BolgeXeber.Com » Analitika » İsmət Abbasovun kombayn korrupsiyası təsdiqlənir

İsmət Abbasovun kombayn korrupsiyası təsdiqlənir

4-10-2013, 09:30
Oxunub: 4 262 Prezidentin Ehtiyat Fondundan kombayn alınması üçün ayrılan 15 milyon manatın nazirə məxsus offşor şirkətlər vasitəsilə mənimsənilməsi üzə çıxır; kifayət qədər vaxt olduğu halda Kənd Təsərrüfatı Nazirliyinin tender keçirməməsi korrupsiya zəncirinin sxemini ortaya qoyur
Bu yay taxıl biçinində yaşanan texnika çatışmazlığı məsələsi gündəmə gətirildi, ardınca da dövlət başçısı Prezidentin Ehtiyat Fondundan problemin aradan qaldırılması üçün 15 milyon manat vəsait ayırdı. Həmin vəsaitə 150 yeni kombayn alınmalı idi və bu məsələ səhmləri 100 faiz Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə tapşırıldı.
Ancaq bu tapşırıq hələ yerinə yetirilməyib və 150 ədəd kombaynın ölkəyə gətirilməsi ləngiyir.
Anspress.com saytının məlumatına görə, “Aqrolizinq” ASC ilkin olaraq kombaynların sentyabrın sonunda Azərbaycana gətiriləcəyini açıqlamışdı. Amma indi yeni tarix açıqlanıb. Taxilbiçən texnikanın gətirilməsi oktyabr ayından dekabr ayının 15-nə kimi başa çatacaq.
Kombaynları Finlandiyanın “Sampo” şirkəti istehsal edir. ASC bir neçə ölkənin kombayn istehsalçıları arasından məhz bu şirkətin seçilməsini bir neçə amillə izah edir. Qonşu ölkələrin istehsalçılarının bəzilərinin keyfiyyət, bəzilərinin isə qiymət baxımından sərfəli olmadığı bildirilir. “Sampo” şirkətinin 1 kombaynı 100 min manata başa gələcək.
Təbii ki, burada qaranlıq məqamlar var. Kombaynlar dekabrın 15-nə qədər ölkəyə gətiriləcəksə, aydındır ki, fermerlər ondan yalnız növbəti mövsümdə faydalana biləcəklər. Onda təbii sual ortaya çıxır. Belə olacaqdırsa, Kənd Təsərrüfatı Nazirliyi niyə tələsik qərar verdi? Axı kifayət qədər vaxt var idi ki, tender keçirib, işi daha az məsrəflə öhdəlik götürən şirkətə həvalə edəydilər. Özü də o halda ki, kombaynlardan ildə cəmi 1 ay istifadə olunur. Yəni KTN-in kifayət qədər vaxtı olub ki, problemi tender vasitəsilə çözsün. Ortada qalır yeganə amil - korrupsiya faktoru. Bu məsələ ilə bağlı “Yeni Müsavat”ın ötən saylarında yaydığı məlumatlar bir daha təsdiqlənir.
Yada salaq ki, Kənd Təsərrüfatı Nazirliyindəki mənbələrdən redaksiyamıza verilən məlumata görə, sərəncamda məhz bu ilin qeyd edilməsi nazir İsmət Abbasovun səyi nəticəsində baş verib. Çünki kombaynlar gələn il üçün nəzərdə tutulsaydı, satınalmalar tender yolu ilə həyata keçirilməli idi. Ancaq bu il üçün nəzərdə tutulduğundan vaxt çatışmazlığını əsas götürüb kombaynların tendersiz alınmasına qərar verilib. Tendersiz satınalmalarda korrupsiya imkanları isə çox genişdir.
“Aqrolizinq” ASC ilə əlaqə saxlayıb kombaynların qiymətini öyrəndik. Sözügedən kombaynların hazırda ASC-də qiyməti 112 min manatdır. Ancaq eyni markalı və eyni texniki göstəriciləri (125 at gücü) olan kombaynları ASC 2012-ci ildə 71 min manata lizinqlə satmışdır. Göründüyü kimi, 1 ilə qiymətlər 58 faiz bahalaşıb.
“Aqrolizinq”dən bahalaşmanın səbəbini belə izah edirlər: “2012-ci ildə satılan kombaynlar Azərbaycana Yaponiya hökumətinin qrantı hesabına gətirilib. Bununla bağlı tender Yaponiyada keçirildiyindən qiymət ucuz olub. Bu il satılan kombaynlar isə büdcə vəsaiti hesabına alınıb. Ona görə də qiymətlərdə 58 faiz artım var”.
Taxılyığan kombaynların istehsalçısı olan Finlandiyanın “Sampo Rosenflyu” şirkətinə müraciət etdik. Şirkətdən bildirdilər ki, ötən ildən indiyəcən taxılyığan kombaynın qiymətlərində cəmi 2 faiz qiymət artımı olub. “Bəs niyə Azərbaycanda kombaynların qiyməti son 1 ildə 58 faiz bahalaşıb” sualının cavabında bildirdilər ki, “Sampo Rosenflyu” şirkəti birbaşa heç bir alıcıyla alış-veriş etmir. Satışlar yalnız yerli distributorlar vasitəsilə həyata keçirilir.
“Sampo Rosenflyu” şirkətinin Azərbaycanda rəsmi distributoru Aydın Əzimov adlı bir şəxsdir. Bu məlumat istehsalçının internet səhifəsində də göstərilib (http://www.sampocomia.fi/world-dealers/?lang=en ttp://www.sampocomia.fi/world-dealers/?lang=en). Aydın Əzimovun kimliyini müəyyənləşdirmək üçün araşdırma zamanı bəlli oldu ki, A.Əzimov “Aqrolizinq” ASC-nin sədr müavinidir və nazir İsmət Abbasovun inanılmış adamlarındandır. Taxılyığan kombaynları isə o, Panamada qeydiyyatdan keçmiş İsmət Abbasova məxsus offşor şirkət vasitəsilə, istehsalçıdan alıb, qiymətləri 55-58 faiz şişirdərək “Aqrolizinq” ASC-yə satır. Bu, artıq təkzibolunmaz korrupsiya faktıdır.
Beləliklə, İ.Abbasovun kombaynların tendersiz alınmasına üstünlük verməsinin səbəbi aydınlaşır. Söhbət büdcə vəsaitlərinin offşor şirkətlər vasitəsi mənimsənilməsindən gedir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu yazını əsas götürüb, məsələ ilə bağlı cinayət işi aça bilər. Azərbaycan qanunları da qəzet yazısı əsasında cinayət işinin açılmasına yaşıl işıq yandırır. Ancaq 100 manat rüşvətə görə müəllim və həkimə cinayət işi açan Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu müdhiş korrupsiya faktına görə susmaqda davam edir. Qurum susduqca isə Londonda kənd təsərrüfatı nazirinin oğluna məxsus mülklərin sayı artır.