BolgeXeber.Com » Analitika » Füzuli Ələkbərov biznes imperiyasının başına keçir

Füzuli Ələkbərov biznes imperiyasının başına keçir

24-10-2013, 08:35
Oxunub: 4 093 Sabiq əmək naziri istefaya göndərildikdən sonra şirkətlərini genişləndirmək niyyətindədir
“Füzuli Ələkbərov üçün karyerasının bir başqa çağı başlanır. Görünür, özü də vəzifədən çıxarılacağından əvvəlcədən xəbərdar idi. İndi sabiq nazirin bundan sonra əvvəlki işini, yəni biznes karyerasını davam etdirəcəyi gözlənilir. Qardaşının və oğlunun ucbatından nazir postundan uzaqlaşdırıldı, artıq yeni təyinat alacağına da ümidi yoxdur. Onun bizneslə məşğul olacağı güman edilir”.

Bu sözləri “Yeni Müsavat”a verən qaynağımız əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən çıxarılan Füzuli Ələkbərovun biznes imperiyasına sahib olduğu və işini davam etdirəcəyini vurğuladı.

Onun sözlərinə görə, İsmayıllı hadisələrinə görə rayonun icra başçısı vəzifəsindən kənarlaşdırılan Nizami Ələkbərovun ardınca nazir qardaşının istefaya göndərilməsi səbəbsiz deyil: “Füzuli Ələkbərov öz oğlunu qoruya bildi, vəzifəsini isə yox. Ələkbərovlar ”klanı" hakimiyyətdən uzaqlaşdırıldı. Ehtimala görə, Füzuli Ələkbərov biznes fəaliyyətində uğurlar qazanmağa çalışacaq".

Sabiq nazirin nəhəng biznes şəbəkəsinə sahib olduğu əslində heç kəsə sirr deyil. Hələ 1991-ci ildə F.Ələkbərovun rəhbərliyi ilə “İmprotex” şirkəti yaranıb, tanınmış brendlər Azərbaycan bazarına gətirilib. Bu holdinq daha çox “İmprotex Group” kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib.

Maraqlıdır ki, bu fəaliyyət az müddət davam edib, sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçib.
Hazırda “İmprotex Group” ölkəmizdə ciddi holdinqlərdən biridir. Azərbaycanda ilk özəl avia şirkətin - “İmair”in yaradılması da məhz “İmprotex”in adıyla bağlıdır. Hazırda “İmprotex” Şirkətlər Qrupu Azərbaycanın özəl sektorunda aparıcı mövqeyə sahibdir. Şirkət dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edir.

Qaynağımız iddia edir ki, sabiq nazir “İmprotex Group”un başına keçərək daha ciddi şəkildə işini davam etdirəcək:

“Nazir təyin olunduqdan sonra şirkətin idarə heyətinin sədri postuna həyat yoldaşı İradə Ələkbərova gətirilib. Eyni zamanda şirkətdə nazirin çoxlu sayda qohumları işləyirlər. Elşən Ələkbərov, Vüqar Ələkbərov, Həsən Ələkbərov, Elxan Ələkbərov burada önəmli postlar tuturlar”.

Həmçinin “İmproteks Motors”, “İmproteks Treydinq” şirkətləri təsis olunub. Daha bir şirkət - “İmprotex Distribution Center” isə 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğuldur. Sabiq nazirin yelkənli qayıq satan mağazaları da var.

Bu xidməti “İmprotex Marine & Sporta Facilities” şirkəti 2005-ci ildə yaradılarkən göstərməyə başlayıb. Şirkət dünya şöhrətli yapon ticarət markası -"Yamaha"nın rəsmi distribütoru kimi fəal istirahət üçün geniş çeşiddə idman və dəniz avadanlıqları təklif edir.

F.Ələkbərov avtomobil bazarında da pay sahibidir. 2004-cü ildən “İmprotex” Şirkətlər Qrupunun Azərbaycanda yeni layihəsi olan MAN yük avtomobilləri üzrə işçi qrupu fəaliyyətə başlayıb. Bu işçi qrupunun fəaliyyətinin ilk addımı olaraq Azərbaycana yeni MAN TGA yük avtomobilləri gətirilib. “İmprotex” Şirkətlər Qrupu müştərilərin ehtiyaclarına və texniki tələblərinə əsaslanaraq MAN yük avtomobilləri üçün cari təmir mərkəzi də açıb.
Avropanın ən müasir standartlarına cavab verən Euro-3, Euro-4 mühərrikli MAN avtomobillərini ancaq istefada olan nazirin şirkəti satır. Ələkbərovun sahiblik etdiyi biznes imperiyasının müqabilində onun istefaya getməsi sadəcə toxunulmazlığına vurulan zərbə kimi qiymətləndirilə bilər. Qarşıdakı dövrdə onun biznesinin də sıradan çıxarılıb-çıxarılmayacağının şahidi olacağıq. Hər halda, sabiq nazir istefadan sonra xətaya yol verməyib ki, biznesi də əlindən alınsın. Əksinə, vəzifədən uzaqlaşdırılmasına münasibət bildirərkən İlham Əliyevə sədaqətli olduğunu dilə gətirib.

Emil SALAMOĞLU