BolgeXeber.Com » Analitika » Kamaləddin Qafarov: “2018-ci ilin növbədənkənar prezident seçkiləri dövrün tələbi idi”

Kamaləddin Qafarov: “2018-ci ilin növbədənkənar prezident seçkiləri dövrün tələbi idi”

10-04-2023, 10:59
Oxunub: 3 096

“2018-ci il aprelin 11-də Azərbaycan xalqı, əvvəlki illərdə olduğu kimi, müdrik seçim edərək İlham Əliyevi yenidən Ölkə Prezidenti seçdi. İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun iqtisadi qüdrəti daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. Bütün bu amillər xalqın seçiminə təsir edən ən vacib arqumentlər oldu. Nəticədə, ölkənin səsvermə hüququna malik olan vətəndaşlarının 74.3 % -nin və müxtəlif partiyalardan 8 namizədin iştirak etdiyi, şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Azərbaycan seçicilərinin 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. 2018-ci il aprelin 11-də Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha ölkəmizdə hər kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin ən bariz göstəricisi oldu.”


Bolgə.TV xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, 2018-ci ildə keçirilmiş növbədənkənar Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir: “Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri uğurla həyata keçirilən düşünülmüş balanslı xarici siyasət sayəsində 2018-ci ilədək artıq bir çox yüksək nəticələr əldə olunmuşdu. Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşmasına nail olması üçün münbit şərait yaranmışdı. Seçkilərdə iştirak edən vətəndaşların mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, birmənalı olaraq xalqın bütün radikal qüvvələrə verdiyi “yox” cavabı idi. Azərbaycan xalqı 2018-ci ildə bir daha bəyan etdi ki, bu qüvvələrin Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Seçkilərin nəticələri xalqın sarsılmaz iradəsini ifadə etmiş oldu. Bir sıra beynəlxalq təşkilatlar ölkəmizdə keçirilmiş növbədənkənar Prezident seçkilərinin nəticələrinin legitimliyini təsdiq etdilər. Bununla da 2018-ci il Prezident seçkiləri ölkəmizdə növbəti illərdə əldə olunacaq tarixi qələbələrin əsasını qoyan mühüm hadisələr sırasında ən önəmli yerlərdən birini tutmuş oldu.”


K.Qafarov vurğulayıb ki, ölkəmizin müstəqil xarici siyasət yürütməsinə imkan yaradan əsas amillərdən biri də iqtisadi inkişafın davamlı və dayanıqlı olmasıdır: “Ölkə Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə belə bir fikri səsləndirib: “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”. Dövlətimizin başçısı məhz bu baza prinsipinə əsaslanaraq davamlı iqtisadi islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu gün ölkəmizin xarici əməkdaşlıq istiqamətləri arasında enerji sahəsi xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan TANAP-ın açılışı oldu. Təbii ki, bütün bu hadisələr Azərbaycanın iqtisadi gücünün artmasını təmin etdi və ölkəmizin beynəlxalq arenalarda mövqeylərini daha da möhkəmləndirdi.”

Deputat daha sonra deyib: “Möhtərəm dövlət başçımızın həyata keçirdiyi müstəqil xarici və daxili siyasətin ən əhəmiyyətli nəticələrindən biri kimi məhz Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbəmizi göstərmək lazımdır. 2020-ci ilin sentyabr ayında dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad etmək hüququndan istifadə etdi və Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində genişmiqyaslı əks-hücum əməliyyatları böyük uğurla həyata keçirildi. Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərlə torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır. Bu gün ölkə ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son bir neçə ildə həyata keçirilən, ölkəmizdə milli və siyasi həmrəylik mühitinin formalaşmasına xidmət edən mütərəqqi təşəbbüslərinin müsbət nəticələrini müşahidə etməkdədir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu təşəbbüslər milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin əsl təcəssümünə çevrilib"