BolgeXeber.Com » Analitika » Cavid Qurbanovun oğlu necə diplomat olub?

Cavid Qurbanovun oğlu necə diplomat olub?

12-09-2013, 16:15
Oxunub: 6 126 İddia: «Cavid Qurbanovun oğlu Şəmşir Cavid oğlu Şəmhirli 3 ay əvvəl Xarici İşlər Nazirliyində işə alınmasına baxmayaraq o hazırda Azərbaycan Respublikasının İstanbuldakı Konsulluğunda attaşe vəzifəsində çalışır».

XİN Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev: «Şəmşir Cavid oğlu Şəmşirli 2011-ci ilin fevralında XİN-də işə qəbul olunub və ona attaşe rütbəsi verilib. 2013-cü ildə isə Şəmşir Cavid oğlu Şəmşirli imtahan verərək katib rütbəsi alıb və o hazırda İstanbul Konsulluğunda 3-cü katib vəzifəsində çalışır».

Avqustun 28-də «Yeni Müsavat» qəzeti «XİN-dəki kadr siyasəti barədə dəhşətli faktlar»adlı yazı dərc etmişdi. Həmin yazıda Xarici İşlər Nazirliyinin Kadrlar və İxtisasartırma İdarəsinin rəisi Elmira Sarıcalinskaya haqqında 11 bənddən ibarət sensasion hesab olunacaq iddialar səsləndirilirdi.

Yazı dərc olunan gün XİN Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev mətbuat konfrası keçirərək yazıda adı açıqlanmayan sabiq diplomatın iddalarını həqiqətdən kənar və böhtan xarakterli məlumat olaraq dəyərləndirdi. XİN Mətbuat Xidmətinin rəhbəri həmçinin onu da qeyd etdi ki, nazirlikdə diplomatik rütbələrin artırılması qanunvericiliyə uyğun olaraq 2 ildən bir baş verir və heç kim üçün istisna hal qəbul olunmur. Qeyd edək ki, XİN-də hər hansı bir gənc diplomat xarici səfirliklərə və yaxud konsulluqlara yollanılmazdan əvvəl ən azı iki il müddətində nazirlikdə referant vəzifəsində çalışmalıdır.

«Yeni Müsavat» qəzetinin həmin sensasion məlumatı ilə bağlı pia.az-a bir neçə gün əvvəl əlavə məlumatlar daxil olub. Məlumatda göstərilir ki, XİN Mətbuat Xidməti 11 bənddən ibarət olan iddiaları rədd eləsə də, həmin iddialar həqiqəti əks etdirir.

Misal üçün mənbə bildirir ki, «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun oğlu Şəmşir Cavid oğlu Şəmhirli 3 ay əvvəl Xarici İşlər Nazirliyində işə alınmasına baxmayaraq o hazırda Azərbaycan Respublikasının İstanbuldakı Konsulluğunda attaşe vəzifəsində çalışır. Bunu Konsulluğun internet səhifəsində də görmək mümkündür.

Həmçinin mənbə onu da əlavə edir ki, Şəmşir Cavid oğlu Şəmşirli İstanbuldakı konsulluqda çox az olur. O daha çox Bakıda yaşayır və vaxtını adətən çayxana və barlarda keçirir. Məlumatda o da qeyd olunur ki, Şəmşir Cavid oğlu Şəmşirli XİN-də diplomatik status daşıyan tək vəzifəli məmur övladı deyil. Bir çox oliqarx məmurların uşaqları da müxtəlif yollarla diplomatik pasport əldə ediblər.

Daxil olan məlumatda həmçinin bildirilir ki, İstanbul Konsulluğunda konsul vəzifəsində çalışan Pərviz Ramiz oğlu Məmmədzadə Cavid Qurbanovun yaxın qohumudur və əsasnaməyə əsasən iki yaxın qohum eyni diplomatik nümayəndəlikdə çalışa bilməz.

Məsələ ilə bağlı pia.az XİN Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayevlə əlaqə saxlayıb. Elman Abdullayev iddialarla bağlı bildirib ki, həqiqətəndə Şəmşir Cavid oğlu Şəmşirli İstanbul Konsulluğunda çalışır. Amma onun 3 ay əvvəl XİN-ə işə qəbul olunması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Elman Abdullayevin sözlərinə görə Şəmşir Cavid oğlu Şəmşirli 2011-ci ilin fevralında XİN-də işə qəbul olunub və ona attaşe rütbəsi verilib. 2013-cü ildə isə Şəmşir Cavid oğlu Şəmşirli imtahan verərək katib rütbəsi alıb və o hazırda İstanbul Konsulluğunda 3-cü katib vəzifəsində çalışır. Qeyd edək ki, İstanbul Konsulluğunun rəsmi internet saytında Şəmşir Cavid oğlu Şəmşirli attaşe olaraq göstərilir.

Elman Abdullayev həmçinin bildirdi ki, Şəmşir Cavid oğlu Şəmşirlinin daha çox Bakıda yaşaması haqqında söyləninənlər də böhtan xarakterli məlumatdır. Şəmşir Cavid oğlu Şəmşirli hər gün İstanbul Kosulluğunda işə gələrək qeydiyyatdan keçir.

XİN rəsmisi daha sonra əlavə etdi ki, İstanbul Konsulluğunda konsul vəzifəsində çalışan Pərviz Ramiz oğlu Məmmədzadə Cavid Qurbanovun yaxın qohumu olması ilə bağlı iddialarda həqiqətdən kənardır. Pərviz Məmmədzadə uzun müddətdir ki, konsulluqda çalışır və özünü nümunəvi diplomat kimi tanıdıb.