BolgeXeber.Com » Analitika » Arzu Rəhimov vəzifəsində qalır

Arzu Rəhimov vəzifəsində qalır

21-10-2013, 13:05
Oxunub: 5 054 Onun yerinə göz dikən Novruzəli Orucov daha bir sezon gözləyəcək
Prezidentin hansı naziri və yaxud da NK strukturlarına aid rəhbər şəxsi vəzifəsində saxlayıb, hansını yola salacağı, az öncə də bildirdik ki, ən çox dartışılan mövzulardan biridir. Bununla bağlı DİA.AZ-a yeni informasiyalar daxil olub.

Hökumət içindəki mötəbər mənbələrdən əldə etdiyimiz informasiyada qeyd olunur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovla bağlı qəti qərar verilib. Mənbəmizin söylədikləri:

«Onun vəzifəsində saxlanılması qərara alınıb. Amma bunun qarşılığında Arzu Rəhimovun da üzərinə ciddi öhdəliyin qoyulması nəzərdə tutulub. Belə ki, xidmət rəisi qısa müddət ərzində hakimiyyətin üst düzəyi tərəfindən təqdim olunan problemli məqamları aradan qaldırmalıdır. Əks halda, onun sonrakı mərhələdə vəzifəsindən alınması qaçılmaz olacaq».

Mənbəmiz iddia edir ki, əslində Arzu Rəhimovun vəzifəsində saxlanılması iqtidariçi toqquşmaların nəticəsi kimi də qəbul oluna bilər: «Görünəni odur ki, Arzu Rəhimovun təmsil olunduğu düşərgənin mövqeləri daha güclüdür. Amma bu şəraitdə belə həmin çevrə xidmət rəisini yalnız 3 aylıq müddətə vəzifəsində saxlaya bilib. Bunun daimi olması isə Arzu Rəhimovdan asılıdır».

Onu da bildirək ki, Arzu Rəhimovun yerinə iddialılar sırasında ən şanslı görünəni 2007-2012-ci illərdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışmış, 2010-cu ilin mart ayında prezident İlham Əliyevin fərmanı ilə ona general-mayor hərbi rütbəsi verilən, 2012-ci ilin may ayından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini postunu tutan Novruzəli Orcuovdur. Və hətta Novruzəli Orucov zaman-zaman Arzu Rəhimovun yerinə keçə bilməsi üçün mətbuatda da «böyük işlər» görüb. Hətta onun Arzu Rəhimovla bərabər yeni yaradılan səfərbərlik xidmətinin rəisi postuna iddialı olduğu da fakt idi. Lakin Arzu Rəhimov onu üstələyə bilmişdi. Buna görə də Novruzəli Orucov bir sezonluq gözləməli oldu. İndi isə anlaşılanı odur ki, Arzu Rəhimovun rəqibləri yenə də gözləmə mövqeyinə çəkilməlidirlər.

Qeyd edək ki, Arzu Yusif oğlu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur. 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirmişdir.
1986-1989-cu illlərdə Keçmiş SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmişdir.
1992-2004-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksəlmişdir.
2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışmışdır.
2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini –Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə «general-mayor» ali hərbi rütbəsinə layiq görülmüşdür.
2007-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışmışdır.
2010-cu ilin 17 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 813 saylı Sərəncamına əsasən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan, rus dillərini mükəmməl bilir. Xidmət etdiyi dövrdə 10-dan artıq dövlət mükafatı və medallarla təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1 mart 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.
Ailəlidir, iki övladı var.