BolgeXeber.Com » Analitika » Müdafiə nazirinin dəyişdirilməsi qərarının sirri

Müdafiə nazirinin dəyişdirilməsi qərarının sirri

25-10-2013, 09:10
Oxunub: 4 161 Səfər Əbiyevi gizli bank hesabları bitirib
Müdafiə nazirinin komandadan uzaqlaşdırılması barədə yeni iddia; general yeni kabinetdə postunu saxlayacağına əmin imiş, amma...
Prezident İlham Əliyevin hökumətdə etdiyi dəyişiklik günün əsas müzakirə mövzusu kimi qalmaqdadır. Əsas diqqət işdən çıxarılan iki nazirin-Səfər Əbiyevlə Füzuli Ələkbərovun üzərinə fokuslanıb. F.Ələkbərovla bağlı qərarda İsmayıllı hadisələri zamanı verilmişdi və 22 oktyabrda bu rəsmiləşdi. Neçə illərdi işdən çıxarılacağı deyilən S.Əbiyevin vurulmasını isə komanda daxilindəki rəqiblərinin qələbəsi hesab edənlər daha çoxdur. 18 ildir nazir işləyən Əbiyevin komandadan uzaqlaşdırılmasına çalışanlar vardı və hətta rəqibləri ona parlament səviyyəsində də hücumlar təşkil edirdilər.

Amma Əbiyevlə komandanın digər üzvləri arasında konflikt indi deyil, hələ 2008-ci ildə də vardı. Bəs Əbiyev niyə indi komandadan uzaqlaşdırıldı?

Müdafiə Nazirliyindən sızan məlumata görə, S.Əbiyev yeni kabinetdə də yerini saxlayacağına əminmiş. Adətən güc strukturları rəhbərlərinə vəzifədən gedəcəyi ilə bağlı xəbərdarlıq edilir. Bu xəbərdarlıq yalnız o vaxt olmur ki, həmin adam iş prosesində elə bir ciddi səhvə yol verir ki, o, fərmanını ya kabinetində eşidir, ya da qəfil həbs edilir. Mənbənin israrına görə, S.Əbiyevə işdən çıxarılacağı barədə nə seçkidən əvvəl, nə seçkidən ötən müddətdə heç bir xəbərdarlıq edilməyib.



O da istisna deyil ki, Əbiyev əvəzlənə biləcəyi ilə bağlı hərəkətlilikdən xəbər tuta bilib, çünki müdafiə naziri təyinatınadək Zakir Həsənovla prezident səviyyəsində bir neçə görüş keçirildiyi şübhəsizdir. S.Əbiyevin bu hərəkətlilikdən xəbər tutması an məsələsidir. Amma mənbə deyib ki, nazir arxayın şəkildə əvvəlki kimi görüşlərini davam etdirib, seçkidə ordunun iştirakı yüksək səviyyədə təmin olunub, inauqurasiya mərasimində xoş əhvalda görünüb və hər gün nazirliyə gedib.

Əbiyevin işdən çıxarılan digər iki məmurun (F.Ələkbərov və Aydın Bəşirov) açıqlaması ilə müqayisədə daha soyuqqanlı görünməsi də diqqət çəkir. “Yenidən müdafiə naziri təyin olunmadınız. Bunu gözləyirdinizmi və necə qiymətləndirirsiniz” sualına cavab olaraq Əbiyev “çox normal qiymətləndirirəm. Heç bir problem yoxdur”, deməklə, kifayətlənib. Halbuki 18 il orduya rəhbərlik edən general kimi onun Ali Baş Komandan haqda deməyə daha çox sözü olmalı idi...



Əbiyevin seçkidən sonra keçirdiyi görüşlərin statistikasına diqqət edək: 10 oktyabr: müdafiə naziri Pakistan Senatının müdafiə və müdafiə sənayesi üzrə komitəsinin sədrini qəbul edib. 14 oktyabr: müdafiə naziri ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşüb. Cəmi 1 həftə sonra -22 oktyabrda vəzifədən gedəcək (və daha dəqiqi, gedəcəyini bilən) müdafiə naziri təhvil-təslimə hazırlaşacaq bir vaxtda niyə özünü bu qədər yorsun ki? Niyə seçkinin nəticəsini tanımayan ABŞ-ın Bakıdakı diplomatı ilə hakimiyyətin davasını aparsın ki?



İndi işdən çıxarılmasında əsas versiyaya çevrilən ABŞ səfirinin səsinin yazılması barədə deyilənlərə gələk. Məgər 18 ildir nazir işləyən Əbiyev xarici diplomatla görüş qaydalarını indimi unutdu və bu səbəbdən də işdən çıxarıldı? Əlbəttə ki, indi elə Əbiyevin də komandadan kənarlaşdırılmasının daxili düşmənləri ilə məğlubiyyəti kimi deyil, diplomatla davasının nəticəsi kimi yozulması ürəyincədir. Prezident İlham Əliyevin xarakterinə bələd olanlar onun komandasının heç bir üzvünü heç bir vaxt xarici amillərə görə işdən çıxarmadığını deyirlər. Əksinə, belə xarici təzyiqlər olduqda, adı “qara siyahı”ya salınan kadrlarını daha çox qoruma altına alır, onları hətta vəzifə pilləsində yüksəldir də. (S.Əbiyevin də hansısa vəzifəyə təyinatı gözləniləndir). Bu səbəbdən də Əbiyevin “qələminin” Morninqstarla görüşdən sonra qırılması iddiası inandırıcı deyil. Nazirin bu illər ərzində NATO-nun çətiri altında qorunduğu barədə iddiaları da gözardı etmək olmaz, amma bu da hakimiyyətin maraqları çərçivəsində onun vəzifədə qalmasını vacib edən səmada yalnız bir ulduz kimi qeyd edilə bilər.

