BolgeXeber.Com » Analitika » Facebookda aktiv olan əsgər intihar edib, yoxsa öldürülüb?

Facebookda aktiv olan əsgər intihar edib, yoxsa öldürülüb?

14-09-2013, 11:55
Oxunub: 5 181 «Bir şəhid anası dövlətə səsləndi! 18 il kirayədə oğul böyütdüm, dövlət onu 18 ay qoruya bilmədi»
Dünən Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgərimiz, 1994-cü il təvəllüdlü Əsgərov Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Bu xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda o da bildirilir ki, fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.
“Bizim Yol”un apardığı araşdırmaya görə, ön xətdə xidmət edən kiçik çavuş Əvgərovun istifadəsində noutbuku və internetə çıxışı olub. Mərhumun facebook sosial şəbəkəsində səhifəsi və mütəmadi olaraq bu səhifəyə yerləşdirdiyi şəkillər, dostları ilə açıq yazışmaları var. Bu yazışmalar arasında hərbi sirr hesab edilə biləcək çoxsaylı məlumatlar da olub. Məsələn, əsgər bir dostu ilə yazışmada yeni post haqqında və bu postda gənc əsgərlərin xidmət etməsi barədə məlumat verir. Xidmətdən təxris olunmasına təxminən 110 gün qalmış Əsgərov keçmiş əsgər yoldaşı ilə söhbətində tənhalıqdan əziyyət çəkməsindən gileylənir və gənc əsgərləri aşağılayan ifadələr işlədir.
Mərhum əsgərin profilində bir əsgərin qız kimi özünə sinə düzəldərək digər bir əsgərlə zarafatlaşması əks olunan şəkil yer alıb. Əsgərov şəkil şəxsən özünün çəkdiyini və bu əsgərlərin “dizbatlıq” olması barədə məlumat verir.
Əsgərin son statusu isə sentyabrın 13-ü saat 9.00 radələrinə təsadüf edir. Əsgər “Həyat budur” və 19 sual işarəsi qoyaraq aşağıdakı sitatı bölüşüb. “Bir şəhid anası dövlətə səsləndi! 18 il kirayədə oğul böyütdüm! Dövlət onu 18 ay qoruya bilmədi!” Bu sitatdan sonra Əsgərov iyunun 24-də çəkib facebook səhifəsində yerləşdirdiyi kürəyində Azərbaycan bayrağı olan fotosunu bir daha paylaşıb və bundan sonra onun səhifəsində heç bir qeydi yoxdur.
Bundan əvvəl Əsgərov sentyabrın 11-də bir-neçə saat facebookda olub və bir neçə status yazıb. Statuslarını əsasən əsgərliyinin başa çatmasına 111 günün qalmasına həsr edən Əsgərov, skyp-ı olan dostlarını da onunla danışmağa dəvət edib.
Beləliklə əsgər dili ilə desək, mərhum Əsgərov heç də bədbəxt əsgər olmayıb. O sözünü deyən, fiziki sağlam, həm də savadlı olub. İdman Akademiyası və Texniki Liseyin məzunu olan Əsgərovun arzusu YPX əməkdaşı olmaq olub və özünə «YPX100» ləqəbini götürüb. Onun avqustun 26-da facebookda paylaşdığı bir şübhəli foto var. Bəzi KİV-lər idda edirlər ki, əsgər ən son bu fotonu bölüşüb. Əslində belə deyil. Bu fotoda əsgər məzarına qərənfil qoyan qız təsvir olunub, statusunda isə belə yazılıb: “Bəlkə mənim də qismətimdə bir güllə oldu”. Amma mərhum Əsgərovun gənc oğlan olduğunu da nəzərə alsaq, onun “qızları ram etmək» üçün bu kimi taktikaya bir neçə dəfə əl atdığının və bir çox hallarda bu fəndin işə yaradığının da şahidi ola bilərik.
Mərhum əsgərin vətənə sevgisi açıq görünür, onun Azərbaycanın dövlət rəmzlərinə sayğısı, milli qəhrəmanlarla bağlı statusları da var. Dostları ilə yazışmada “üzdəniraq”ları (erməniləri) də mütəmadi hürkütməsi barədə xəbər verir.
Bir sözlə əsgərin bütün həyatı facebook səhifəsində əks olunub. Hətta düşüncələrini, həyəcanını, harada olduğunu mütəmadi xəbər verib. Hətta Xasməmmədov soyadlı bir əsgərlə konfliktinin olması, ondan özünün qalıb çıxdığına görə komandirə Xasməmmədovun eşşəkdən yıxılaraq zədələnməsi barədə məlumat verdyini yazıb. O sentyabrın 6-da bir dostundan xahiş edərək Xasməmmədovla danışmasını və onu satmamasını xahiş edir.
Orduda intihar edən əsgərlərin bir qayda olaraq «dedovşina», psixoloji gərginliyə görə özlərinə qıyması barədə versiyalar üstünlük təşkil edir. Amma konkret bu fakta gəlincə başqa versiyalar gündəmə gəlir: «Əsgər konfliktdə olduğu digər əsgər tərəfindən də facebookda xidmət yeri və her şey barədə özü də bilmədən məlumat verdiyi üçün komandirləri tərəfindən də “intihar”la cəzalandırıla bilər. Hərbi Prokurorluq araşdırma aparır. Yəqin bu araşdırmanın bir nəticəsi olacaq.