BolgeXeber.Com » Analitika » 2 inəyinə görə 3 ildir məhkəmələrdə qalan vətəndaş Ramiz Rzayevə müraciət edir

2 inəyinə görə 3 ildir məhkəmələrdə qalan vətəndaş Ramiz Rzayevə müraciət edir

4-10-2013, 14:40
Oxunub: 3 976 “2 inəyə görə 3 ildir məhkəmələrdə qalmışam”

Qafqaznews.az-ın redaksiyasına Abşeron rayonunun Nübar qəsəbəsinin sakini Soltanov Soltan Manaf oğlu tərəfindən Ali Məhkəmənin sədri Ramiz Rzayevə ünvanlanmış şikayət məktubu daxil olmuşdur.Həmin məktubu olduğu kimi oxuculara təqdim edirik:

“Cənab sədr! Mən Soltanov Soltan Manaf oğlu 5 nəfərlik ailə üzvlərimlə birlikdə Abşeron rayonunun Nübar qəsəbəsində yaşayıram. Həyətimdə 2 inək saxlayıram və südünü, qatığını satıb balalarımı saxlayıram. Övladlarımdan ikisi xəstədir. Çox çətinliklə dolanırıq. Üç il əvvəl qonşuluğumza köçən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin işçisi Əliyev Elbrus Rəsul oğlu məni çağırıb bildirdi ki, inəklərin səsi başıma düşür, inəkləri sat. Mən dedim ki, ay qonşu, mən ailəmi bu inəklərin südü-qatığı ilə saxlayıram, necə satım. O isə dedi bilmirəm, satmalısan. Həmin gündən Elbrus Əliyev məni və ailə üzvlərimi söyməyə, təhqir etməyə, hədə-qorxu gəlməyə başladı. Mən sahə müvəkkilinə müracitə etdim. Sahə müvəkkili dedi ki, mən onunla bacarmıram. Sonra Abşeron polisinə müraciət elədim. Yenə xeyri olmadı. Sonra məcbur oldum ağır seyidlərdən xahiş elədim ki, siz Elbrusa deyin məndən əl çəksin. Elbrus Əliyev seyidləri söyüb qapıdan qovdu.

Bir gün məni Abşeron məhkəməsinə çağırdılar. Məlum oldu ki, Elbrus Əliyev mənim barəmdə xüsusi ittiham qaydasında məhkəməyə müraciə edib.
Hakim Şəmsəddin Abbasov 30 noyabr 2012-ci il tarixli qərarla iddianı rədd etdi. Və bildirdi ki, inək saxlamağa görə məgər vətəndaşı həbs etmək olar? Hətta hakim bizi barışdırmağa çalışsa da Elbrus Əliyev bildirdi ki, onu həbs etdirəcəyəm. Bir müddət keçdi. Sonra məlum oldu ki, Elbrus Əliyev bu dəfə məndən yenə xüsusi ittiham qaydasında Yasamal məhkəməsinə müraciət edib. Mən ölkə başçısı İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova, qəzetlərə müraciət etdim.

Yasamal rayon məhkəməsinin hakimi Anar Rzayev 30 dekabr 2012-ci ildə mənim barəmdə qaldırılan xüsusi ittiham qaydasında iddianı rədd elədi. Anar müəllim də çox çalışdı ki, bizi barışdırsın. Hətta məndən xahiş elədi ki, tövləni sök başqa yerdə tik. Mən də razılaşdım və tövləmi söküb başqa yerdə tikdim. Hakim Elbrusdan xahiş elədi ki, sən də kömək elə tövləni söksün. Ancaq Elbrus kömək eləmədi, dedi ki, onu həbs elətdirəcəm.

Cənab Ramiz Rzayev! Yenə məni məhkəməyə çağırıblar ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 18 aprel 2013-cü ildə hakimlər Sahibxan Arzuman oğlu Mirzəyevin sədrliyi, Faiq Adil oğlu Qasımov və Camal Cumar oğlu Ramazanovdan ibarət tərkibdə, Kərimova Vüsalə Abasqulu qızının katibliyi ilə Yasamal məhkəməsinin qərarını ləğv ediblər.
Və mən yenə məhkəmlərədə qalmışam.

Hörmətli Ramiz müəllim! İki inəyə görə mən 3 ildir ki, məhkəmələrdə qalmışam. Vəkil tutmağa pulum yoxdur.Sizdən xahiş edirəm bu məsələyə son qoyun. Üzümü ölkə başçısı İlham Əliyevə tuturam ki, mənim bu ölkədə 2 inək saxlayıb balalarımı dolandırmaq hüququm yoxdur..? “Azəryolservis”in sədri, millət vəkili Cavid Qurbanova üz tuturam, sizin işçiniz məndən nə istəyir? Elbrus Əliyevin vəkili deyir ki, mən ədliyyə genaralı Vidadi Mirkamalın bacısı oğluyam, sənin başına oyun açacam.
Sizdən xahiş edirəm mənim ailəmə kömək edin.
Telefonum: 050-406-41-98”
Qafqaznews.az