlər, sığorta haqları. Gəlin, xırdalayaq. Məsələn, 1 illik kreditdə sığorta 2,60, bank xərci 2,0, illik bank faizi 16, ilkin ödəniş 15 faizdir. 18 aylıq kredit xətti üzrə sığorta 4, bank xərci 2, illik bank faizi 16, ilkin ödəniş 15 faizdir. 24 aylıq kredit xətti üzrə sığorta 4,5, bank xərci 2, illik bank faizi 16 faizdir. 36 aylıq kredit xətti üzrə sığorta 5,80, bank xərci 2, illik bank faizi 16 faizdir. 48 aylıq kredit xətti üzrə sığorta 6,3, bank xərci 2, illik bank faizi 17, ilkin ödəniş 18 faizdir. 60 aylıq kredit xətti üzrə sığorta 7,10, bank xərci 2, illik bank faizi 18, ilkin ödəniş 18 faizdir. Daha sadə dildə desək, əgər vətəndaş dəyəri 13 990 manat olan “Sunny” N17 Base 4 AT-nı 60 aya almaq istəyirsə, 21 907,77 manat ödəməli olacaq. İtirilmiş məbləğ 7 917,77 manata qədər gedib çıxır. Ən kobud hesablamalar göstərir ki, şirkətin satdığı avtomobillər real bazar dəyərindən 2 dəfə baha təqdim edilir. Bahalı siyasətin avtomobillərə görə aksiz, əlavə dəyər vergisi, eləcə də idxal rüsumu ilə heç bir əlaqəsi yoxdur.

Bazarı araşdıran ekspert Ramil Osmanovun sözlərinə görə, müxtəlif ölkələrin distribütorlarının fərqli qiymət siyasəti yeritmələrinin çoxsaylı səbəbləri var. Hansı ki bura idxal rüsumu, əlavə dəyər vergisinin məbləği ilə bağlı faktorlar daxildir:

“Rəsmi nümayəndəliklərin özlərinin müəyyən etdikləri tarifləri də unutmaq olmaz. Azərbaycanda avtomobil idxalında inhisarçı meyillər var. Bunun nəticəsində bir sıra ölkələrlə müqayisədə maşınların dəyəri bahadır”.

Avtomobil satışı sektorunda rəqabətin olmadığını deyən mütəxəssis bildirir ki, 4-5 avtomobil üzrə nümayəndəliyin bir əldə cəmləşməsi kimi hallar var. Buna görə də ölkədə qiymətləri bazar deyil, idxalçının özü müəyyən edir.