BolgeXeber.Com » Analitika » Etibar Pirverdiyevi kimlər ifşa edir?

Etibar Pirverdiyevi kimlər ifşa edir?

22-10-2013, 11:00
Oxunub: 3 676 Azərenerji»nin büdcə proqnozunu yerinə yetirə bilməməsinin səbəbləri...
Bu gün mühüm vəzifədə təmsil olunan bir sıra şəxslər var ki, onlar rəhbərlik etdikləri sahə üzrə irəliləyişlərə nail olmaq, vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək əvəzinə daha çox gəlir götürmək barədə düşünür və əksər hallarda bununla bağlı planlarını reallaşdırmağa müvəffəq olurlar. Bu cür şəxslərdən biri də «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyevdir.
Əldə etdiyimiz bilgilərə görə, ölkənin müxtəlif şəhər və rayonlarında, əsasən də şimal bölgəsində bir sıra nəhəng obyektlərə sahib olan ASC rəhbəri bu yaxınlarda bir restoran və bir bazarı itirməli olub. Bu barədə redaksiyamıza danışan məlumatlı şəxs iddia edir ki, bir müddət öncə Xaçmaz rayonunda fəaliyyət göstərən «Qala» restoranı və Xudat bazarı hələlik geniş auditoriyaya bəlli olmayan səbəblər üzündən Etibar Pirverdiyevdən alınıb: «Bildiyiniz kimi, bir müddət bundan əvvəl «Anonymous» haker qrupunun «Azərenerji» ASC-nin saytını dağıdaraq bir sıra mühüm sənədləri ələ keçirmişdi. Bu sənədlərə Offşor hesablarla bağlı məlumatlar, gizli müqavilələr, qeyri-qanuni sənədləşmələr və s. daxildir. Həmin bu haker qrupu əldə etdiyi sənədlərin bir hissəsini ictimailəşdirdikdən sonra məlum olub ki, «Azərenerji» ASC-nin yüksək çinli məmurlarından birinin Dubaya ezamiyyəti düz 35 min manata başa gəlib. Belə ki, həmin şəxs «Jumeirah Dubay» hotelində nömrənin (otağın) bir sutkalıq xərcinə görə 327 dollar, «Salmontini Dubai - Restaurant» restoranında şam yeməyinə görə 1127 dollar, «Bürc Xəlifə»dəki ticarət mərkəzinin lüks saunasında bir günlük istirahət üçün 487 dollar, «Louis VUITTON», «İF boutique», «Harvey NİCHOLS», «FALCON Gallery», «HOME CENTRE» və digər mağazalardan alış-verişə 20 min dollar, biznes-klass sinfindən olan avtomobilin icarəsinə görə isə 780 dollar ödəyib. Təbii ki, bütün bunlar dövlət büdcəsi, yəni əhalidən yığılan işıq pulları hesabına başa gəlib. Görünür, «Azərenerji»nin büdcə proqnozunu yerinə yetirə bilməməsi məhz bu tip faktlarla bağlıdır».
Son zamanlar yuxarılarda «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyevə qarşı ciddi inamsızlığın formalaşdığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən qurumun maliyyə hesabatlarını qeyri-şəffaf şəkildə təqdim etməsinə dair müəyyən şübhələr mövcuddur: «Artıq çoxlarına bəllidir ki, "Anonymous" haker qrupunun əsas fəaliyyət istiqaməti məhz ayrı-ayrı ölkələrin rəsmi dövlət qurumlarının, müəssisə və təşkilatların vebsaytlarına müdaxilə edib oradan zəruri məlumatları, daha dəqiq desəm, böyük rezonansa səbəb ola biləcək faktları götürüb ictimailəşdirməkdir. Bu dəfə isə bu qrupun qurbanı məhz «Azərenerji» ASC oldu. Və "Anonymous" Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumla bağlı kifayət qədər bilgiləri mənimsəməyi bacardı. Məhz bundan sonra üzə çıxan, daha doğrusu, internet vasitəsilə yayımlanan bəzi faktlar yuxarı dairələrdə ASC prezidentinə olan etibarı əməlli-başlı sarsıtdı. Hazırda o, məhz özünün buraxdığı kobud səhvlər ucbatından konkret hədəfə çevrilib. Odur ki, hər an Etibar Pirverdiyevin «vurulma» ehtimalı var. Və bu, olduqca böyükdür. Görünür, hansısa maraqlı qüvvələr «Azərenerji» rəhbərinin ifşası, onun tutduğu postdan kənarlaşdırılması üçün az qala bütün gücünü səfərbər edib». Etibar Pirverdiyevin Kürsəngidə dəvə fermasının, Umbakıda, Xaçmaz rayonunun Çarxı və Yusuboba kəndlərində qoyun, inək və camış saxlanılan fermalarının olduğunu vurğulayan mənbə iddia edir ki, bütün bunlarla yanaşı, ASC prezidentinin Bakı, Xaçmaz, Quba və Sumqayıtda restoranları, eləcə də mağazalar şəbəkəsi var: «Bu qədər obyektin necə, hansı yollarla, kimin vasitəsilə əldə olunmasını araşdırmaq isə birbaşa aidiyyəti qurumların üzərinə düşən işdir...»

Samir