BolgeXeber.Com » Analitika » Nazir “dərslik mafiyası” ilə bacarmır?

Nazir “dərslik mafiyası” ilə bacarmır?

19-09-2013, 09:15
Oxunub: 3 725 Məktəblərdə kitab çatışmır, pulsuz dərsliklər isə satışdadır
“Dərslər başlayıb, amma hələ də məktəbdə dərslikləri paylamırlar. Deyirlər ki, yoxdur, hələ Təhsil İdarəsi şagirdlərin siyahısına uyğun olaraq kitab verməlidir. Neçə günə veriləcəyi də deyilmir. Uşaq evə verilən tapşırıqları necə hazırlasın?” Bunu məktəblərdə dərsliklərin paylanmamasından narazı qalan valideynlər deyir.
Paytaxtdakı əksər məktəblərdə vəziyyət bu cürdür. Dərs ili başlasa da, şagirdlərə pulsuz verilməli olan dərsliklər hələ də paylanmayıb. Dərsliklər paylanan məktəblərdə də şagirdlərə bütün kitablar verilmir. Hətta müəllimlər valideynlərə məsləhət görürlər ki, dərsliyi məktəbdən gözləməkdənsə, özləri alsalar, daha yaxşı olar: “Onsuz da kitab azdır, çatmayacaq”.
Təhsil Nazirliyinin məktəblilər üçün çap etdirdiyi və üzərində “pulsuz” yazılan dərsliklər isə paytaxt dükanlarında satışdadır. Satıcılar dərsliklərin haradan götürüldüyünü açıqlamasalar da, pulsuz dərslikləri satmaqda qəbahət görmədiklərini bildirirlər. Ekspertlər isə baş verənləri yeni nazirin dərslik mafiyasının əlində aciz qalması kimi izah edirlər. Həmçinin pulsuz dərsliklərin satışda olmasını nazirliyin özünün də marağı ilə əlaqələndirirlər.
Pulsuz dərsliklər kitab dükanlarında, metro keçidlərində, hətta bazarlarda da satılır. Baş çəkdiyimiz dükanlarda eyni dərslik müxtəlif qiymətə təklif edilir. “8-ci kilometr bazarı”nda bir neçə yerdə dərsliklər satılır. Satıcılar bildirirlər ki, pulsuz dərslikləri onlar bir neçə adamdan alırlar: “Deyilənə görə, dərsliklər Təhsil Nazirliyinin kitabxanasından çıxarılır”. Satıcıların sözlərinə görə, onlara dərsliklər üstündə qiymət olanlardan ucuz təklif edilir: “Bu da bizə sərf edir və pulsuz dərslikləri satırıq”.
Valideynlər isə baş verənlərdən narazıdır: “Necə olur ki, məktəb dərslik vermir, ancaq dükanda dövlətin pulsuz verməli olduğu kitablar satılır? Kitab azdırsa, satışa necə gətirilir?” İki uşağına 45 manatlıq dərslik alan Mətanət xanım deyir ki, imkanı çatmadığından, bütün dərslikləri ala bilməyib: “Nazirlik hara baxır?”
Qeyd edək ki, rəsmi məlumata görə, bu il Təhsil Nazirliyi 4011000 dərslik hazırlayaraq, çap etdirib. II, IV, VI,VIII, IX və XI siniflər üçün 139 adda dörd milyondan çox nüsxə dərslik və müəllim üçün metodik vəsait hazırlanıb, çap edilib və yerlərə çatdırılıb. Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib ki, Təhsil Nazirliyində dərsliklərin çapı və yerlərə çatdırılması məsələsi ilə əlaqədar yaradılmış işçi qrupu üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.
Satışa çıxarılan və üzərində pulsuz yazılan əksər dərsliklər “Altun kitab” nəşriyyatına məxsusdur. Nəşriyyatın direktoru Rafiq İsmayılov şagirdlərə pulsuz verilməli olan dərsliklərin satışa çıxarılmasında onların heç bir rolunun olmadığını bildirib: “Bizə icazə veriblər ki, əlavə dərslik çap edib, üzərində qiyməti ilə satışa çıxaraq. Ancaq pulsuz dərslikləri satışa biz çıxarmırıq. Bunun bizə xeyri də yoxdur. Bu, nəşriyyatın kommersiya maraqlarına ziddir. Biz Təhsil Nazirliyinin sifarişini yerinə yetiririk, dərslikləri çap edib Təhsil Nazirliyinə təhvil veririk. Nazirliyin bazası var, kitablar oraya və yaxud məktəblərə gedib çatana qədər, görünür, hansısa yollarla satışa çıxarılır. Bu, kimlərinsə marağındadır”.
Ekspertlər isə bildirirlər ki, pulsuz dərslikləri bir qayda olaraq Təhsil Nazirliyinin səlahiyyətli şəxsləri satışa çıxarır. Bu isə yeni nazir Mikayıl Cabbarovun dərslik satışı ilə məşğul olan qrupla bacara bilməməsinin nəticəsi kimi qəbul edilir.