BolgeXeber.Com » Analitika » Qərib Məmmədov və komandası DTXK-nı söküb-dağıdır

Qərib Məmmədov və komandası DTXK-nı söküb-dağıdır

16-10-2013, 12:20
Oxunub: 9 237 Azad Nağıyev, Rafiq Süleymanov, Ədalət Salmanov, Ağakişi Alıyev və Həsən İsayev 17 834 416 manatı öz aralarında bölüşdürüblər?

BŞİH-in sabiq rəhbəri Rəfael Allahverdiyev Bakı şəhəri üzrə torpaq
şöbəsinin müdiri Natiq Məlikovu niyə Qərib Məmmədova tapşırıb?

Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaq ehtiyatlarından səmərəli istifadənin təşkili, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq-vətəndaş münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti. Yəqin ki, bir çoxunuz söhbətin hələ də nədən getdiyini müəyyən edə bilməyib. Qeyd olunan məsələlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) səlahiyyətinə aid olan vəzifələrdir.
Nə qədər çətin də olsa etiraf etmək istəyirik ki, komitədə vəzifə tutan bəzi vəzifəli şəxslərin, konkret olaraq sədr Qərib Məmmədov, onun müavini Azad Nağıyev, Mərkəzi Aparatın rəhbəri Rafiq Süleymanov, onun müavinləri Ədalət Salmanov və Ağakişi Alıyev, həmçinin qurumun iqtisadiyyat, maliyyə və mühasibat şöbəsinin müdiri Həsən İsayevin qanunsuzəməlləri ucbatından bir sıra problemlər meydana çıxmaqdadır. Adlarını çəkdiyimiz məmurlar Qərib Məmmədovun rəhbərliyi altında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini sözün əsl mənasında söküb-dağıdırlar. Diqqətinizə çatdıraq ki, bir müddətdir sözügedən şəxslərlə bağlı qəzetimizdə faktlar əsasında bir-birindən maraqlı məqalələr dərc olunmaqdadır. Biz hər şeyi olduğu kimi, yazıb komitədə cərəyan edən qaranlıq işləri, o cümlədən maliyyə yeyintilərini ictimaiyyətə çatdırsaq da, komitənin fəaliyyətində müsbət dəyişiklik baş vermir ki, vermir. Məhz həyata keçirilən qeyri-qanuni işlərin nəticəsidir ki, son zamanlar DTXK-nın adı ən çox korrupsiyaya bulaşmış sahələrin sırasında öndə çəkilir. Komitə sədri isə rəhbəri olduğu qurumun adının korrupsiya olaylarında hallanmasına münasibət bildirərkən deyib ki, fiziki və ya hüquqi şəxslərə torpaq sahəsinin ayrılması məsələsi ilə bağlı bələdiyyələr tərəfindən qərarın qəbul edilməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri iştirak etmirlər. Bələdiyyə yalnız torpağın fiziki və ya hüquqi şəxslərə ayrılmasını məqsədəmüvafiq hesab etdiyi halda, komitənin rayon və şəhər şöbələri müvafiq planlama işləri aparmaqla nəticədə zəruri miqyaslarda yer quruluşu plan və ölçü sənədlərini tərtib edir. Eyni zamanda, torpağın normativ qiyməti barədə arayış hazırlayaraq aidiyyəti üzrə bələdiyyəyə təqdim edir. Qərib müəllimin bu açıqlamaları isə özünü təmizə çıxarmaqdan başqa bir məqsəd daşımır. Reallıq ondan ibarətdir ki, Rafiq Süleymanov, Ədalət Salmanov, Ağakişi Alıyev, Həsən İsayev və Azad Nağıyev əlbir olaraq qanunsuz işlər törədirlər. Ötən saylarımızda bildirmişdik ki, rayon torpaq şöbə müdirlərinə aparat rəhbərinin müavini Ağakişi Alıyev himayədarlıq edir. Onun göstərişilə bölgələrdə «hərraca» çıxarılan torpaq sahələri köhnə tarixlə arxayın şəkildə sənədləşdirilir. Dünən etibarlı mənbələrdən bizə çatan məlumatlarda isə qeyd olunur ki, komitənin işini iflic edən şəxslərdən biri, bəlkə