BolgeXeber.Com » Analitika » Arzu Rəhimovun yağlı payız «sezonu»...

Arzu Rəhimovun yağlı payız «sezonu»...

12-10-2013, 16:30
Oxunub: 3 602 Xidmət rəisi oktyabr çağırışında hansı dəyişikliyə gedib?

Hərbi xidmətdən yayınmaq istəyən gənclər əməlli-başlı tərləməli olacaqlar

Gənclərin hərbi xidmətə çağırılması, hərbi-həkim komissiyalarında tibbi müayinədən keçmələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) səlahiyyətinə aid olan məsələlərdəndir. Ölkə başçısının müvafiq qərarı ilə 2012-ci ildə ləğv edilən Respublika Hərbi Komissarlığının yerində sözügedən xidmət yaradılıb. Yeni qurumun fəaliyyətə başlaması vətəndaşları, ələlxüsus da övladı hərbi xidmət yaşına çatanları ümidləndirmişdi ki, bu sahədə rüşvətə, korrupsiyaya, əyri işlərə birdəfəlik son qoyulacaq, gənclərin hərbi xidmətə aparılması prosesi tam şəffaf şəkildə həyata keçiriləcək.
Lakin xidmətin bir il ərzindəki fəaliyyəti göstərdi ki, general-leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi SHXÇDX nəinki köhnədən yığılıb qalan problemləri həll etdi, əksinə hərbi çağırış sistemində böhran vəziyyəti daha da dərinləşdi. Hazırda xidmətin yerli şöbələrində gənc çağırışçıların hansı prinsiplər əsasında hərbi xidmətə aparıldığı heç kimə sirr deyil. Xidmətin yerlərdəki şöbələrinin rəhbərləri tam sağlam, başqa sözlə ifadə etsək, hərbi xidmətə yararlı olan gənclərdən müəyyən miqdarda rüşvət alaraq onları «niqodnıy» hərbi biletlə təmin edirlər. Xidmət yarandıqdan sonra isə hərbi xidmətə yararsız biletinin də qiyməti qalxıb. Bizdə olan məlumata görə, ötən hərbi çağırış müddətində hərbi xidmətdən yayınmağın bədəli çox böyük olub. Qurumda mövcud olan nöqsanlarla bağlı dəfələrlə məqalə yazsaq da, yuxarı instansiyalar tərəfindən heç bir reaksiya gəlməyib.
Belə olan halda isə xidmət rəisi Arzu Rəhimov qanunsuz işlərini bir qədər də artıraraq hərbi çağırış sistemini tamamilə iflic vəziyyətə salmağı sanki qarşısına məqsəd qoyub.
Dünən mötəbər qaynaqlardan əldə etdiyimiz bilgilərə görə, general-leytenantın başı oktyabr çağırışına bərk qarışıb: «9 oktyabr prezident seçkiləri ilə əlaqədar olaraq çağırış ayın 10-dan start götürüb.
Oktyabr çağırışının ötən çağırışlardan fərqi var. Çünki bu çağırış ayında qaranlıq məsələlərə bir qədər düzəlişlər edilib. Təbii ki, bu düzəlişlər azalmaya yox, artmağa doğru edilib. Xidmət yarandığı vaxtdan bu günə qədər çağırışçıları razı salacaq işlərə imza atmayıb.
Əgər iyul çağırışı zamanı «niqodnıy» hərbi bilet almağın bədəli az idisə, hazırda artıb Özü də xidmətə tabe olan şöbələrin rəisləri və müavinləri hər adamı hərbi xidmətə yararsız hesab etmirlər. Onunla bərabər, «day-dayın» olması da əsas şərtlərdən biridir.
Bu dəqiqə xidmətin bütün şöbələrində əməlli-başlı canlanma var. Adi bir şeyi qeyd etmək istəyirəm. Hərbi xidmətə çağırış müddətini ayın sonuna kimi uzatmaq istəyən çağırışçılar şöbə rəislərinə 100-200 arasında «hörmət» edirlər. Buna gücü çatmayanları isə çağırış vərəqəsində qeyd olunmuş tarixdə hərbi xidmətə aparırlar». Mənbəmiz onu da vurğulayır ki, Arzu Rəhimovun rəhbərlik etdiyi xidmətin tabeçiliyindəki şöbələrdə səhhətində problem olan gənclərin hərbi xidmətə aparılması hallarına da rast gəlinməkdədir: «Pul verib hərbi xidmətdən yayınan gənclərin yerinə kasıb, eyni zamanda sağlamlıqlarında problem olan gəncləri əsgər göndərirlər.
Bir neçə aydan sonra oktyabr çağırışı zamanı hərbi xidmətə aparılan bəzi gənclərin xəstəlikdən dünyasını dəyişməsini eşitsəniz, heç təəccüblənməyin. Bilin ki, həmin əsgərlər hərbi xidmətə çağırılan zaman yol verilmiş kobud nöqsanların, daha doğrusu, Arzu Rəhimov və onun bəzi kadrlarının qeyri-qanuniəməllərinin qurbanlarıdır». Məlumatlı mənbənin xidmət rəisinin səbəb olduğu qanunsuzluqlarla bağlı bizə verdiyi məlumatların digər hissəsini gələn saylarımızda diqqətinizə çatdıracağıq. Sonda general-leytenanta bir sual vermək istəyirik: Arzu müəllim, iş dəftərinizdə bir neçə gün əvvəl yazdığınız 6 nəfər çağırışçı gənclər kimlərdir?
Qarşı tərəfi də dinləməyə hazırıq.gundelik-baku