BolgeXeber.Com » Analitika » Arzu Rəhimov vəzifəsilə vidalaşmalı idi...

Arzu Rəhimov vəzifəsilə vidalaşmalı idi...

28-10-2013, 12:30
Oxunub: 3 935 Çağırış prosesi gəlir mənbəyinə çevrilib...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əksər rayon şöbələrində baş verən korrupsiya və qanunsuz əməllər haqqında məlumatlar mətbuatın gündəmindən düşmür. Belə ki, müxtəlif qəzetlər demək olar ki, hər gün bu Dövlət xidmətində baş verən qanunsuzluqlarla bağlı yeni-yeni faktları geniş ictimaiyyətə təqdim edir.


Bu qurumda baş verənlər əsasən əsgərliyə çağırışçılarla bağlı olur. Belə ki, qurumun rayon şöbələrində həqiqi hərbi xidmətə yararsız olan şəxslər 3 ildən bir təkrar tibbi müayinədən keçərkən onların hər birindən 300-500 manat pul tələb olunur. Halbuki həmin şəxslər həqiqətən də orduya yararsızdırlar və müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Xəstəliyə baxmayaraq hər dəfə çağrılanda bədbəxt cavanlar yenidən pul verməyə məcbur olurlar.


Bəzən orduya göndərilən 400-500 nəfərin çoxu yararsız olurlar. Həmin xəstə gəncləri, yəni müxtəlif xəstəliklərdən əziyyət çəkən çağırışçıları ordu sıralarına cəlb edirlər. Halbuki bu, birbaşa qanun pozuntusu, ən ağır cinayət əməli kimi qiymətləndirilməlidir. Çünki vərəm və digər yoluxucu xəstəliklərə düçar olmuş şəxsləri hərbi xidmətə göndərməklə həmin gənclərin ölümünə səbəb olurlar. Neçə ildir ki, bu biabırçı proses davam edir. Arzu Rəhimov quruma rəis gəldikdən sonra isə bu biabırçılıq daha da genişlənib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baş verən neqativ hallar ölkəmizin ordu quruculuğu sahəsində əldə etdiyi böyük uğurları kölgə altına alır. Bunun məsuliyyəti isə birbaşa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun üzərinə düşür.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbələri təkcə xəstə gəncləri orduya göndərməklə məşğul olmur. Əks proses də gedir. Belə ki, sağlam, heç bir xəstəliyi olmayan xeyli sayda çağırışçı müəyyən məbləğlərin hesabına vətən qarşısında öz borcunu ödəməkdən yayınırlar. Əlbəttə qurumun rayon şöbələrinin rəisləri Arzu Rəhimovun "xeyir-duası” olmadan belə məsələlərə yol verə bilməzlər. Bütün bu neqativ hallar hamısı yuxarıdan gələn qeyri-rəsmi tapşırıqlar əsasında həyata keçirilir.


Dəfələrlə şahidi oluruq ki, əsgərliyə yola salınan gənc bir aydan sonra ürək çatışmazlığından dünyasını dəyişir. Axı, bu xəstəlik bir aya yarana bilməz. Deməli, əsgər orduya yola salınanda bu problem olub.


Hətta sağalmaq ehtimalı olmayan I qrup əlili belə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələri əsgərliyə aparmaq istəyirlər. Şikayətçilərdən biri yazır ki, övladım doqquz yaşından Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır, onu tualetə özüm aparıram. Ancaq Arzu Rəhimovun işçiləri deyir ki, uşağı 3 ildən bir gətir...


Bu cür biabırçılıqlara nə ad verəsən..?


Yaxud orduda xeyli sayda görmə qabiliyyəti zəif olanlar var. Bu yeniyetmələr görmə qabiliyyətinin zəifliyi səbəbindən sabah erməni tərəfinə əsir düşəndə görəsən Arzu Rəhimovun kadrları nə cavab verəcək..?


Karı, koru, bədəni zəif olanları orduya göndərməklə görəsən Arzu Rəhimov plan doldurur..? Həm də nə planı..?


Ümumiyyətlə, Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin olunandan sonra qurumda baş verən qanunsuzluqlar daha da artıb. Ən böyük biabırçılıq isə Arzu Rəhimovun sürücüsü onun adından qurumun rayon şöbələrinin rəsiləri ilə apardığı "bazarlıq” olub. Hansı ki, həmin "bazarlığa” görə sürücü və qurumun Qobustan rayon şöbəsinin rəisi hazırda həbsxanadadır.


Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun sürücüsü Namiq Cəfərov və xidmətin Qobustan şöbəsinin rəisi Anar İsmayılovun həbsi mətbuatda hay-küy yaratdı. Anar İsmayılov Arzu Rəhimovun sürücüsü ilə 500 min manatlıq sövdələşmə aparmışdı.


Hətta baş verən biabırçılığı bir ay ictimaiyyətdən gizlətmişdilər. Məlumatda bildirilirdi ki, Arzu Rəhimovun sürücüsü 500 min manat qarşılığında üç hərbi komissarın vəzifədə saxlanılması məsələsini həll edirmiş. Bunlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı, Ağsu və bir də Qobustan şöbəsinin rəhbərləri idi. Rüşvətin üstü isə bu adamların təyinatlarının həyata keçirilməməsi səbəbindən açılmışdı.


Bir müddət əvvəl 4 min manatın müqabilində əsgərlikdən yayındırılan 23 nəfərin siyahısı dərc olunmuşdu.


Əslində bu biabırçılıqlar ortaya çıxanda Arzu Rəhimov vəzifəsilə vidalaşmalı idi.


Heç bir məntiqə sığmır ki, sürücü 500 min manatlıq sövdələşmə apara və bundan Arzu Rəhimovun xəbəri olmaya.


Yaxın günlərdə Arzu Rəhimovun başqa əməlləri ilə bağlı araşdırma yazısını cəmiyyətə təqdim edəcəyik.


Vidadi Zəngilanlı