BolgeXeber.Com » Analitika » Nikolun çıxışı canlı yayımda niyə kəsildi?

Nikolun çıxışı canlı yayımda niyə kəsildi?

20-02-2023, 13:28
Oxunub: 2 512

18 fevralda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasın canlı yayımı zamanı qısa fasilə yaranması bəzilərini ekstaza gətirib. Dərhal həmin hissəni tapıb, sosial şəbəkələrdə və internet kanallarında yerləşdirməklə, Azərbaycan televiziyalarının bunu qəsdən kəsdiyini sübut etməyə çalışırlar.


Səbəb kimi isə Ermənistan Baş naziri Nikol Paşinyanın həmin çıxış zamanı olduqca “güclü” arqument irəli sürməsi haqqında gülünc və absurd iddia səsləndirirlər.


Əvvəla, ziddiyyətli fikirləri və aydın mövqeyi olmayan Paşinyan heç ermənicə özünü realizə edə bilmir – o ki qalmışdı, çox bərbad bildiyi ingiliscədə.


İkincisi, Paşinyanın nə deyəcəyini Azərbaycan kanalları hardan fəhm edir ki, o çıxış edəkən canlı yayımı da dayandırsın


Üçüncüsü, bütün dünyada yayılan bu debatın 1,5 dəqiqəsini “kəsmək” Azərbaycan kanallarının nəyinə lazımdır?


Bu suallara aydınlıq gətirmək üçün gəlin, AzTV-nin “yayınlanmasından ehtiyat edərək kəsdiyi” canlı yayımdakı çıxışın mətnini təqdim edək.


Paşinyan o hissədə deyir: “Kənardan belə bir təəssürat yaranır ki, - bəlkə də bu reallıqdır - Azərbaycan qisas siyasətini qəbul etdiyini göstərmək istəyir. Bilirsinizmi, qisas siyasəti və ola bilsin ki, Azərbaycanın siyasəti budur. Lakin əvvəl də qeyd edildiyi kimi, bizim çox mürəkkəb tariximiz var. Dediyim kimi, bəli, ola bilsin ki, bu tarixi bir görüşdür. Amma biz hansı məqsəd üçün bu görüşdən istifadə etmək istəyirik? Dözümsüzlüyü, nifrəti, bölgəmizdə aqressiv ritorikanı artırmaq üçün, yoxsa əks istiqamətdə hərəkət etmək üçün? Yoxsa biz bu platformadan istifadə edib vəziyyətin yaxşılaşmasına nail olaq? Biz bu platformanın konstruktiv məqsədlər üçün istifadə edilməsinin vacib olduğunu düşünürük. Əlbəttə ki, biz burada bir çox şeylər deyə, düşmənçilik hekayələri danışa bilərik. Lakin bizim liderliyimizin mənası, əhəmiyyəti nədir? Adamlar düşmənçiliyə varsınlar, yoxsa biz öz bacarığımızdan, avtoritetimizdən, mandatımızdan istifadə edək... Mən qürur hissi keçirirəm ki, bizim hökumətimiz hətta bu dəhşətli müharibədən sonra ölkəmizdə azad, demokratik seçki keçirə bildi. Bütün dünya bunu azad, demokratik və şəffaf, rəqabətli bir seçki kimi tanıdı. Bizim nöqteyi-nəzərimizə görə çıxış yolu demokratiyadır, şəffaflıqdır, dialoqdur, bölgəmizdə bütün ölkələrə hörmətdir. Biz bu istiqamətdə işləməyə hazırıq...”


Bunu Paşinyanın “şilləsi” kimi təqdim etməkdən, guya buna görə Azərbaycan kanallarının bu parçanı kəsdiyini deyib, sonra da “şərhlərə” keçmək qədər ölkəmizə düşmən mövqe sərgiləməkdən, jurnalistika deyil, şəxsi nifrətini bu qədər əxlaqsızcasına ortaya qoymaqdan dəhşətli heç nə ola bilməz!


