BolgeXeber.Com » Analitika » Arif Əsgərovun oğlundan prezidentə şikayət olundu

Arif Əsgərovun oğlundan prezidentə şikayət olundu

20-09-2013, 09:05
Oxunub: 4 457 Dəmir Yolu İdarəsinin rəisinin övladı Elnar Əsgərovun adının hallandığı 48 milyon manatlıq yeyintinin şok gizlinləri; mənimsənilən vəsaitdə mərhum deputatın ailəsinin və bir icra başçısının pulu da var
Xəbər verdiyimiz kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi, QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs ediblər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
Qaranlıq maliyyə əməliyyatlarında onun qardaşı Emin Hüseynovun da iştirakı ilə bağlı məlumatlar var. Hüseynov qardaşları dəmir yollarının təchizat sistemində çalışıb. Bununla bağlı 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət etməyə hazırlaşırlar. Bununla bağlı “Yeni Müsavat”a yeni məlumatlar daxil olub.
Etibarlı mənbələrdən aldığımız məlumata görə, bu işdə rayonlardan birinin icra hakimiyyətinin başçısı da 5 milyon manat zərər çəkib (rayonun və başçının adı bizə bəlli olsa da, müəyyən dəqiqləşdirmələr apardığımızdan hələlik ad çəkmirik - red.) 2012-ci ildə dövlət büdcəsindən həmin rayona ayrılmış 11 milyon manatın 5 milyon manatı “Texnikabank”ın yerli filialı vasitəsilə nağdlaşdırılaraq hesabdan çıxarılıb və hazırda həbsdə olan Rahib Hüseynova faizə verilib. Bu əməliyyata icra başçısının oğlu rəhbərlik edib. İcra başçısının hüqüq-mühafizə sistemində rəhbər vəzifədə işləyən oğlunun Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin İdarə Heyətinin sədri Arif Əsgərovun oğlu Elnarın bacanağı olduğu bildirilir. Eyni zamanda 5 milyon manatın bankdan çıxarılmasında birbaşa iştirak edən “Texnikabank”ın yerli filialının müdiri Elnur Süleymanovun da icra başçısının oğlu ilə yaxın qohumluq münasibətində olması ilə bağlı məlumatlar var.
“Liman Group” şirkətinin rəhbəri, Arif Əsgərovun oğlu Elnar Əsgərovun da adı bu nəhəng korrupsiya qalmaqalında hallanır. Məlumatlara görə, E.Əsgərov QSC-nin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir. Məlumatların təhlilindən belə çıxır ki, 48 milyon manatı Arif Əsgərovun yaxın qohumlarından ibarət olan mütəşəkkil qrup mənimsəyib. İşin üstü açıldığından qrupun bəzi üzvləri (Rahib Hüseynov və qardaşı) qurban verilib, bəzi üzvləri isə toxunulmaz saxlanılır (Elnar Əsgərov).
Mənbənin bildirdiyinə görə, icra başçısının oğlunun büdcədən oğurladığı 5 milyon manat 48 milyona daxil deyil: “Təbii ki, icra başçısının oğlu bu faktı istintaqa açıqlasa, o və atası avtomatik olaraq dövləti cinayətdə iştirak etdiyini etiraf etməli olacaq. Çünki ”Texnikabank"ın yerli filialından çıxarılan 5 milyon manat dövlət vəsaitidir və onu faizə vermək dövlət əmlakının talan edilməsinin etirafı anlamına gəlir. Ona görə də icra başçısının oğlu bu barədə susmağa üstünlük verir".
