BolgeXeber.Com » Analitika » İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır

26-06-2023, 10:54
Oxunub: 5 960


İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır

Vətən müharibəsindən əvvəl və sonrakı dövrlərdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev mütəmadi olaraq Azərbaycan Silahlı Qüvvələrinin qoşun növlərini ziyarət etmiş şəxsi heyətin maddi-məişət və təminat şəraiti ilə yerində tanış olaraq öz diqqət və qayğısını göstərmişdir. Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda bir çox yeni struktur dəyişiklikləri oldu ki, onlardan biri də müasir tələblərə cavab verən, əmr və tapşırıqların çevik icrasını yerinə yetirməyə hazır olan Komando hərbi hissələrinin yaranması oldu. Günün tələblərinə cavab verən, istənilən anda tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi üçün hazırlıqlı, peşəkar hərbçilərin yetişdirilməsində komando bölmələrinin mühüm rolu vardır. Ali Baş Komandan İlham Əliyev hərbi hissələrdə keçirilən görüşlərində bundan sonrada yeni komando hərbi hissələrinin açılacağını bildirmişdir.
2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin genişmiqyaslı əks-hücum əməliyyatlarında cəbhənin müxtəlif istiqamətlərində həyata keçirdikləri uğurlu döyüş əməliyyatları nəticəsində düşmənin qüvvə və bölmələrinin darmadağın olunmasında xüsusi rolu olmuşdur. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin yüksək mənəvi-psixoloji vəziyyəti və xüsusi döyüş hazırlığına malik olması, döyüş əməliyyatlarının xüsusi bacarıq və ustalıqla idarə olunması nəticəsində Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş şərəfli və müqəddəs vəzifəni qanları və canları bahasına, layiqincə yerinə yetirdilər. Şuşa şəhərinin azad olunması ilə Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur oldu. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman Azərbaycan əsgərinin şücaətinin, qəhrəmanlığının təcəssümüdür.
Bu gün ordu quruculuğu sahəsində ölkə rəbərliyi tərəfindən mühüm strateji layihələr həyata keçirilir. Ordunun müasir standartlara cavab verən səviyyədə hazırlanması, təminat-təchizat və maddi-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində olan məsələlər həll olunur. Vətən müharibəsi müzəffər Ali Baş Komandanın rəhbərliyi altında zəfərlə, qələbəylə başa çatdı. Mənfur düşmənin özündə formalaşdırdığı mifləri Azərbaycan əsgəri 44 gündə darmadağın edərək məğlubiyyətə uğratdı. Bu gün dünyada gedən siyasi proseslər, hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistanda revanşist qüvvələrin baş qaldırması, onlara himayədarlıq edərək öz çirkin niyyətlərinə nail olmağa çalışan qüvvələrin sülh müqaviləsinin imzalanması prosesini ləngitmələri bunun bariz nümunəsidir. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin maddi-tədris bazasının, silah və texnikaların yenilənərək müasir tələblərə cavab verən səviyyədə təmin olunması prosesi sürətlə davam etdirilir. Bunun üçün bir çox dövlətlərlə kontrakt və müqavilələr imzalanaraq həyata keçirilmişdir. Yeni pilotsuz uçuş aparatları, raket-artilleriya silahları, cihazlar və texnikalar alınaraq silahlanmaya daxil edilmişdir. Bu gün müzəffər Azərbaycan əsgəri silahlanmaya daxil olan yeni silah və texnikaların taktiki-texniki xüsusiyyətlərini mükəmməl öyrənərək sirlərinə yiyələnmişdir.
Hərbi təhsil sistemində aparılan islahatlar, hərbi idarəetmə sisteminin yenidən qurulması Azərbaycan Ordusunda və digər silahlı birləşmələrdə yeni döyüş bölmələrinin sayının dəfələrlə artırılması görülən işlərin böyük nəticəsidir. Döyüş bölmələrinin yaradılması, yenilənən Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyümüzün təminatçısı kimi mühüm bir vəzifəni yerinə yetirməyi təmin edir. Sözsüz ki, bütün görülən işlərin və aparılan islahatların həyata keçirilməsi üçün güclü iqtisadiyyata malik olan dövlətimizin ordu quruculuğuna ayırdığı vəsaitlər hesabına həyata keçirilir.
Bu gün dövlətimizin apardığı uğurlu siyasət və həyata keçirilən ən böyük layihələrdən biri də işğaldan azad olunmuş ərazilərimizin bərpa olunması, yeni yaşayış məntəqələrinin salınması, həmin yerlərdə bütün kommunikasiya işlərinin qurulub bərpa olunmasıdır. Bu günə qədər həyata keçirilərək başa çatdırılan layihələr görülən işlərin bariz nümunəsidir.
Müharibəyə qədər münaqişənin həllində formal vasitəçilik missiyasını yerinə yetirən bir sıra qrup və təşkilatların fəaliyyətinə artıq ehtiyac qalmayıb, artıq onların fəaliyyəti tarixə qovuşub. Bu gün Azərbaycanın öz dövlət sərhədlərində sərhəd-keçid məntəqələrini qurması güclü siyasi iradənin nəticəsidir. İstər hərb meydanında, istər diplomatik masada Azərbaycan söz sahibidir. Bunun nəticəsidir ki, 2022-ci ilin oktyabr ayında Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Regionda uzunmüddətli sülhə nail olmaq üçün sülh müqaviləsinin rəsmiləşdirilməsi vacibdir. Və bundan sonra bir sıra strateji kommunikasiya xətlərinin və dəhlizin açılması mümkündür. Halbuki Ermənistan 2020-ci ilin 10 noyabr tarixində imzalanan kapitulyasiya aktında üzərinə götürdüyü bir sıra öhdəliyi bu günə qədər yerinə yetirməyib.
Artıq dünya ictimaiyyəti birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq abadlıq işləri həyata keçirilir. Keçmiş köçkünlər mərhələli şəkildə öz dədə-baba torpaqlarına qayıdır.
Müzəffər Azərbaycan əsgəri torpaqlarımızın keşiyində ayıq-sayıq dayanıb.

Samir Səfərov – Bərdə Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri