BolgeXeber.Com » Analitika » Arif Əsgərovun oğlu haqda yeni qalmaqallı xəbər

Arif Əsgərovun oğlu haqda yeni qalmaqallı xəbər

3-10-2013, 09:00
Oxunub: 3 503 “Mənimsənilən vəsait 48 yox, 70 milyon manatdır”; “Rahib Hüseynovun qardaşı Emin Hüseynovun Rusiyaya qaçdığı bildirilsə də, hazırda Bakıdadır”

İki həftədən çoxdur ki, mediada Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin rəhbər şəxslərinin və onların yaxınlarının adının hallandığı 48 milyon manatlıq mənimsəmə barədə məlumatlar verilir. Bu maliyyə fırıldağından 50-yə yaxın sahibkar zərər çəkib. Maliyyə maxinasiyası ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs ediblər. QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu olan R.Hüseynovun Gürcüstanla sərhəddə, ölkəni tərk etmək istəyərkən yaxalandığı bildirilir.

Məlumatlara görə, Rahib Hüseynovdan başqa bu maliyyə fırıldağına onun dəmir yollarının təchizat sistemində işləyən, hadisədən sonra Moskvaya qaçdığı iddia olunan qardaşı Emin Hüseynov da qatılıb. Lakin hüquq-mühafizə orqanları hələlik E.Hüseynova qarşı hansısa addım atmayıblar.
Məsələ ilə bağlı Azpolitika.info saytı şok doğuracaq yeni məlumatlar yayıb. Həmin məlumatlarda mənimsəmənin arxasında təkcə Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun yox, başqa vəzifəli şəxslərin də durduğu bildirilir, həm də Azərbaycan Dövlət Dəmir Yolları QSC-də baş verən bir sıra qanunsuzluqlardan, iri korrupsiya faktlarından, talançılıqdan söhbət açılır.

İşin içində olan, ancaq adının çəkilməsini istəməyən məlumatlı mənbənin sayta göndərdiyi məktubda qeyd olunur ki, mətbuatda verilən məlumatlar tam həqiqəti əks etdirmir: “Görünür, bu da məlumatları verən şəxsin az məlumatlı olması ilə bağlıdır. Mən isə bunların içində olan bir şəxs kimi, həm bu, həm də digər qanunsuzluqlarla bağlı ciddi faktlar təqdim etmək niyyətindəyəm. Bu faktlar yalnız Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun deyil, daha bir neçə yüksək rütbəli dövlət məmurunun bu işin içində olduğunu təsdiqləyir”.

Mənbə deyir ki, bu maliyyə maxinasiyasından 43 nəfər sahibkar zərər çəkib. Onların mənimsənilən vəsaitlərinin ümumi məbləği isə 48 milyon manat deyil, ən azı 70 milyon manatdır. Sadəcə bəzi sahibkarlar Əsgərovlar ailəsindən çəkindiyindən, bəziləri isə adlarının bu məsələdə hallanmasını istəmədiyindən pullarının qaytarılması tələbi ilə hüquq-mühafizə orqanlarına müraciət etməyiblər.
Mənbə hazırda bu faktla bağlı həbs olunan R.Hüseynovun bəzi vəzifəli şəxslərlə də qohumluq əlaqəsinin olduğunu deyib: “Rahib Hüseynovun qayınatası Əvəz Qocayev ”Azəryolservis"də şöbə müdiridir. Prezidentin hərəkət etdiyi yollara o nəzarət edir".

Mənbə daha sonra qeyd edir ki, Rahib Hüseynovun qardaşı Emin Hüseynovun Rusiyaya qaçdığı bildirilsə də, hazırda Bakıdadır: “Sadəcə, bu məsələyə görə evdən bayıra çıxmır. Onların atası İsmayıl Hüseynov isə Tovuzda Arif Əsgərovun təsərrüfatına rəhbərlik edir. Rahib Hüseynovun QSC-dən xeyli əvvəl çıxarıldığına dair məlumatlar da yalandır. Son günlərə qədər özü də, qardaşı da orda işləyib. Emin Hüseynov qeyri-rəsmi fəaliyyət göstərirdi - pul yığmaqla məşğul idi”.

Mənbə sahibkarlardan hansı şəkildə pulun yığılmasına da aydınlıq gətirib. Bildirib ki, pulların yığılmasını həqiqətən Hüseynov qardaşları həyata keçirib: “Onlar bildirirdilər ki, zavodumuz var, A.Əsgərov və onun oğlunun vasitəsilə QSC-yə mal veririk. E.Əsgərov da bəzi sahibkarlarla görüşündə bunu təsdiqləyib ki, bu səbəbdən də hamı onlara inanıb. Söhbət TSP-366 (ÜP-366) adlanan, dəmir yolunda relslərin altına qoyulan amortizasiya alətindən gedir. Onun birini xaricdən Azərbaycana gətirmək 0,28 qəpiyə başa gəlir. Ancaq QSC-nin rəhbərliyi onun birini 3 manat 60 qəpikdən sənədləşdirir. Hər partiyada TSP-366-dan ən azı 5 milyon ədəd sifariş olunur. Yəni hər partiyada 15-17 milyon manat dövlət vəsaiti mənimsənilir”.

Mənbənin sözlərinə görə, onlar iddia edirdi ki, biz TSP-366-nın istehsalı ilə məşğul olan zavod açmışıq: “Aparıb sahibkarlara bir zavod da göstərmişdilər ki, bura bizimdir. Və deyirdilər ki, xammal almağa pulumuz çatmır, siz pul buraxın, biz də malı satıb artıqlaması ilə pulunuzu qaytaraq. Bu yolla iş adamlarından 100 min manatdan 3 milyona qədər pul yığdılar. İlk mərhələdə dediklərinə əməl edirdilər. Tutaq ki, kimdən 100 min manat almışdılarsa 120 min manat qaytarırdılar, 500 min aldıqlarına 570 min manat və s. Sonradan məlum oldu ki, bu, sahibkarları şirnikləndirmək cəhdi olub. Məqsədlərinə də çatdılar. Bunlarla iş görən sahibkarlar daha çox qazanmaq üçün qohum-əqrəbada nə qədər pul varı idi, yığıb verirdilər ki, daha çox faiz əldə etsinlər. Sonuncu dəfə ən azı 70 milyon manat yığdıqdan sonra aradan çıxdılar. Ən azı ona görə deyirəm ki, 70 milyon manat mənim bildiyimdi. Əslində ayrı-ayrı insanlardan, iş adamlarından, vəzifəli şəxslərdən yığılan vəsait bundan dəfələrlə çoxdur”.