BolgeXeber.Com » Analitika » Kamaləddin Qafarov: “Zərifə xanım qayğıkeş ana, fədakar həyat yoldaşı, böyük alim idi”

Kamaləddin Qafarov: “Zərifə xanım qayğıkeş ana, fədakar həyat yoldaşı, böyük alim idi”

15-04-2023, 11:07
Oxunub: 5 416

“Bu il aprelin 28-də Azərbaycan xalqı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünü qeyd edəcək. Zərifə xanım Əliyeva, ilk növbədə, qayğıkeş ana, fədakar həyat yoldaşı kimi də bütün qadınlarımıza nümunə olub. Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq, əlbəttə ki, elə də asan məsələ deyildi. Heydər Əliyev öz xatirələrindən birində Zərifə xanım haqqında demişdir: “...O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.” Zərifə xanım Əliyevanın obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunə və misilsiz örnəkdir.”


Bolgə.TV xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib: “ Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. Onun əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır. Zərifə xanım tibb elmində təcrübi səhiyyəyə dair son dərəcə əhəmiyyətli araşdırmalar aparıb. Zərifə xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, eləcə də dünya təcrübəsində əsas problemlər sırasında dayanan peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biridir.O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” adlı doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqii” (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti layiqincə qiymətləndirilib və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. Bu gün də Zərifə xanım Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”


K.Qafarov görkəmli akademikin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu qeyd edərək deyib: “Zərifə xanım Əliyeva gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, gözəl insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların hazırlanmasında böyük əmək sərf edib. Ölkə Prezidenti İlham Əliyev Zərifə xanımın həyatda olduğu son günləri xatırlayaraq demişdir: “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı olaraq qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən də məhz bu idi.” Azərbaycan xalqının ləyaqətli qızı, böyük alim Zərifə xanım Əliyevanın əziz xatirəsi daim könüllərdə yaşayacaqdır”.