BolgeXeber.Com » Analitika » Azərbaycanlı oliqarx oğlunun Londonu şoka salan əyləncəsi haqda yeni məlumatlar

Azərbaycanlı oliqarx oğlunun Londonu şoka salan əyləncəsi haqda yeni məlumatlar

14-10-2013, 16:10
Oxunub: 4 705 Prezident seçkiləri gününün axşamı “Kitsch” barında “kim daha çox içki sifariş verər” yarışmasına çıxıb iki saat yarıma 210 min dollar səpələyən gənclərə çılpaq ofisiant qızlar xidmət edirmiş

Londonun prestijli Mayfair rayonunda yerləşən “Kitsch” bar-klubunda bir-biri ilə “kim daha çox içki sifariş verər” yarışına çıxaraq iki saat yarıma 210 min dollar səpən oliqarx uşaqları haqda yeni bilgilər əldə edib.

Xatırladaq ki, Britaniya mediası ilk dəfə CNBC telekanalının xəbərini yaydığı bu “yarışma”nın iştirakçılarından birinin Azərbaycandan olduğunu artıq müəyyənləşdirib.

Virtualaz.org bundan əvvəl belə xəbər yaymışdı ki, Britaniyanın “Metro” qəzetinin bu hadisəni araşdırmaq üçün həmin barda olan əməkdaşı “yarışçılardan” birinin Azərbaycandan olduğunu müəyyənləşdirib. Məlum olub ki, o, hansısa formada neft biznesinə bağlıdır, yaxud atası neft sayəsində zəngin olan biridir. Digər gəncin isə Rusiyadan olduğu bildirilir, ancaq istisna deyil ki, əslində o da azərbaycanlıdır.
İlginc təsadüfdür ki, yarışma Azərbaycanda prezident seçkiləri gününün axşamı olub. Bu baxımdan bara əylənməyə gedən azərbaycanlı oliqarx oğlunun seçkilərin nəticələrini pul səpələməklə qeyd etdiyi istisna deyil.

İki qudurğan gəncin barda içkiyə yüz minlərlə dollar səpməsi Britaniya mediasının gündəmindən düşmür. Bu hadisə barədə “The İndependent”, “Evening Starndart”, “ Mirror”, “Daily Star”, “Daily Mail” qəzetləri də yazıb.

“Şou”nun təfərrüatlarını araşdırmaq üçün bara baş çəkən britaniyalı jurnalistlərə məlum olub ki, yaşları 30-dək olan gənclər bara gecə yarısı, təxminən saat 12 radələrində gediblər. Şahidlərin bildirdiyinə görə, bara daxil olanda onların hərəsini bir neçə gənc müşayiət edirmiş və gənclər içkili imiş. İki maqnatı müşayiət edənlərin sayı 10-dan çox olub. Onların əyləncəsi səhərə yaxın, saat 3 radələrindək davam edib.

Bardakı “yarışa” tamaşa edənlərdən biri deyib ki, sonda gənclərdən birinin digərindən təxminən 2500 funt-sterlinq çox ödəyəcəyi məlum olanda o, sevincindən atılıb-düşürmüş. Ətrafındakılar da onu əllərinin üstünə qaldıraraq atıb-tutublar.
Xəbər verdiyimiz kimi, “yarışçılar” cəmi 84 şüşə “Don Perignon” şampanı (hər şüşəsi 325 funt-sterlinq) və 55 şüşə “Cristal” şampanı, 13 şüşə “Krug” viskisi, iki şüşə “Belvedere” arağı, çoxlu sayda kokteyllər və mineral sular sifariş veriblər.

Tamaşaçılardan biri deyir: “Bu, mənim həyatımda gördüyüm ən qəribə gecə idi. Təsəvvür edin ki, bu iki oğlan bir-biriləri ilə kimin daha çox şampan sifariş verəcəyi üstündə yarışırlar. Onlardan biri 5 şüşə şampan sifariş verir, digəri cavab olaraq 6 şüşə. Sonra biri 7 şüşə, digəri 8 şüşə... Londonda indiyədək belə şeyi görüb-eşidən olmamışdı. Sifariş verilən şampan dəstini gənclərin masasına hər dəfə də demək olar ki, tam çılpaq olan ofisiant qızlar atəşfəşanlığın müşayiəti ilə çatdırırdı”.

Xəbərlərdə bildirilir ki, “Kitsch” barı əsasən Londonda yaşayan zəngin ruslar və digər keçmiş sovet respublikalarından olanlar arasında məşhurdur. Bu yaxınlarda barın sahibləri 1 milyon dollar xərcləyərək onun dizaynını yeniləyiblər.




“Mən belə şey görməmişdim. Gənclər o qədər şampan sifariş vermişdilər ki, masanın üstündə yer qalmamışdı. Sonda şampanların çoxu masaların üstündə içilməmiş qaldı” - deyə heyrətini gizlədə bilməyən digər tamaşaçı danışır.

Britaniya mediası yazır ki, neft sayəsində varlanmış maqnatlar və onları müşayiət edənlər bardakı elit fahişələrin və eskort qızların əhatəsində əyləniblər. Şahidlər deyir ki, “yarış” qızışanda müftə şampan içmək üçün barın digər müştəriləri, o cümlədən qızlar da onlara qoşuldular.

“Onlar o qədər içki sifariş vermişdilər ki, barın bütün içki ehtiyatının üçdə ikisi getdi” - deyə “Kitsch” barının əməkdaşı bildirib.

Şahidlərdən birinin dediyinə görə, əslində gənclər bara gələndə sifariş verdikləri içkilərin çox az hissəsini özləri içirdilər. Barın VİP bölməsində əylənən və müştəri gözləyən elit fahişələr də onlara qoşulub və hər şüşəsinin qiyməti bir neçə yüz dollardan bir neçə min dollaradək dəyişən şampan şərablarını içməkdə onlara “kömək ediblər”.

Buna baxmayaraq “yarış” bitəndə masaların üstündə içilməmiş xeyli şampan qalıb. Bildirilir ki, gənclərin sifariş verdikləri içki 2000 alkoqol vahidinə ekvivalent olub, yəni onlar sutkalıq alkoqol dozasını aşmasaydılar, bu içki onlara 10 ay bəs edərdi. “Yarış” bitəndə gənclər bardakı fahişələri də yanlarına alaraq əyləncəni davam etdirməyə gediblər.

Qeyd edək ki, virtualaz.org London barında “pul kisələrinin yarışı”na çıxan azərbaycanlı oliqarx oğlunun kimliyini müəyyən etməyə çalışır və bəzi ipucları əldə edə bilib. Əlavə araşdırmalardan sonra bu şəxsin kimliyini oxuculara çatdırmağa çalışacağıq.