BolgeXeber.Com » Analitika » “Ali Məhkəmənin hakimindən 100 min manata qərar almışam...”

“Ali Məhkəmənin hakimindən 100 min manata qərar almışam...”

1-10-2013, 16:10
Oxunub: 3 293 Xətai rayonunun bir qrup sakini iş adamı ilə məhkəmələr arasında qaldıqlarını deyib prezidentdən kömək istəyir

Bu gün Xətai rayon, Seyidəzim Şirvani küçəsi, bina 23/19 ünvanında yaşayan sakinlərin bir qrupu Ali Məhkəmənin onlara qarşı haqsız qərar qəbul edərək evlərinin boşaldılması haqda qərar verməsi ilə bağlı mətbuat konfransı keçiriblər.

Virtualaz.org-un mətbuat konfransında iştirak edən müxbirinin verdiyi məlumata görə, sakinlər 6 ildir yaşadıqları mənzillərin və sahibi olduqları ticarət obyektlərinin onlardan alınaraq Muğam Kərimov adlı bir şəxsə verilməsinə etiraz edirlər. Sakinlər mənzili aldıqları sahibkar Rövşən Rüstəmovun ölümündən sonra bu problemləri yaşadıqlarını bildirdilər.

2006-cı ildən etibarən qeyd edilən ünvanda yaşayan 5 evin sakinləri və 5 ticarət obyektinin sahibi olan şəxslər sahibkarla müqaviləsi olduğu halda evlərindən və obyektlərindən çıxarılmaları haqda Ali Məhkəmənin qərarından narazı olduqlarını bildirdilər.

Narazı sakinlər mətbuat konfransında çıxışlarında bu hadisələrin yaranma səbəbini belə izah etdilər: “Binanın tikildiyi ərazi Muğam Kərimova məxsus olub. Binanı tikdirən rəhmətlik Rövşən Rüstəmovla Muğam Kərimov belə razılaşıblar ki, tikinti başa çatdıqdan sonra bu 5 mənzil və 5 ticarət obyekti ona veriləcək. Lakin binanın tikintisi başa çatdıqdan sonra Rövşən Rüstəmov borcu olduğundan həmin obyekləri və mənzilləri satıb. Bundan sonra Muğam Kərimovla onun arasında problemlər yaşanıb”.



Sakinlər bildirdilər ki, Kərimovla Rüstəmov arasında olan mülk mübahisəsi MTN-də də araşdırılıb. Bundan sonra M.Kərimov və R.Rüstəmov razılaşıblar: “Rövşən Rüstəmov həmin binanın yanında 3 mərtəbəli ticarət obyekti tikdirərək Muğam Kərimova verib. Əlavə olaraq isə 60 min manat pul verəcəyi haqda razılaşıblar. Lakin Rövşən Rüstəmov vəfat etdikdən sonra Muğam Kərimov 60 min manatını Rövşən Rüstəmovun yaxınlarından tələb edib. Onlar da bu pulu ödəyə bilmədiklərindən Muğam Kərimov bu 5 mənzilin və 5 ticarət obyektinin ona məxsus olduğunu göstərən müqavilələrlə bizim mülkümüzü əlimizdən almaq istəyir”.

Qeyd edək ki, hər iki tərəfin mənzil və obyektlərin onlara məxsus olduğunu göstərən və mərhum R.Rüstəmov tərəfindən verilmiş müqaviləsi var.

Obyektləri və mənzilləri almaq istəyən M.Kərimov Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin hakimi İlqar Qaralov mənzillərin sakinlərdən alınmaması haqda qərar çıxarıb.

Bir müddət sonra isə M.Kərimov yenidən Xətai Rayon Məhkəməsinə müraciət edib. Bu dəfə isə hakim Leyla Talıbova mənzillərin sakinlərdən alınması və M.Kərimova verilməsi qərarını çıxarıb. Narazı sakinlər bu qərardan sonra Apelyasiya Məhkəməsinə şikayət ediblər. Apelyasiya Məhkəməsi şikayəti araşdırandan sonra sakinlərin lehinə qərar verib. Sakinlər deyir ki, onlar bu qərardan sonra 3 ay rahat nəfəs alıblar. Üç aydan sonra M.Kərimov Ali Məhkəməyə müraciət edib.

Şikayətçilərin dediyinə görə, Ali Məhkəmənin hakimi İslam Əliyev 15 dəqiqəlik məhkəmə prosesindən sonra mənzillərin və obyektlərin M.Kərimova verilməsi haqda qərar çıxarıb. Sakinlərin dediyinə görə, M.Kərimov məhkəmədən əvvəl sakinlərə deyib ki, “mən bu qərarı Ali Məhkəmənin hakimindən 100 min manata almışam və sizin məhkəməyə gəlməyinizə ehtiyac yoxdur”. Sakinlər bunu da mətbuat konfransında dedilər...

Bina sakinləri Ali Məhkəmənin bu qərarından sonra son ümid yeri olaraq mətbuat vasitəsilə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etdilər. 3 ilə yaxındır məhkəmə qapılarında süründüklərini deyən narazı sakinlər M.Kərimovun bu dələduzluğuna dövlət səviyyəsində qiymət verilməsini istədilər.