BolgeXeber.Com » Analitika » Əbülfəz Babayev Ali Məhkəmənin qərarlarına qarşı çıxır

Əbülfəz Babayev Ali Məhkəmənin qərarlarına qarşı çıxır

17-09-2013, 11:45
Oxunub: 5 147 Sumqayıt bələdiyyəsinin sədri şəhid ailəsinə mənəvi əzab verir

Uzun müddət Nağı Hüseynovun istifadəsində olan 8 sot torpaq sahəsi qanunsuz şəkildə satılıb
«Sizə bildirmək istəyirəm ki, mənə 1993-cü il mart ayının 15-də 2 nömrəli protokola əsasən «BTZ» bağları Yaşıl Dərə deyilən ərazidə Metallurq Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən 8 sot torpaq sahəsi ayrılıb. Bu bağ sahəsinin nömrəsi 759-dur. Mənim torpaq sahəm 2008-ci ilin mart ayında Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev tərəfindən 80-dən çox bar gətirən ağaclarla birlikdə zəbt edilib, sədr Elman Niftəliyevdən pul alaraq torpağımı ona satıb».

Bu sözləri ötən gün redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Sumqayıt şəhər, 2-ci mikrorayon ev 40/45, mənzil 3-də yaşayan Hüseynov Nağı Qara oğlu bildirdi. Şəhid ailəsi olan şikayətçinin sözlərinə görə, bələdiyyə uzun müddət onun istifadəsində olan torpağı qeyri-qanuni şəkildə başqa şəxslərə satıb: «2008-ci ildə bacımın hüzr mərasimi ilə əlaqədar olaraq rayona getmişdim. Rayondan qayıdanda gəlib gördüm ki, mənə məxsus olan bağ sahəsi bələdiyyə tərəfindən qeyri-qanuni olaraq satılıb. Həmin yerdə oğlumun torpağı, evi var. Mənim sahəmi isə bələdiyyə sədri Əbülfəz Babayev Elman Niftəliyev və Ələddin Abbasov adlı şəxslərə satıb. Ələddin Abbasovun Sumqayıtda torpaq sahələri çoxdur. Əzab-əziyyətlə əkdiyim ağacları məhv etdilər. Bağın daş hasarı yox idi. İydə və moruq ağaclarından çəpər çəkmişdim. Həmin çəpəri yandırıb qapının qıfılını qırıblar. Bu şəxsləri dəstəkləyən şəxs Sumqayıtın keçmiş polis rəisinin sürücüsü Nəsib İsgəndərovdur. Mənim bildiyimə görə, o, «Univermaq Zaman»ın ögey qardaşı Səfərin oğludur. Mənə demişdilər ki, bu yer polis rəisinindir. Adlarını çəkdiyim insanlar tərəfindən dəfələrlə təzyiqlərə məruz qalmışam». Şikayətçi deyir ki, sahə müvəkkili Bayram adlı şəxsin də bu işdə əli olub: «Bu insanlar bağ sahəsinə gələrək mənim orda işləyən ustamı döyüblər.

Nəsib polis rəisinin sürücüsü olduğu üçün ona heç nə etmədilər. Həmin gün baş verən hadisəni telefona çəkən həyat yoldaşımın əlindən Elman telefonu aldı və mənim üstümə balta çəkdi. 2009-cu ildə torpaq məsələsi ilə bağlı məhkəməyə müraciət etdim. Birinci məhkəmənin qərarı ilə həm mən, həm də Elman torpaq sahəsindən çıxarıldıq. Məhkəmədən sonra Elman yenə də torpağı zəbt etdi. Və iki il keçəndən sonra torpağı Mübariz Şirinov adlı şəxsə satdı. Halbuki, torpağın bütün sənədləri məndədir. Bundan sonra Ali Məhkəməyə üz tutdum. Məhkəmənin qərarı ilə Mübariz Şirinov torpaqdan çıxarıldı. Mübariz məhkəmədə uduzandan sonra torpaq üçün Elmana verdiyi pulu geri ala bildi.

Təkrar işə baxılanda Elman Niftəliyev oyun oynadı və icraçıları başqa səmtə yönəltdi. İcraçı da yazmışdı ki, yer naməlumdur. Bundan başqa, Elman birinci məhkəmədə yalan ifadə verərək həmin torpaq sahəsində evi olduğunu bildirmişdi. Mübarizdən sonra Elman yenidən torpağı əlinə keçirdi və burda tikinti işləri apardı. Ali Məhkəmə mənim xeyrimə qərar çıxarsa da, bələdiyyə sədri buna əməl etmir».

Nağı müəllimin sözlərinə görə, Əbülfəz Babayevin adamları icraçıya yalandan ifadə veriblər: «Bələdiyyə əsassız olaraq məhkəmədə mənə qarşı iddia qaldırıb. İkinci məhkəmədə hakim İlyas İsmayılov işə baxılmaması üçün çox səy göstərdi və buna da nail oldu. Sumqayıt bələdiyyəsinin xeyrinə qərar qəbul edildi. Hakimlər iclas zalında bildirdilər ki, torpaqdan çıxarılma məsələsi ola bilməz. Ancaq məhkəmənin qərarına baxanda gördüm ki, torpaqdan çıxarılmışam. Prezidentin isə qərarı var ki, əgər hansısa torpaq sahəsi uzun müddət vətəndaşların istifadəsində olursa, müəyyən müddətdən sonra bu torpaqlar həmin şəxslərin sərəncamına keçir. Üzləşdiyim haqsızlıqlara etiraz olaraq təkrar şəkildə Ali Məhkəməyə müraciət etmişəm. Oktyabr ayının 7-də işə yenidən baxılacaq. İnanıram ki, məhkəmə işə ədalətli baxacaq və torpağımı mənə qaytaracaqlar. Sumqayıt Torpaq Şöbəsinin müdiri Aydın Əliyevə məktub yazmışdım.

Şöbə rəhbəri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müdiri Qərib Məmmədovun yaxın qohumudur. Məktubuma heç bir cavab verilməyib. Sizdən xahiş edirəm ki, şikayətimi öz qəzetinizdə dərc edəsiniz. Əbülfəz Babayevin qanunsuz əməllərinə yəqin ki, yuxarı instansiyalar tərəfindən layiqli cavab veriləcək».

Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.



Elvin Həkərili