İkinci bir tərəfdən, ordu nazirini dəyişməyin kifayət qədər həm də riskli qərar və ağrılı proses olduğunu da unutmayaq. Ermənistanla müharibə şəraitdə olan Azərbaycan Müdafiə Nazirliyi heç bir nazirliklə müqayisə edilməyəcək dərəcədə mürəkkəb bir orqanizmdir. Başdakı gedirsə, bu qərar bütün generaliteti sirkələyir. Ötən ilin noyabrında Rusiyanın müdafiə naziri təyin edilən Sergey Şoyqu keçən11 ayda hələ də kreslosunu qızdırmayıb, adı rüşvət qalmaqallarında hallanan sələfi Anatoli Serdyukovun “basdırdığı bombaları” təmizləyə bilmir. (Bu mənada Zakir Həsənova qibtə etmək olmur.)
Bəs S.Əbiyev barədə son qərarın verilməsinə səbəb nə olub? Qaynağımızın dediyinə görə, S.Əbiyevi dəyişmək barədə qəti qərar verilməsinə müdafiə nazirinin gizli bank hesabları ilə bağlı informasiyalar səbəb olub. Xatırladaq ki, bugünlərdə mətbuatda “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri, hərbi ekspert Yaşar Cəfərli baş prokuror Zakir Qaralova və milli təhlükəsizlik naziri Eldar Mahmudova müdafiə naziri Səfər Əbiyevlə bağlı sensasion müraciət edib.



Y.Cəfərli müraciətində qeyd edib ki, Macarıstanın OTR BANK-ı müdafiə nazirinin 65 milyon avroluq bank hesabını dondurub: “Bank Səfər Əbiyevdən bu məbləği necə qazanması barədə gəlir deklorasiyası təqdim etməyi xahiş edib. Səfər Əbiyevdə isə gəlirlər haqda arayış olmayıb. Bundan başqa, hələ 10-12 il əvvəl İnterpol birmənalı olaraq qurumun Azərbaycandakı Milli Mərkəzi Bürosuna belə bir məlumat vermişdi. Bildirilirdi ki, yuxarıda adları göstərilən şəxslər və kompaniyalar çirkli pulların yuyulması ilə məşğul olmaları şübhəsi ilə İnterpolun maraq dairəsinə düşüblər. Apardığımız araşdırmalar göstərir ki, söhbət uzaq Macarıstanda Səfər Əbiyevin bank hesablarının doldurulması ilə məşğul olan ”şəxs"lər və “kompaniyalar”dan gedirdi. Özü də konkret olaraq həmin fiziki və hüquqi şəxslərin rekvizitləri də göstərilirdi. Sən demə, Tiflisdə 12,8 milyon dollar qiyməti olan 6 hidroelektrik stansiya almaq üçün Budapeştdə yaşayan 2 azərbaycanlının bank hesabına 17 milyon dollar köçürülməlidir. Burada 4,2 milyon dollar fərq əmələ gəlir. Bu fərqə xalq arasında “şapka” deyilir. İnterpolun Macarıstan bürosunun hesabatlarında göstərilir ki, 2 ay ərzində Azərbaycandan bu dövlətdəki 5 bank hesabına şübhəli pul köçürməsi qeydə alınıb. Bu köçürmələrdən 686.000, 196.000, 617.000 və 252.000 dollar əlavə “şapka” əldə edilib. Bu məlumatlara əsaslanıb müdafiə naziri vəzifəsini tutan Səfər Əbiyevin ayda orta hesabla 3 milyon dollar “şapka” qazandığını müəyyən etmək olar. Özü də bu, təkcə Macarıstanda müəyyən olunan 5 hesabla bağlı məlumatlara əsasən gəlinən nəticədir. Səfər Əbiyevin 65 milyon avroluq təkcə bir hesabı dondurulub". Y.Cəfərli 2013-cü il ərzində Səfər Əbiyevin digər Avropa ölkələrində - Almaniyada, Avstriyada, İspaniyada, İsveçdə və İsveçrədə belə bank hesablarının olduğunun üzə çıxdığını qeyd edib.

Nazir olduğu illərdə dəfələrlə belə ittihamlarla üzləşən S.Əbiyevin istefası ərəfəsi bu cür məlumatın yayılması əlbəttə ki, təsadüf ola bilməzdi. Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlunun bu müraciətə reaksiyası da düşündürücüdür. O iddia edib ki, həmin “rəqəmlər” və “bank hesabları” hərbi ekspertə ötürülüb.

“Onu verənə demək istəyirik ki, ”faktını" təsdiq edəcək iynənin ucu qədər sübutu ortalığa qoya bilərsə, buyursun".

Mənbəmiz deyib ki, S. Əbiyevin bank hesabları ilə bağlı hakimiyyətdə daha ciddi faktlar olub və ordunun büdcəsinə həssaslıqla yanaşan prezidenti belə bir ciddi addım atmağa vadar edib. Qaynağımızın iddiasına görə, bu faktlar prezidenti çox qəzəbləndirib və o, 18 il nazir işləyən S.Əbiyevi istefasından sonra hələ də qəbul etməyib. İlham Əliyevin bir cümləlik təşəkkürünü Zakir Həsənovun təqdimatını edən prezidentin hərbi məsələlər üzrə müşaviri general Vahid Əliyev çatdırıb.musavat.com