BolgeXeber.Com » Analitika » Xətainin icra başçısı sahibkarların arxasında gizlənir

Xətainin icra başçısı sahibkarların arxasında gizlənir

12-10-2013, 10:45
Oxunub: 4 631 Razim Məmmədov Xətai rayonunda torpağı kvadratmetrlə satır
Bakının Xətai rayonu ərazisində, Ukrayna dairəsi yaxınlığında (Məhəmməd Hadi küçəsi) aparılan özül qazıntısı zamanı baş verən qəza haqda ötən saylarda yazmışdıq. Bir neçə yazıdan sonra ərazidə tikinti aparan sahibkar Heydərov Natiq Heydər oğlunun köməkçisi Məmməd Rzayev redaksiyamızla telefon əlaqəsi saxlayaraq ərazidə aparılan tikintinin qanunsuz olmadığını bildirmişdi.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə “Yeni Müsavat”a deyiblər ki, tikinti qanunsuz aparılır, bunun üçün heç bir rəy verilməyib. Komitənin Şəhərsalma nəzarət şöbəsinin böyük məsləhətçisi Rəhilə Cəfərova demişdi ki, sənədlərdə həmin ərazi yaşıllıq zonası kimi qeydə alınıb. “Biz əraziyə baxış keçirən zaman tikinti işləri gedirdi. İlkin sənədləri görüb, layihənin rəhbəri ilə danışmaq istəsək də buna müvəffəq olmadıq. Onu da qeyd edim ki, bizə tikintinin sahibinin Natiq Heydərov deyil Məmmədov N. adlı bir şəxs olduğunu bildirdilər. Nə tikinti aparan şəxs orda idi, nə də sənədləri bizə təqdim etmədilər. Nəzərinizə çatdırım ki, həmin layihə üçün bizim komitənin rəyi olmalıdır. Bu da yoxdur. Nə də tikintinin müfəssəl planı mövcud deyil. Heç bir əsaslandırma olmayıb. Bu isə o deməkdir ki, tikinti qanunsuzdur. Hazırda 3 ciddi səbəbə görə o tikinti dayandırılmalıdır. Həm də qanunla da bu, tənzimlənir ki, tikintilər zamanı yerli sakinlərin rəyi nəzərə alınmalıdır” -deyə baş məsləhətçi bildirmişdi.
Bakı meri Hacıbala Abutalıbov isə bu tikinti ilə bağlı “Yeni Müsavat”a son 15 gündə bir neçə dəfə açıqlama verib. Sonuncu dəfə H.Abutalıbov demişdi ki, əraziyə yenə də mütəxəssislər göndərib.
“Yeni Müsavat” sentyabrın əvvəllərindən başlayaraq qanunsuz tikinti ilə bağlı ardıcıl yazılar dərc etsə də, məsələyə Bakı meri səviyyəsində reaksiya verilsə də, qanunsuz tikintiyə dur deyən tapılmır.
Xətai Rayon İcra Hakimiyyəti ərazidə heç nə baş verməmiş kimi susqunluq nümayiş etdirir.
Məsələ ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Adının çəkilməsini istəməyən qaynağımız deyib ki, əslində tikinti aparılan ərazi rayonun icra başçısı Razim Məmmədova məxsusdur. Amma icra başçısı başqa ad-soyadın arxasında gizlənir: “Xətainin icra başçısı Razim Məmmədov rəhbərlik etdiyi rayonda torpaq sahələrini sotla deyil, kvadratmetrlə satır. 1 kvadratmetr 3 min manatadır. İcra başçısı orada obyekt tikib kvadratını 7-8 min manata satacaq. Hacıbala Abutalıbovun orada gəlib danışması da əbəsdir. Çünki onun Razim Məmmədova gücü çatmır”.
Qaynağımız ərazidəki ağacların qırılacağını da söyləyib. Dedi ki, M.Hadi küçəsində, sözügedən qalmaqallı tikintinin yaxınlığındakı yaşıllıq zolağının ərazisi də satılıb. Bir müddətdən sonra ordakı ağacları qırıb yerində obyekt tikəcəklər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti ilə əlaqə saxladıq.
Xidmət rəhbəri İradə İbrahimova bildirdi ki, ərazidəki ağaclar təmsil etdiyi qurum tərəfindən nəzarətə götürülüb: “Orada 11 ağac var və ağacların mühafizə olunması ərazidə tikinti işləri aparan iş icraçısına aktla təhvil verilib”.
Qeyd edək ki, ötən il M.Hadi küçəsində yaşıllıqların məhv edilməsi haqda reportaj dərc etmişdik. “Yeni Müsavat” qəzetinin 05.04.2013-ci il tarixli sayında “Qəddar ağac kəsənlər və onların qoçusu. Ukrayna dairəsində 40 ilin yaşıllığı məhv edilir” başlıqlı yazı dərc olunub. Həmin yazıda qeyd edilir ki, Məhəmməd Hadi küçəsində olan ağaclar qırılır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən qəzetimizə verilən açıqlamada bildirilmişdi ki, qanunvericiliyə uyğun qaydada faktla bağlı təhqiqat aparılıb və ciddi tədbirlər görülüb, aktlar tərtib olunub. Aidiyyəti üzrə müraciətlər olunub. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə görə meşə fonduna aid olmayan ağac və kol əkimlərinin zədələnməsinə, kəsilməsinə və ya məhvinə görə fiziki şəxslər 2200 manatdan 2500 manatadək, vəzifəli şəxslər 9 min manatdan 10 min manatadək, hüquqi şəxslər 40 min manatdan 50 min manata qədər cərimə olunurlar. İXM-in 92.3.1 maddəsinə görə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan yaşıllıqlar məhv edildikdə hər bir ağac və kolun zədələnməsinə, məhvinə görə fiziki şəxslər 1200 manatdan 1500 manata kimi, vəzifəli şəxslər 3500 manatdan 4400 manata kimi, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək cərimələnirlər.