də birincisi aparat rəhbəri Rafiq Süleymanovdur. Mənbə deyir ki, «Azərbaycan Respublikasının 2013-cü ilin Dövlət Büdcəsi Haqqında» Qanununa əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi aparatının saxlanması məqsədilə dövlət büdcəsindən 2 946 284,0 manat vəsait ayrılıb: «Bu məbləğin bir hissəsi komitədə çalışan şəxslərin aylıq əməkhaqlarının verilməsinə sərf edilib. Ancaq yerdə qalan məbləğin hara getdiyi, nəyə xərcləndiyi dəqiq məlum deyil. İqtisadiyyat, maliyyə və mühasibat şöbəsinin müdiri Həsən İsayev aparat rəhbəri ilə qarşılıqlı iş görərək böyük miqdarda vəsaitin arxasına keçib. Bu işdə Qərib Məmmədovun müavini Azad Nağıyev, aparat rəhbərinin müavinləri Ədalət Salmanov və Ağakişi Alıyevin də əlləri olub. Həmçinin onu da deyim ki, bu ilin dövlət büdcəsindən komitəyə yerquruluşu, torpaq kadastrı, topoqrafiyageodeziya və kartoqrafiya işləri ilə bağlı olaraq 14 888 132,0 manat vəsait ayrılıb. Ümumilikdə, 2013-cü il ərzində komitəyə üst-üstə 17 834 416 manat pul ayrılıb ki, bunun da böyük hissəsi komitənin əsas söz sahibləri arasında bölüşdürülüb. Bu pulların hansı məqsədlər üçün istifadə olunduğunu Qərib Məmmədovdan soruşan yoxdur. Bundan arxayınlaşan komitə sədri komandasına daxil olan bəzi məmurlarla birlikdə dövlətin büdcəsinə külli miqdarda ziyan vurur. Sədr açıqlayır ki, bələdiyyələrin
qərarları əsasında və onlarla bağlanmış müqavilə ilə 2009-2013-cü illər ərzində respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 10 min 95 torpaq müsabiqə və hərracı təşkil olunub. Bələdiyyələrin satdığı torpaq sahələrindən komitənin yerli şöbələri qazanclı çıxıblar ki, onların əldə etdiyi gəlirlərin yarıdan çoxu Bakıya, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilib. Bu işləri nəzarətdə saxlayan şəxs isə Rafiq Süleymanovun müavini Ağakişi Alıyevdir. Maliyyə şöbəsinin müdiri Həsənİsayev isə bəzi sənədlərə qeyri-qanuni düzəlişlər etməklə özünün və adlarını çəkdiyim digər səlahiyyətli şəxslərin büdcəsini doldurur». Məlumatda o da bildirilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Məlikov Natiq Ağarza oğlunun da işində ciddi nöqsanlar mövcuddur. Mənbə deyir ki, şöbə müdiri Bakı şəhəri üzrə nə qədər torpaq məsələsi ilə bağlı sənəd varsa, hamısını şəxsən öz nəzarətində saxlayır və «hörmət» prinsipi əsasında iş görür. Eşitdiyimizə görə, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı (1993-2000-ci illərdə) Rəfael Allahverdiyev dünyasını dəyişməmişdən öncə Natiq Məlikovu Qərib Məmmədova bərk-bərk tapşırıb. Deyilənə görə, şöbə müdiri hazırda xəstədir, səhhətində müxtəlif problemlər var. Allah şəfa versin. Onu da eşitmişik ki, şöbə müdiri son günlər yuxularında tez-tez Rəfael Allahverdiyevi görür və sabiq icra başçısının keçmiş katibəsi olan Rəna xanımdan halallıq almaq istəyir. Bu və digər ilginc faktlarla bağlı isə gələn saylarımızda daha geniş yazı dərc edəcəyik. Sonda Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Hesablama Palatası və Maliyyə Nazirliyinin rəhbərliyinə müraciət edib demək istəyirik ki, DTXK-dakı qanunsuzluqları araşdırmağın vaxtı çoxdan çatıb.
Yazıda adı qeyd olunan bütün tərəflərin münasibətini dərc edə bilərik.
(ardı var)
gundelik-baku