Azərbaycan Prezidentinin bu və bundan sonra moderatorun verdiyi suala cavabı hər kəsə bəllidir. Ancaq bir məsələni mütləq xatırlatmalıyıq:


Bu, həmin “demokrat” Paşinyandır ki, seçiləndən qısa müddət sonra Şuşaya gəlib, Azərbaycan şəhərində Azərbaycan musiqisinə sərxoş halda rəqs edib, Azərbaycana meydan oxuyurdu;


Bu həmin “qisasdan uzaq” Paşinyandır ki, “Yeni müharibə və yeni ərazilər” tezisini irəli sürüb, işğal müharibəsini davam etdirəcəyi haqda rəsmi təbliğat və siyasət aparırdı;


Bu həmin Paşinyandır ki, 2018-ci ildə hakimiyyətə gələn ərəfədə Azərbaycana ədalətli danışıqlar vədi versə də, qısa müddətdən sonra müharibə ritorikasına keçib, “Qarabağ Ermənistandır və nöqtə” kimi təhrikedici və qızışdırıcı bəyanat vermişdi;


Bu həmin Paşinyandır ki, verdiyi vədə, öz imzasına belə hörmət etmir – 10 noyabr 2020-ci il Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir...


Guya “müharibə dəhşətindən sonra demokratik seçki keçirdiyini” Azərbaycana qarşı arqument kimi istifadə edirmiş – bu əbləh “tezisi” də Azərbaycana Sorosun artığı ilə düşmən olan azərbaycanlılar iddia edir.


Məğlub Paşinyan ona görə seçkidə qalib gəlmədi ki, Ermənistanda böyük nüfuzu var; ona görə seçkilərdə uğur qazandı ki, alternativləri Köçəryan və Sərkisyana xalqı nifrət edir; ona görə qalib gəldi ki, Qərbə bağlı və bütün Ermənistanı saran qeyri-hökumət təşkilatları (Sorosun cocuqları) onun qalib olmasını istəyirdi və nəhayət – Azərbaycan və Rusiya kapitulyasiya aktına imza atan şəxsin prosesi sona çatdırmasında maraqlı idi.


Guya məğlubiyyətdən sonra Paşinyan qalib olur, ancaq Azərbaycan Prezidentinin seçkidə uğur qazanmaq şansı yoxdur?


Azərbaycan Prezidenti İlham Əliyevin hazırda reytinqi ən pis halda 94%-in üstündədir. Bu nüfuz hazırda dünyanın heç bir liderində yoxdur. Ancaq əminliklə deyirəm ki, bu rəqəm yanlışdır: əgər bu gün seçki olarsa, İlham Əliyevin ən azı 98% səs alacağına heç bir şübhə ola bilməz.


30 ildir işğalda olan torpaqları, Şuşanı qaytaran, Azərbaycanı milli hədəflərinə götürən və Zəngəzur dəhlizi kimi strateji bir layihəni ortaya atan, Qərbi azərbaycanlıların öz yurd-yuvalarına dönməsini qarşıya gələcək məqsəd kimi qoyan bir Liderin hansı demokratik seçkidən narahatlığı və qorxusu ola bilər?


Cəmi bir neçə ay öncə Ermənistanın analitik mərkəzləri və diasporu özü açıq şəkildə qeyd edirdi ki, Avropada “qapısını döydüyümüz” bütün ünvanlar İlham Əliyevə təzyiqin mümkün olmadığını açıqlayır: rəsmi şəkildə deyirlər ki, İlham Əliyevin hazırda ölkə daxilində reytinqi 97-98 faizdir və belə bir şəxsə təsir etmək olmaz – çalışın, onun reytinqini azaldasınız, ondan sonra bəlkə nəsə etmək olar.


Dünyada heç bir liderin sahib olmadığı səviyyədə öz xalqının dəstəyini alan və bunu haqq edən İlham Əliyev nədən demokratik seçkidən narahat olmalıdır?


O ayrı məsələ ki, Azərbaycan Prezidenti hamının “Kokeyşn büro” gözlədiyini, ancaq bunun olmadığını və “yaxşı ki, olmadığını” dedi


2019-cu ildən fərqli olaraq, indi qalib Azərbaycandır; şərtləri diktə edən də Azərbaycandır: Azərbaycan BMT qətnamələrini özü icra edib, müharibənin nəticələrini dünyada tanıdıb və hazırda böyük platformalarda erməni baş naziri diplomatik məğlub etmək və onu Ermənistanda kəskin təzyiq-tənqid altında qoyub, gələcək planlarının ertələnməsini istəmir


Azərbaycan müharibədən dərhal sonra qarşı tərəfə sülh təklifini göndərən ölkədir;


Azərbaycan Ermənistanın kapitulyasiya sənədinə imza atmasını vurğulayır – çünki o sənədlə üzərinə götürdüyü öhdəlikləri icra etməsini tələb edir;


Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyasına çalışır və s.


