BolgeXeber.Com » Analitika » Hafiz Hacıyev: “Müsavatçı və cəbhəçi qardaşlarımdan üzr istəyirəm”

Hafiz Hacıyev: “Müsavatçı və cəbhəçi qardaşlarımdan üzr istəyirəm”

22-09-2013, 15:50
Oxunub: 4 111 “Məni aldadıb başqalarına şər-böhtan atdırıblar, mən ölümə də layiqəm...”
Prezidentliyə namizədlərin İTV-də debatlarında Hafiz Hacıyev Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə yanaşı Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimliyə qarşı təhqiramiz ifadələr işlədir. Hafiz Hacıyevin 2010-cu il 6 noyabr parlament seçkilərindən bir neçə gün sonra-noyabrın 8-də “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamasını heç bir əlavə şərh vermədən təkrar dərc edirik.

“31 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd Hafiz Hacıyev Azərbaycanda parlament seçkilərinin nəticələrini tanımır. Bu barədə açıqlamasında Hafiz Hacıyev bildirdi ki, həm 31-ci dairədə, həm də bütün ölkə boyu seçkilər rüsvayçı şəkildə saxtalaşdırılıb. Bu cür seçkilərin nəticələrini tanımaq olmaz. Azərbaycan tarixində bu seçkilər ən dəhşətli saxtakarlıqla keçirilən seçkilərdir”.

H.Hacıyev daha sonra bildirir: “Bu seçkilər Azərbaycan tarixinə qara ləkədir. Əhalinin 80 faizdən artığı seçkiyə gəlmədi. Seçkiyə gələnlərin səs verdiyi namizədlərin əvəzinə isə harınlamış oliqarx məmurların əlaltıları, məşuqələri, satqınlar, Heydər Əliyevə vaxtı ilə güllə atmış adamlar qalib elan olundular. Son seçkilər ölkəmizin başına qaxınc olacaq. Bizim partiyanın Siyasi Şurası noyabrın 9-da toplanacaq və bu seçkiyə qəti münasibətini bəyan edəcək. Ölkədə seçki yox, bir rüsvayçı tamaşa düzənləndi. Belə bir rüsvayçılıqla formalaşan parlamentin legitimliyini tanımıram”.

H.Hacıyev bəyan etdi ki, oliqarxlar qohum-əqrəbalarından və məşuqələrindən ibarət ailə parlamenti yaratmaq üçün bir sıra dairələrdə milyonlarla manat xərcləyiblər: “Bəzi oliqarxlar qohumlarını və ən dəhşəti odur ki, saxladıqları fahişələrini parlamentə salmaq üçün kapitallarını xərclədilər. Oliqarxların saxladıqları fahişələr bir sıra məntəqələrdə qalib edildilər. Ona görə də biz Müasir Müsavat Partiyası olaraq parlamentin nəticələrini tanımırıq. Seçkilər yenidən keçirilməlidir. Azərbaycan BMT-nin, ATƏT-in üzvüdür. Bu beynəlxalq təşkilatlar Azərbaycanda parlament seçkiləri keçirməyi öz öhdələrinə götürməlidirlər. Çünki harınlamış məmurlar bu ölkədə normal seçki keçirilməsinə imkan vermirlər”.

H.Hacıyev dedi ki, 31 saylı dairədə ən çox səs toplayan namizəd AXCP sədri Əli Kərimli və onun özü olub: “Əli Kərimli ilə mən seçkidə ən çox səs toplamışıq. Qalib bizlərdən biri olmalıdır. Ancaq gördünüz ki, hakimiyyətdəki qrup az səs toplayan namizədi qalib elan etdi. Heydər Əliyevə pulemyotdan atəş açan, Əbülfəz Elçibəyi aldadıb təyyarəyə qoyub Naxçıvana aparan və orada da təyyarənin qanadını deşdirən Fərəc Quliyevin hakimiyyətdəki bir qrupun köməyi ilə deputat elan edilməsi həm də İlham Əliyevə xəyanətdir. Mənə və Əli Kərimliyə verilən səsləri oğurlayıb Fərəc Quliyevə yazıblar.