Virtualorg.az saytı da məsələ ilə bağlı yeni şok məlumatlar yayıb. Saytın məlumatına görə, Elnar Əsgərovun və onun xalası uşaqlarının bu misli görünməmiş maliyyə fırıldağının qurbanlarından biri də mərhum deputat, Azərbaycan Konstitusiyasının müəlliflərindən biri olan görkəmli hüquqşünas, Zakir Zeynalovun ailəsidir. Z.Zeynalov da A.Əsgərov kimi əslən Tovuz rayonundandır. O, Azərbaycanın görkəmli ziyalılarından və hüquqşünaslarından biri olub, uzun müddət Milli Məclisin deputatı, parlamentin Dövlət quruculuğu və konstitusiya komitəsinin sədri, parlamentin vitse-spikeri olub. O, Azərbaycanın indiki konstitusiyasının müəlliflərindən biridir.
Mərhum Zakir Zeynalovun ailə üzvləri üzləşdikləri fırıldaqla bağlı bundan əvvəl daxili işlər naziri Ramil Usubovun da qəbulunda olublar. İndi isə Zeynalovun xanımı Çimnaz Zeynalova prezident İlham Əliyevə başına gələnlər haqda müraciət ünvanlayaraq dövlət başçısından kömək diləyir.
Ç.Zeynalova prezidentə ünvanladığı məktubda yazır: “Hörmətli cənab prezident, təxminən 7-8 aya yaxındır ki, mən və oğlum Nazim evimizi satmışdıq. Fikrimizdə başqa ev almaq planı var idi. Lakin böyük oğlum Adil bir gün mənə bildirdi ki, Arif Əsgərovun oğlu Elnar Əsgərovla iş görəcək və ona müəyyən məbləğdə pul lazımdır. Belə ki, Elnarla aralarında olan danışığa əsasən müəyyən miqdarda vəsait qoymaqla yaxşı gəlir əldə etmək mümkün imiş. Adil məni inandırdı ki, Elnarla iş görsələr, pul geri qayıdarkən üstündə müəyyən məbləğ artıq qayıdar və bu da bizə qazanc olar. Pulları Adilə verdikdən sonra müvəqqəti olaraq kirayə evə köçməli olduq. Bir müddətdən sonra isə Adil mənə dedi ki, Elnar verdiyimiz pulu mənimsəyir və qaytara bilməyəcəyini deyir. Məsələ belə olunca dəfələrlə Arif Əsgərovla əlaqə yaratmağa çalışsam da bu heç cür mümkün olmayan bir işə çevrilirdi. Müraciətim və zənglərim cavabsız qalırdı. Hətta Arif Əsgərovun rəhbəri olduğu idarəyə dəfələrlə getməyimə baxmayaraq məni qəbul etmədi və qapıdan qayıtmalı oldum. Günlərin birində nəhayət ki, Arif Əsgərovla telefonla danışa bildim və ona baş vermiş əhvalatı təfsilatı ilə bildirdim. Öz növbəsində isə Arif Əsgərov cavabında bildirdi: ”Bu məsələyə görə bir də məni narahat etməyin və oğlum Elnarın adını heç yerdə çəkməyin. Onsuz da heç nəyə nail ola bilməyəcəksiniz. Mənim sizə veriləsi pulum yoxdur. Kimə istəyirsiniz, hara istəyirsiniz, gedin və şikayətinizi edin. Heç kəsdən qorxmuram və heç nədən çəkinmirəm. Şikayət edəcəyiniz və qapısını döyəcəyiniz heç bir məmuru mən saymıram". Danışığımız belə oldu və heç nəyi şişirtmirəm".
Məktubun sonunda mərhum deputatın xanımı prezidentdən dəstək istəyir.
Böyük ehtimalla siyahı bununla qapanmır. Mütəşəkkil qrupa adları bizə bəlli olmayan başqa şəxslər də daxildir. Çünki 48 milyon manat yetərincə böyük vəsaitdir və bu məbləği bir neçə şəxs öz arasında mənimsəyə bilməz.
“Yeni Müsavat”ın bu məsələ ilə bağlı araşdırmaları davam edir və yaxın saylarımızda bizə bəlli olan informasiyaları alternativ mənbələrlə dəqiqləşdirib oxuculara təqdim edəcəyik.
Yazıda adıçəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.