BolgeXeber.Com » Analitika » Azərbaycan qaz ixracatını sürətlə artırır

Azərbaycan qaz ixracatını sürətlə artırır

6-02-2023, 19:19
Oxunub: 3 760

Azərbaycanın son illərdə xaricə qaz nəqlini artırması, ölkənin enerji təchizatı coğrafiyasını daha da genişləndirməklə yanaşı, onun Avropanın mühüm enerji tərəfdaşı kimi əhəmiyyətini yüksəltmişdir. Son illərdə Rusiya qazından asılı olan Avropa ölkələrinin qaz tədarükünün yeni yollarını axtarmağa başladığını və təbii ki, Azərbaycanın onlar üçün əsas tərəfdaşa çevrildiyini nəzərə alsaq, bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Avropa İttifaqı ölkələrinin, xüsusilə də Ukraynadakı müharibə ilə əlaqədar yaranan böhran səbəbindən enerji resursları çatışmazlığına qarşı daha həssas olan Şərqi Avropa ölkələrinin Azərbaycana fəal müraciəti ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunun vacibliyini bir daha göstərir.


2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. 2023-cü ildə Azərbaycanın ixrac qazının ümumi həcminin təxminən 24 milyard kubmetr olacağı nəzərdə tutulub. Qarşılıqlı əməkdaşlıq prinsiplərini əks etdirən Azərbaycanın enerji diplomatiyasının xoşməramlı niyyətlərə əsaslanmasının nəticəsidir ki, neft və qaz yataqlarının işlənilməsində iştirak edən tərəfdaşların birgə səyləri, yeni yataqların kəşfi və yeni texnologiyaların tətbiqi müsbət nəticə verir. 


Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən azsaylı ölkələrdəndir. Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisinin istehsalı, 1,6 milyard kilovat/saat enerji ixracı rekord göstərici olmaqla bir həqiqəti təsdiqləyir: Azərbaycan çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Ölkə sənayesinin enerjiyə olan tələbatı daxili imkanları hesabına ödənilir. 


Qaz ixracatının artması ölkəmizin Avropanın enerji bazarındakı rolunun daha da güclənməsi üçün real imkanlar yaradır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir. Uzun illərdir Avropaya neft ixrac edən ölkəmiz artıq qaz ixrac etməklə də qədim qitə ölkələrinin etibarlı tərəfdaşına və beynəlxalq bazarda etibarlı qaz təchizatçısına çevrilib. 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı Prezident cənab İlham Əliyev verdiyi bəyanatda qeyd etmişdir: "Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir". 


Azərbaycan regional enerji bazarında mövqeyini daha da möhkəmləndirir. Avropa İttifaqına daha çox mavi qazın nəql edilməsi, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Hələ ötən ilin noyabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” arasında müqavilə imzalanıb. Müqavilə 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur. Azərbaycan qazının Avropada yeni alıcıya çatdırılmasını təmin edən müqavilə ölkəmizin müxtəlif Avropa ölkələri ilə yeni ikitərəfli tərəfdaşlıqlar çərçivəsində qaz tədarükünün şaxələndirilməsi üzrə strateji hədəflərinə xidmət edir. Həmçinin, ötən ilin dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan təkcə Avropa üçün yox, həm də dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır.


Şəms Zeynalzadə,

Salyan rayon gənci, YAP fəalı