Azərbaycan Cənubi Qafqaz platformasını formalaşdırmağa çalışır və Ermənistanın da ora daxil olmasında, 3 Cənubi Qafqaz ölkəsinin problemləri öz arasında çözməsində, Fransasız, Rusiyasız, ABŞ-sız danışıqlarda maraqlıdır


2019-cu il geosiyasi reallığı ilə 2023 reallığı arasında böyük fərq var: 2019-cu ildə Ermənistanın işğalçı olduğu, Azərbaycan ərazilərini hələ də işğalda saxladığı bütün dünyaya göstərilməli idi.


Hazırda isə Azərbaycan öz torpaqlarını azad edib və işğala son qoyub. Bu halda Paşinyan niyə aşağılanmalı, onun Ermənistana qayıtmasından sonra müxalifətə baş naziri vurmaq üçün şans verilməli idi?


Paşinyanın Əliyev-Qaribaşvili panelinə əvvəlcə qatılmaq istəmədiyinin səbəbinə kimsə toxunmaq istəmir. Əsl səbəb nə idi? Paşinyan niyə yalnız bir gün əvvəl paneldə iştiraka razılıq verdi? Niyə İlham Əliyev dedi ki, Cənubi Qafqaz panelinə Paşinyanın da qatılmasına razılaşdıq?!


Demək, İlham Əliyev Paşinyanın paneldə olmasını özü istəyib. Bu istəyin qarşılığında Paşinyanın xahişi nə olub?


Məhz “Kokeyşn büro”nun olmaması: İndi panel müzakirələrində Paşinyanın dabanını yalamağa çalışanlar olmayan vicdanları ilə prosesi işıqlandırmağa və şərh verməyə çalışsalar, onda məhz bu məqamı qabardardılar. Tam məsuliyyətlə deyə bilərik ki, Paşinyan İlham Əliyevlə heç bir ictimai müzakirəyə qatılmamağa qərarlı idi: çünki intellekti, dünyagörüşü, siyasi və tarixi savadı İlham Əliyevlə debata girməyə imkan vermir. Nə vaxt qarşılaşıblarsa, İlham Əliyev erməni baş naziri darmadağın edib və bu da Paşinyana ölkə daxilində ciddi tənqidlərə səbəb olub


Buna görə də Paşinyanın “ən son anda panel müzakirəsinə qatılmağa razı olmasının” səbəbi, əmin olun ki, İlham Əliyevin onu darmadağın etməyəcəyi barədə vədi olub. Və əlbəttə ki, İlham Əliyev sözünə sadiq qaldı və Paşinyanın primitiv ingiliscəsində etdiyi qırıq-qırıq, dolaşıq fikirlərinin üstünə getmədi.


Buna ehtiyac olmadığını, İlham Əliyevin strateji hədəfinin artıq tamamilə fərqli olduğunu, daha çox Zəngəzur və Laçın dəhlizlərinin müqayisəsi üstündə dayandığını, sülh sazişi bağlamaq istiqamətində fəaliyyət göstərdiyini ifadə etməsini “eşitməmək”, “görməmək” isə yalnız korluq-karlıq deyil, Azərbaycana qarşı qərəzli düşmənçilikdir.


Hətta erməni diasporu, erməni ekspertləri, erməni mediası Azərbaycan kanallarındakı bu texniki problemdən ümumiyyətlə bəhs etmədi: çünki qısamüddətli texniki problem ən adi bir haldır və bundan hətta ermənilər qədər həyasız antibəbliğatçılar belə istifadə etməyi ağıllarına gətirmirlər.


Ancaq Azərbaycandan kənarda yaşayıb, ermənidən artıq erməniliyə girişən bəzi azərbaycanlılar bunu fürsət bildi.

Yazıqlar olsun!