25 saylı Nizami seçki dairəsində Rauf Arifoğlu yüz faiz əminəm ki, qalib gəlib. Niyə onun qələbəsi tanınmamalıdır?! Niyə 15 saylı Yasamal seçki dairəsində ən güclü və ən çox səs topladığı şübhə doğurmayan namizəd İsa Qəmbərin qələbəsi saxtalaşdırılaraq bir uşağın adına yazılır? İsa Qəmbər seçkidə qalib gəlib. Ancaq başqası qalib elan edilib. Ölkədə ən tanınmış siyasi liderlərdən birinə adi bir adamın qalib gəlməsi mümkünsüzdür. Axı bu qədər saxtakarlıq olmaz! Axı xalqı bu qədər ələ salmaq olmaz! Bunlar xalqı nə hesab edirlər!? Ermənilərlə qohum olan iri məmurlar xalqı əzirlər, prezidenti isə məqsədli şəkildə beynəlxalq aləmlə üz-üzə qoyurlar. Prezident onlardan haqq-hesab sormalıdır ki, niyə müxalifətin qalib gəldiyi dairələri layiq olmayan adamların xeyrinə saxtalaşdırıb ölkəni və onu çətin vəziyyətdə qoyurlar? Azərbaycan parlamenti məgər müxalifətsiz parlament olmalıdır! Parlament məgər ancaq bir regionun adamlarından ibarət olmalıdır? Sayı milyonlarla olan qərbi azərbaycanlılar parlamentə niyə buraxılmır? Cəmi bir neçəsi buraxılıb ki, onlar da qərbi azərbaycanlılar arasında bir qəpiklik nüfuza malik deyillər”.

H.Hacıyev Rəsulzadə-Elçibəy yolunda olan qüvvələri birləşməyə və demokratiya uğrunda savaşa çağırdı: “Mən bu yolda qanımı halal edirəm. Birləşək bu ölkəni xilas edək. 10 ildir Hafiz Hacıyevi aldadıblar, susub. Hafiz Hacıyevin bir şərəfsiz əmisi oğlunu aparıb icra başçısı qoydular. Elə bildilər ki, hər şey bununla qurtardı. Hafiz Hacıyevi aldadıb başqalarına şər-böhtan atdırıblar. Mən şər-böhtan atdığım insanlardan üzr istəməyə hazıram. Mən ölümə də layiqəm, çünki dostlarıma lazımsız ifadələr işlətmişəm. Onlardan, müsavatçı, cəbhəçi qardaşlarımdan üzr istəyirəm. Bəlkə də mən indiyə qədər səhv yol tutmuşam. Səhvlərimi düzəldəcəyəm. Mən onlarla birgə mübarizə aparmağa hazıram. İsa Qəmbərlə, Əli Kərimli ilə və digər müxalifət qüvvələri ilə bir yerdə Azərbaycanı xilas etmək uğrunda mübarizəyə başlamağa hazıram. Kim bu xalqın qeyrətini, namusunu çəkirsə, bizim arxamızca gəlsin. İnsanları zəlil günə qoyanlara qarşı ölümü göz önünə alıb mübarizə aparmaq lazımdır. Ermənilərlə qohum olanlar qocalıb it kimi ləhləyirlər. Seçkini saxtalaşdırıb ölkəni rüsvay edirlər. Bunlar əslində prezidentə təxribat törədilər. Prezidenti beynəlxalq dəstəkdən məhrum edib devirmək proqramını işə salıblar. Bu saxtakarlığa biz dözə bilmərik. Hafiz Hacıyev başlasa onların pulları onlara kömək edə bilməyəcək. Məzahir Pənahov saxtakarlığa rəhbərlik etdiyi üçün təcili həbs edilməlidir”.

Etibar SEYİDAĞA